Azərbaycanda həbsdə olan Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derrazın cəzası azaldılıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, Anass Derrazın apellyasiya şikayəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Yeni qərara əsasən, onun cəzası 12 ildən 9 ilə endirilib.
İttihama görə, Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzməyini təmin edəcəklərini bildiriblər. Bundan başqa, tərəflər Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağı vədini veriblər.
Ümumilikdə, onlar arasında 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.
İstintaq sənədlərinə görə, 15 noyabr 2018-ci ildə 600 min ABŞ dollarını, gəminin üzərindən həbs götürüldükdən sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar. Hər iki tərəf arasında məsləhət müqaviləsi imzalanıb.
F.Əhmədov Anass Derrazın “AL HILAL BANK”dakı hesabına 200 min dollar və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”dakı hesabına 400 min dollar köçürüb.
Anass Derraz Benallanın Fərhad Əhmədovdan rüşvət almasına kömək etməkdə ittiham olunur.
Qeyd edək ki, A. Derraz 1984-cü ildə Mərakeşdə anadan olub, Fransa Respublikasının və Mərakeş Krallığının vətəndaşıdır. O, “SAUR” şirkətinin vitse-prezidentidir. Şirkət Dubayda qeydiyyatdan keçib.
DTX tərəfindən Anass Derraza qarşı AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) - külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə, Anass Derraz 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.
A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət olunub.
İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək, onu 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.
İnterpolun Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbərini “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur.
A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.
- AAYDA-da qalmaqallı yoxlamalar: Keçmiş rəhbərliyin qanunsuzluqları...
- Bakıda taksi xidməti kəskin bahalaşdı
- Emin Xəzərin Dağıstan sahillərində otel tikmək istəyir
- Eks-məmur kommunal pulunu ödəmədi - Dava düşdü
- İrandan 32 kq narkotik keçirilməsinin qarşısı alındı - Foto
- Qaraşova sui-qəsd hazırlayan şəxs barəsində qərar
- Qızıl kreditini bu banka gətirənlərə endirim var
- ADU ilk dəfə RUR beynəlxalq reytinqində yer aldı