Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın sosial şəbəkələrdə yayılmış çıxışı bu ölkənin gerçək mahiyyətini ifadə edir. Hələ dövlət başçısı olarkən Ter-Petrosyanın səsləndirdiyi fikirlər Ermənistanın təcavüzkar və terrorçu mahiyyətini əks etdirir.
BUTA.TV xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.
Deputat bildirib ki, tarixən Cənubi Qafqaz mühüm inkişaf perspektivinə malik, yüksək logistik üstünlüklər daşıyan coğrafiya, ən əsası isə sivilizasiyalararası inteqrasiyanın əsas mərkəzlərindən biri kimi şöhrət qazanıb:
"Amma son 200 ildə Cənubi Qafqazda baş verən hadisələr bu inkişaf meyarlarının önə keçməsinin qarşısını alıb. Bunun günahkarı isə birmənalı şəkildə uydurma “böyük Ermənistan” təxəyyülünə malik olan ermənilər, faşizmi dövlət siyasətinə çevirən Ermənistanın siyasi rəhbərləri olub. Xüsusilə, 1988-1991-ci illərdə faşizm eqoizmlərini “milli ideologiya” adı altında pərdələyərək regionu terror yuvasına çevirən Ermənistan Azərbaycan xalqına qarşı dəhşətli cinayətlərə imza atdı. Belə ki, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından, ata-baba yurdlarından zor gücünə qovuldu, deportasiyaya məruz qaldı. Qarabağın və ətrafındakı rayonların işğalı isə xalqımıza qarşı olmazın soyqırımları ilə müşayiət olundu. Qaradağlı, Başlıbel, Xocalı soyqırımları kimi faciələr əsl cinayət idi".
Millət vəkilinin sözlərinə görə, Ermənistan illərdir törətdiyi bu cinayətləri etiraf etməkdən yayınıb:
"Artıq həqiqətin önünə keçmək mümkün deyil. Real faktlar erməni faşizminin üzərindən pərdəni qaldırır və bu “dövlətin” mahiyyətini dünyaya nümayiş etdirir. Təsadüfi deyil ki, bu faktlar Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin müəlliflərindən biri sayılan dilindən etiraf olunur. Bu faşist mahiyyət, vaxtilə azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti Ermənistanın keçmiş dövlət başçısının dili ilə təsdiqlənir. Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosu da bunun göstəricisidir. Çıxışında Ter-Petrosyan etiraf edir ki, 1988-ci ilə qədər Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlı öz ev -eşiyindən didərgin salınıb. Bu fikirlər birmənalı şəkildə Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin, tarixi cinayətin etirafıdır. Ter-Petrosyan öz sözləri ilə azərbaycanlıların Ermənistandan faktiki olaraq silah gücünə qovulduğunu təsdiqləyir. Təqdim olunan video ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdikləri sistemli etnik təmizləmə siyasətini ortaya qoyur. Ermənistanın birinci prezidenti tək Qərbi Azərbaycanı deyil, Qarabağı da azərbaycanlılardan “azad ərazilərə çevirdikləri”ni deyir. Bu isə birmənalı şəkildə cinayət faktının etirafıdır.
Əslində bu, ilk fakt deyil. Ermənistan rəhbərlərinin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasəti, hətta Xocalı soyqırımı ilə bağlı fikirləri onların törətdikləri cinayətlərin faktoloji sübutudur. Məsələn, Ermənistanın ikinci prezidenti və Xocalı qətliamının iştirakçılarınan biri olan Robert Köçəryan AŞPA-nın sessiyasında Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etməsi ilə qürur duyduğunu dilə gətirmişdi. Serj Sərkisyan da Xocalı qətliamının birbaşa iştirakçısı olduğunu və dinc azərbaycanlıları qətlə yetirdiklərini etiraf etmişdi. Bütün bunlar bəşəriyyətin ən böyük faciələrindən birini törədən şəxslərin etiraflarıdır və birmənalı şəkildə cinayət tərkibi daşıyır. Onlar bu cinayətlərinə görə ədalət mühakiməsi qarşısında cavab verməlidirlər. Eyni zamanda, beynəlxalq ictimaiyyət bu etiraflar fonunda Ermənistanın gerçək mahiyyətini tanımalıdır”.
- Bakı axtarışda olan şəxsi Monakoya təhvil verdi
- Bakı Yunus Əmrə İnstitutuna yeni direktor təyin olundu
- İran generalından Azərbaycan mesajı
- Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib?
- Bakının tələbinə İrəvandan qeyri-adekvat cavab
- Azərbaycan gəmilərinin saxlanılmasının detalları məlum oldu
- İmkan vardı ki, Qarabağda yaşayan ermənilər... – Mirzoyan
- Mirzoyandan anklavlarla bağlı açıqlama: Razılaşmalar…