Trenajor zalları sağlamlığın düşmənidir - Məşhur loğman

10:28 - 3 Oktyabr 2025 - GÜNDƏM

 Trenajor zalları sağlamlığın düşmənidir - Məşhur loğman

Əməkdar artist Cabir İmanovun trenajor zalında qəfil ürəktutmasından ölməsi ətrafında müzakirələr davam edir.

BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, tanınmış loğman - sağlam qidalanma üzrə mütəxəssis Ərşad Əzimzadə də hadisəyə münasibət bildirib.

O deyib ki, bu hadisə bir neçə vacib məqamı önə çıxarıb:

“Məlum olduğu kimi, ölkəmizdə, ələlxüsus da Bakıda trenajor zallarının sayı kosmik sürətlə artır. Onları açan səriştəsiz işbazlar insanların sağlamlığını qorumaq məqsədi güdmür, yeganə məqsəd pul qazanmaqdır. Canlı orqanın funksiyası və tələbatı haqqında heç bir anlayışı olmayan cavanlar, artıq çəkili qadınlar və kişilər sağlam həyat tərzi yolunu tutmaq əvəzinə, asan üsulla öz qüsurlarını həll etməyə, “formada qalmağa”, yaxud gözə çarpan zahiri görkəm əldə etməyə çalışırlar. Nəticəsi də bütün hallarda uğursuz olur”.

Ə.Əzimzadənin sözlərinə görə, göbələk kimi artan trenajor zallarına axın AZərbaycan cəmiyyətində səhiyyə və qida mədəniyyətinin aşağa səviyyədə olmasına, ölkədə maarifləndirmə işinin aparılmadığına dəlalət edir.

“Halbuki elmə çoxdan bəllidir ki, idmanın bütün növləri sağlamlığın qənimidir. Hamımızın gözü qabağında meydanda yıxılıb ölən, yaxud infarkt keçirən gənc futbulçular, idmanla intensiv məşğul olan adamların az yaşaması bunun qaçılmaz nəticəsidir. İnsanda sinir gücü deyil, əzələ gücü yaradan bütün idman növləri, həmçinin “əzələ kaçat edən” trenajor zalları sağlamlığın düşmənidir”, - Ə.Əzimzadə vurğulayıb.

O bildirib ki, dünyanın tanınmış naturopat alimləri bütün hərəkətləri iki qismə bölüblər: faydalı və zərərli hərəkətlər:

“Ağırlıq qaldırmaq, qaçış, güləş, qaydasız döyüşlər, boks, futbol və idmanın digər növləri daxili orqanlara, ələlxüsus da ürəyə güclü zərbə vurur, ömrü gödəldir. Trenajor zalında olan qurğular da sağlamlığa zərrə qədər də olsun xidmət etmir, xəstəliklərin qarşısını ala, xəstəni sağalda bilmir. Bədənə yaxşı forma verən bu hərəkət növü, təkrar edirəm, ürəyin qənimidir.

Bizə əzələ gücü yaradan idman yox, insana həm yaraşıq verən, həm də onun sağlamlığını qoruyan, bunu itirdikdə isə bərpa edən bədən tərbiyəsi lazımdır. Bədən tərbiyəsinə daxil olan hərəkət növləri kifayət qədərdir. Onların şahı - hər səhər iti addımlarla 8-10 kilometr məsafəni açıq havada qət etmək və dahi yapon alimi Katsudzo Nişinin tövsiyə etdiyi gözəlləşdirici və saflaşdırıcı təmrinləridir. Onlar sağlamlara da lazımdır, eyni zamanda, xəstələrə də, cavanlara da, ahıllara da. Başlamaq heç vaxt gec deyil.

Əlbəttə, adam birdən-birə o boyda məsafəni qət edə bilməz. Ələlxüsus da xəstələr və ahıl adamlar. Ona görə də minumum məsafədən, məsələn, 1 kilometirdən başlamaq və onu tədricən artırmaq lazımdır. Ürəyin evini yıxan qaçışdan fərqli olaraq, iti addımlarla yerimək, həm fəqərə sütununu şux vəziyyətə salır, həm dərini gözəlləşdirir, həm də ürəyin və ağ ciyərin fəaliyyətini gücləndirir, əzələləri, damarları, vətərləri, sümükləri möhkəm və elastik edir.

Eyni fikri üzgüçülük haqqında da demək olar. Üzgüçülük də adamı həm yaraşıqlı edir, həm dərini gözəlləşdirir, həm də əzələləri, daxili orqanları möhkəmlədir. Gimnastika, voleybol və tennis oynamaq da faydalı hərəkət növləridir”.

Ə.Əzimzadə deyib ki, bədən tərbiyəsinə daxil olan hərəkətlər həm də sağlamlıq üçün çox önəmli olan bir vacib balansı qoruyub saxlayır. Söhbət daxil olan enerji (qida) çıxan enerjinin (hərəkət) balansından gedir.

“Bu balansı pozan adamların, ələlxüsus da qidada ancaq ləzzət axtaran qarınquluların bədənini ət basır. Artıq ət daxili orqanların ərazisini daraldır, onların funksiyasını pozur. Onlar xilas yolunu trenajor zallarında axtarırlar. Tapa bilmirlər. Xilas yolu – bədən tərbiyəsidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol