Donald Tramp andiçmə mərasimindən keçən qısa müddətdə elə“sürət” götürüb ki, beynəlxalq aləm Ağ Ev sahibinin hər addımından yaxşı heç nə gözləmir. Tramp və onun komanda üzvləri Ukrayna ilə bağlı faktiki Kreml sahibinin söylədiklərini təkrarlayırlar: “Krımı və Şərqi Ukrayna ərazilərini geri qaytarmaq mümkün olmayacaq”, “Ukrayna NATO üzvü olmayacaq”, “Vladimir Zelenskinin səlahiyyət müddəti bitib” və s.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Tramp birinci prezidentliyi müddətində Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığa zərər verəcək addım atmamasına baxmayaraq, budəfəki prezidentliyinin bizim üçün neçə keçəcəyi sual altındadır:
“Bu arada, ABŞ-dakı erməni lobbisi Tramp və onun ətrafındakılara davamlı məktublar göndərir, Azərbaycanı cəzalandırmağı tələb edirlər. Əlbəttə, bu məktublara fikir verməmək də olar, ancaq Trampın ətrafındakı bir sıra fiqurun yaxın keçmişdə erməni lobbisi, Ermənistan və Qarabağ separatçıları ilə bağlılığı narahatlığımız üçün əsas verir.
Prezidentin köməkçisi Hikmət Hacıyevin qısa müddətdə İsrailə ikinci səfərini Azərbaycan – ABŞ münasibətləri aspektindən də dəyərləndirmək olar. Hikmət Hacıyev budəfəki səfərində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Netahyahu Trampın bir nömrəli müttəfiqidir. Təsadüfi deyil ki, Tramp andiçmədən sonra ilk xarici qonaq kimi Netanyahunu Ağ Evə dəvət edib və onunla geniş fikir mübadiləsi aparıb. Netahyahu Azərbaycanla ABŞ arasındakı dialoqun formalaşmasında körpü rolunu oynaya bilər. Əsas odur ki, Vaşinqton Cənubi Qafqaz siyasətini doğrular üzərində müəyyənləşdirsin”.
Politoloq xatırladıb ki, Tramp Putinlə sövdələşməyə hazırlaşır:
“Bu sövdələşmə Ukraynanın zərərinə olduğu kimi, Cənubi Qafqaz üçün də təhlükələr yarada bilər. Ona görə həmin günü gözləmədən Azərbaycanla Ermənistan arasında məsələlərin qısa müddətdə həllinə ehtiyac var. Ermənistanın Baş naziri Nikol Paşinyan təhlükəni hiss edərək erməni xalqına Konstitusiyanın dəyişdirilməsi vacibliyi barədə açıqlama verib. Paşinyan nəhayət ki, sülhün əldə olunmasında əsas maneəni ortadan qaldırmağa çalışır. Real addımlar gözləyirik. Nə qədər ki, ABŞ və Rusiyanın başı Ukraynaya qarışıb, bu ikilinin Cənubi Qafqaza hər hansı formada müdaxiləsini gözləmədən Azərbaycanın tələbləri çərçivəsində sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması vacibdir”.
- İmamoğlu prezidentliyə namizədlik üçün müraciət etdi - Video
- ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin 3 mühüm səbəbi
- Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib
- Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev - Dosye
- Köhnə dollar sahiblərinə pis xəbər: Bütün risklər...
- Qara dənizdə “Natiq Əliyev” və “Beqonia S” gəmiləri toqquşdu
- AB müşahidəçiləri yenə sərhədimizdə - Video
- Sərhəddə atışma olub? - Sərkisyan çağırış etdi