ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

16:20 - 17 Sentyabr 2025 - GÜNDƏM

 ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

ABŞ-ın Azərbaycandakı səfirliyinin menecment şöbəsinin əsas xidmətlər bölməsində mənzil üzrə köməkçi vəzifəsində işləmiş Rafiq Göyüşov yarım milyondan çox dələduzluqda ittiham edilir.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin təsərrüfat şöbəsinin məsul əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Səfirlikdə 20 ilə yaxın çalışmış Rafiq Göyüşov yarım milyon manatdan artıq dələduzluqda ttiham olunur.

İstintaq materiallarına əsasən, Göyüşovun qanunsuz əməllərindən biri xaricdən gələn səfir və digər diplomatların müvəqqəti yerləşdirilməsi üçün ayrılan vəsaitlərin ələ keçirilməsi ilə bağlıdır. Məsələn, qonaq üçün günlük 200 manata kirayə mənzil tutulduğu halda, o, sənədlərdə bu məbləği 400 manat kimi göstərib. Bu və digər oxşar halların nəticəsində yarım milyondan artıq vəsait ələ keçirilib.

İttihama görə, Rafiq Göyüşov Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Turkish Red Bricks” yaşayış kompleksində diplomatik korpusun işçilərinə kirayə mənzillərin tutulması və avtomobillərin parklanması üçün əlavə ödənişlərin həyata keçirilməsinin zəruriliyini səfirliyinin aidiyyəti vəzifəli şəxslərinə bildirib, onları aldadıb. O, inam yaratmaq üçün cinayətin törədilməsinə aidiyyəti olmayan tanışı Azər Səmədovu səfirlik əməkdaşlarının yaşadığı yaşayış binalarında təsərrüfat və digər bu kimi işlərdən məsul olan şəxs kimi təqdim edib. Əldə olunan pullar Səmədovun bank hesabına köçürülüb.

R.Göyüşovun ibtidai istintaq zamanı verdiyi ifadəsində ittihamı qəbul etməyib, özünü təqsirli bilməyib.

O bildirib ki, 1997-ci ildə ABŞ-ın Azərbaycandakı səfirliyində işə qəbul olunub:

“İngilis dilində sərbəst danışıram və başa düşürəm. Səfirlikdən əvvəl 1995-1997-ci illərdə Azərbaycanın Mərkəzi Bankında təsərrüfat şöbəsinin rəis müavini vəzifəsində işləmişəm. Səfirlikdə əvvəlcə səfir sürücüsü, 2001-ci ildən 2018-ci ilin may ayına kimi ümumi xidmətlər şöbəsində evlər üzrə köməkçi vəzifəsində çalışmışam. ABŞ Dövlət Departamentinin qaydalarına əsasən, 20 il qüsursuz xidmət etmiş əməkdaşa xüsusi emiqrant vizası verilir və həmin viza əsasında ABŞ-dəa yaşamaq mümkündür. 20 il işlədiyimdən hamin viza hüququnu əldə etdikdən sonra öz arzum ilə səfirlikdən işdən çıxdım. İşdən çıxanda səfirlik mənə 69.000 dollar məbləğində birdəfəlik ödəniş etdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, onun əmək funksiyaları ABŞ səfirliyinin əməkdaşları üçün kirayə mənzillər tapmaq, həmin mənzillərlə əlaqədar köməkçi işləri həyata keçirməkdən ibarət olub:

"Əməkdaşlar üçün Nəsimi rayonu, S. Vurğun küçəsində yerləşən “Turkish Red Bricks” yaşayış kompleksində təxminən 10-15 arası mənzil tapdım. Mənzil sahibləri ilə səfirlik arasında müqavilə bağlandı, kirayə pulu mənzil sahibinin hesabına köçürüldü”.

Rafiq Göyüşov deyib ki, işdə adı keçən Azər Səmədov onun uşaqlıq dostudur:

“Azərlə aramızda dostluq əlaqələri var. ABŞ səfirliyindən mənə çatası pul vəsaitlərinin onun bank hesabına köçürülməsini xahiş etdim. Azər də etiraz eləmədi. Müəyyən məbləğdə pul qazanmaq üçün Azər Səmədovu “Turkish Red Bricks” yaşayış kompleksində əməkdaşı kimi təqdim etdim və bildirdim ki, ABŞ səfirliyinin əməkdaşlarının yaşadığı mənzillərin cari xərcləri və parklanma pulu üçün Azərin hesabına müəyyən ödənişlər həyata keçirilməlidir.

ABŞ səfirliyinin ən etibarlı əməkdaşlarından biri olmuşam. Səfirlikdə qüsursuz xidmətimə görə təltif də edilmişəm. Həmin zaman səfirliyin şöbə rəisi Robert Sarofen də qeyd edib ki, dünyada belə bir praktika var, pul vəsaiti işçilərin qaldığı mənzillərə uyğun ayrılır. Şöbə rəisi həmin ərəfədə səfirliyin əməkdaşları yaşayan ünvanda narahatçılıq keçirməsinlər deyə cari xərclər üçün Azərin hesabına pul köçürməyə razılıq verdi və bununla bağlı ikitərəfli razılaşma bağlandı. Beləcə, 2010-cu ildən 2018-ci ilin fevral ayınadək olan müddətdə hissə-hissə Azərin kart hesabına pul vəsaitləri köçürüldü.

Vəsaitlər ABŞ-ın Regional Maliyyə Mərkəzindən, yəni Bankok şəhərindən köçürüldü. Azər həmin pulu bankomat vasitəsi ilə ABŞ dolları valyutası ilə çıxararaq mənə təqdim etdi. Bu işə görə Azərə pul verməmişəm. Dost kimi bir neçə dəfə Azərə müəyyən maliyyə yardımı etmişəm. Lakin sırf bu işə görə ona ödəniş etməmişəm.

Azər ABŞ səfirliyi əməkdaşlarının yaşadığı evdə çalışmayıb. Parklanma pulu da kirayə puluna daxildir. Həmin xərcləri iki yerə, yəni parklanma və cari xərcə bölmüşəm ki, pul çox görsənməsin. Cari xərclər adı ilə aldığım puldan parklanma xərci ödəməmişəm.

Bəzi hallarda ABŞ səfirliyinin əməkdaşının yaşadığı mənzildə müəyyən bir əşya, misal üçün, kombi xarab olduqda əldə etdiyim puldan tələb olunan xərcləri ödəmişəm. Ancaq həmin xərclərlə bağlı hər hansı qəbz yoxdur”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, ABŞ səfirliyinin şikayətindən sonra araşdırmaya çağırıldıqda səfirliyə gedib və aidiyyəti əməkdaşlarla görüşüb, orada da ona eyni sualı veriblər: “Orada da bildirdim ki, xərclədiyim pula dair qəbz təqdim edə bilmirəm. Aylıq hər mənzilə görə parklanma xərci 200 ABŞ dolları, cari xərc 300 ABŞ dolları təşkil edib. Pul vəsaitləri hər mənzilə görə əsasən illik ödənilib, yəni Azərin hesabına pul vəsaitləri illik xərc şəklində hesablanaraq köçürülüb”.

Rafiq Göyüşov deyib ki, 14 yaşlı oğlu Raul “Turetto sindiromu” xəstəliyindən əziyyət çəkir, ələ keçirdiyi pul vəsaitərindən onun müalicə xərclərinə sərf edib:

“Bu məqsədlə Ankara və Moskva şəhərində olmuşam. 8 yaşlı oğlan nəvəm “musud” adlı nadir xəstəlikdən əziyyət çəkir”.

Təqsirləndirilən şəxs bildirib ki, 2023-cü ilin fevral ayında ABŞ-ın Bakı şəhərində yerləşən səfirliyinə gedib və orada Cənubi Karolina ştatında onlayn qaydada məhkəmə aparılıb: “Orada əmlakımı satdığımı və 128000 ABŞ dolları əldə etdiyimi bildirmişəm. Məhkəmə çəkişmələrinin uzanmasının qarşısını almaq məqsədilə ABŞ mənimlə razılaşdı və aramızda razılıq sazişi bağlandı. Sazişə əsasən mənə qarşı irəli sürülmüş maddi ziyandan imtina edildi. Mən isə 128000 ABŞ dolları məbləğində pul vəsaitini ödədim”.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə baxılır.

Rafiq Göyüşova Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində məhkəməyə qədər polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində istintaq edilib.

Qeyd edək ki, Rafiq Göyüşov dəymiş ziyanı ödəməyib. Təqsirli bilinərsə, onu 10 ildən 14 ilədək həbs cəzası gözləyir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol