Məlum olduğu kimi, bir müddət əvvəl Ağ Ev ABŞ-nin Azərbaycandakı yeni səfiri postuna Aleksandr Aldenin namizədliyini irəli sürüb.
“BUTA.TV” Musavat.com-a istinadən xəbər verir ki, yeni səfirin namizədliyi ətrafında müzakirələr başlayıb.
Belə ki, “Ermənistanın səsi” nəşri onun ermənikökənli olduğunu iddia edib. Aldenin valideynlərinin Amerikaya qaçan sovet siyasi mühacirləri olduğu deyilir.
Xatırladaq ki, Bakıdakı səfir postu 2024-cü ilin dekabrında Mark Libbinin ağır xəstəliyi səbəbindən ölkəmizdən getməsindən sonra boşdur. Nəşr bu xüsusda yazıb: “Ağ Ev iki əsas səbəbdən yeni səfir tapmaqda çətinlik çəkirdi. Birincisi, İran böhranı planları pozmuşdu. Azərbaycanın da daxil olduğu regiondakı mürəkkəb vəziyyət ABŞ administrasiyasının Bakıya qarşı strategiyasını effektiv şəkildə həyata keçirmək üçün optimal namizədi tez bir zamanda seçməsinə mane oldu. İkincisi, Trampın ikinci müddəti ərzində təxminən 2000 yüksəkixtisaslı işçi ABŞ diplomatik xidmətindən istefa verdi və ya yeni rəhbərlik tərəfindən işdən çıxarıldı. Bu səbəbdən 100-dən çox ölkədə ABŞ-nin səfirlik vəzifələri boş qalır. Onların arasında Azərbaycan və Ermənistan da var”.
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
Erməni KİV-i Aldenin Senatda təsdiqlənəcəyinə şübhə etmir: “Bu diplomat maraqlı fiqurdur. Nisbətən gənc yaşına baxmayaraq, diplomatik, hərbi analitik və texnoloji sahələrdə geniş təcrübəyə malikdir. Aleksandr Alden Pentaqonda müdafiə katibinin nüvə üzrə xüsusi köməkçisi vəzifəsində çalışıb. O həmçinin Milli Təhlükəsizlik Şurasında (MTŞ) çalışıb və direktor kimi müdafiə siyasəti və strategiyasına, eləcə də qabaqcıl texnologiyalara nəzarət edib. Dövlət Departamentində Alden Avropa və Asiya ölkələri ilə münasibətlərə diqqət yetirib və xüsusilə Çinə qarşı mübarizə strategiyasının hazırlanmasında iştirak edib. O həmçinin dövlət katibinin köməkçisi vəzifəsində çalışıb. Alden eyni zamanda bir neçə müstəqil Amerika mənbəyinə görə, İsraillə sıx əlaqələri olan böyük İT şirkəti olan “Palantir Technologies” ilə əməkdaşlıq edib”.
Qəzetin qənaətincə, etnik mənsubiyyət heç nə demək deyil: “Alden ilk növbədə və yalnız təmsil etdiyi ölkənin maraqlarını rəhbər tutan amerikalı mütəxəssis, diplomat və məmurdur”.
Bütün hallarda, ABŞ-nin göndərəcəyi səfirin ermənikökənli olması Bakı üçün işğal dönəmindəki qədər önəm kəsb edirmi?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Azərbaycanla ABŞ arasında münasibətlərin inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, müstəqillik illərində heç zaman olmadığı qədər əlaqələr yüksəlişdədir. Ç.Qənizadə hesab etmir ki, namizədliyi irəli sürülən səfirin şəcərəsi və ya etnik mənsubiyyəti Bakı-Vaşinqton əlaqələrinə mənfi təsir göstərə bilər. Onun fikrincə, söhbət bir diplomatdan gedir: “Onun missiyası vətəndaşı olduğu dövlətə xidmət etməkdir. Hətta etnik kimliyi erməni olsa belə, o demək deyil ki, mənsub olduğu xalqın maraqlarını ifadə edəcək. Səfirin vəzifəsi ölkəsini və maraqlarını təmsil etməkdir. Hərçənd Senat onun namizədliyinə cavab verməyib. Əlbəttə ki, burada aqreman da vacibdir. Yəni Azərbaycan dövləti həmin namizədlə bağlı rəy verməlidir”.
Bundan əlavə, Ç.Qənizadəyə görə, səfir təyinatında həmişə erməni tərəfi əngəl olmağa çalışıb. Sabiq səfir Metyu Brayzanı yada salan komitə sədrinin fikrincə, ABŞ-dəki erməni lobbisi belə məsələlərdə təsir göstərməyə çalışır: “Brayzanın təyinatının təsdiq olunması uzun vaxt almışdı. Erməni lobbisi onun Azərbaycana səfir gəlməsinə mane olurdu. İndi isə yeni vəziyyət yaranıb. Əgər səfir postuna namizəd etnik mənsubiyyətinə görə ermənidirsə, bu, Azərbaycan üçün az əhəmiyyət kəsb edəcək. Çünki ümdə gələn məsələ ABŞ ilə münasibətlərin inkişafıdır. İki ölkə arasında strateji tərəfdaşlıq var, xartiya imzalanıb, Cənubi Qafqazda sülhün dayanıqlı olmasına ABŞ hökuməti dəstək verir və belə şəraitdə səfirin etnik kimliyi nəyisə dəyişmir. Çünki Tramp Azərbaycan rəhbərliyinə böyük hörmət bəsləyir və qarşıda vacib layihələr var”.
- Xızı–Altıağac yolu çökdü: AAYDA-dan reaksiya - Video
- Xocavənd sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirildi
- Xanım deputatımızın bu çıxışı tənqid edildi - Video
- Bu həftə ardıcıl 3 gün iş olmayacaq
- Bakı-Ağstafa-Bakı qatarına əlavə reyslər təyin edildi
- Ələsgər Məmmədliyə 15 il həbs tələb edildi
- Toplum TV işi üzrə təqsirləndirilənlərə cəza istənildi
- Sabahın havası: Yağış, 33 dərəcə isti...