Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj

20:20 - 10 İyun 2026 - GÜNDƏM

 Gəlinə 40 kilo qızıl taxıb dözümünü sınayırlar - “Eşq şəhəri”ndən reportaj

Buranı kimisi “Eşq şəhəri”, kimisi də “Ağ şəhər” adlandırır. 

İyunun 4-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərini işıqlandırmaq üçün “BUTA.TV”nun əməkdaşı olaraq Aşqabada yollandım.

Açığı, Türkmənistana gediş-gəliş vizalı olduğu üçün səfər etməyə fürsət tapmamışdım deyə, şəhər haqda təsəvvürlərim daha çox internetdə gördüyüm videolar və oxuduğum məlumatlarla formalaşmışdı. 

Geniş prospektlər, sərt qaydalar və qapalı həyat tərzi barədə deyilənlər marağımı artırırdı. Buna görə də səfər başlamazdan əvvəl ən çox maraqlandığım sual ölkənin gündəlik həyatının necə olması idi.

Hələ Bakıda olarkən çamadanıma qoyacağım geyimləri seçərkən də çalışdım ki, onların həyat tərzinə uyğun olsun. 

Cəmi bir saat 30 dəqiqəyə artıq Aşqabadda idik. Müasir hava limanında bizim böyük nümayəndə heyətimizdən başqa demək olar ki, heç bir turist nəzərə çarpmırdı. İlk ağlıma gələn fikir bu oldu: “Deyəsən, bu səssiz şəhərə özümüzlə Bakı səs-küyü gətirmişik”.

Hava limanından şəhərə doğru irəlilədikcə ağ mərmərlə üzlənmiş nəhəng binalar, enli yollar və səliqəli küçələr görünürdü. Bir müddət sonra məndə elə təəssürat yarandı ki, sanki şəhər yenicə tikilib və sakinlərin köçünü gözləyir.

Küçələrdə avtomobillər olsa da, insanlara çox az rast gəlirdik. Bu mənzərə Bakının gur küçələrinə öyrəşmiş biri kimi mənə qeyri-adi görünürdü. Ağ üzlüklü binalar yaşıl dam örtüyü ilə bir nizam yaradıb. 

Səfərdən əvvəl Aşqabadı daha canlı təsəvvür edirdim. Amma şəhərin sakitliyi məni təəccübləndirdi. İnsanları daha çox axşam saatlarında görmək mümkün olurdu. Gün ərzində isə geniş prospektlərdə sakitlik hökm sürürdü.

Bu sakitlik ilk günlərdə qəribə gəlsə də, sonradan şəhərin ümumi atmosferinin bir hissəsi kimi qəbul etməyə başlayıram...

Dörd gün ərzində iştirak etdiyim konsertlər, sərgilər, film nümayişləri və muzey ziyarətləri ilə yanaşı, türkmənlərin gündəlik həyatı, adət-ənənələri və insanları barəsində də maraqlı müşahidələr aparmaq imkanı qazanıram.

İlk günlərdən diqqətimi çəkən məqamlardan biri insanların milli kimliklərinə bağlılığı oldu. Küçələrdə tez-tez milli geyimdə olan qadınlara rast gəlirdim. Xüsusilə türkmən qızlarının rəngarəng donları diqqətimi çəkir.

Maraqlıdır ki, bu geyimlər yalnız xüsusi günlərdə deyil, gündəlik həyatda da istifadə olunur.

Türkmən qonaqpərvərliyini isə səfərin ilk anlarından hiss edirik. Əllərində çiçəklər və milli şirniyyatlarla bizi qarşılayan bu xanımlar ev sahiblərinin ürəyiaçıqlığından xəbər verir.

Sonrakı günlərdə iştirak etdiyimiz tədbirlərdə də qonaqlara xüsusi diqqət göstərilirdi. Süfrələrdə yaşıl və qara çay, samsa, pişi, quru meyvələr və müxtəlif şirniyyatlar yer alırdı. Çay mədəniyyətinin burada xüsusi yer tutduğu açıq görünürdü. Onlar çayı adətən kiçik piyalələrdə təqdim edirlər. Bu ənənə mənə Azərbaycan qonaqpərvərliyini xatırlatdı.

Yerli jurnalist həmkarım Şamuxammed Elyasovla söhbət zamanı türkmən ailə ənənələri barədə də maraqlı məlumatlar öyrəndim. Onun sözlərinə görə, burada toy sadəcə bir gün davam edən mərasim deyil, uzun müddəti əhatə edən prosesdir. Gənclər ailə qurmazdan əvvəl bir neçə il hazırlıq görür, ev və məişətlə bağlı məsələləri həll edirlər. Daha sonra müxtəlif mərasimlər keçirilir və ailələr bu dövrə böyük önəm verirlər.

Evlilikdə məcburiyyət əsla yoxdur, erkən evlilik də xoş qarşılanmır. Maraqlı ənənələrdən biri də gəlinlə bağlıdır.

Belə ki, gəlin köçdükdən sonra qadın 40 gün ərzində bütün zinət əşyalarını üzərində daşıyır və qonaq getdiyi evlərə də həmin bəzəklərlə gedir. Bu zinət əşyalarının ümumi çəkisi 40 kiloqrama qədərdir və adətən qızıl və gümüşdən ibarət olur. Bu, dözümlülük və səbr rəmzi kimi qiymətləndirilir.

Geyim və ümumi görünüş baxımından isə qadınlar adətən daha sadə və təbii üsluba üstünlük verirlər. Makiyajdan az istifadə olunur və daha konservativ geyim tərzi müşahidə edilir. Üzlərində heç bir prosedur olmayan bu gözəl qızların saçları uzun, özləri isə çox incədirlər. 

Yas mərasimləri də Türkmənistanda geniş şəkildə keçirilir. İnsanlar belə günlərdə ailəni tək qoymamağa çalışır, mərasimlərə kütləvi şəkildə qatılırlar.

Həmsöhbətlərimin dediyinə görə, həm toyda verilən hədiyyələr, həm də yas mərasimlərindəki maddi dəstək könüllülük prinsipi əsasında həyata keçirilir və burada qarşılıq gözləntisi əsas amil hesab olunmur.

Türkmən Milli Xalça Muzeyinə və Dövlət Muzeyinə səfərlər də yadda qalan anlardan oldu. Xüsusilə Ginnesin Rekordlar Kitabına düşən nəhəng türkmən xalçasını canlı görmək maraqlı idi. Sözügedən xalçanın çəkisi 1 ton 200 kq-dır. Xalça 2001-ci ildə toxunub, 2003-də isə Ginnesin Rekordlar Kitabına düşüb. Xalça 301m²-dir və 40 nəfərin əl əməyidir. Onu da qeyd edim ki, Türkmənistanda əl əməyinə böyük önəm verilir. Elə gənc qızlar da toydan öncə öz cehizlərində yer alan bəzi əşyalarını əldə hazırlayırlar. 

Ümumiyyətlə, muzeylərdə nümayiş etdirilən eksponatlar ölkənin öz tarixinə və mədəni irsinə verdiyi önəmi aydın şəkildə göstərirdi.

Dörd günlük səfərin sonunda məndə belə bir təəssürat formalaşdı ki, Türkmənistan müasir şəhərsalma ilə ənənəvi həyat tərzini paralel şəkildə qorumağa çalışan ölkədir. Geniş prospektlər, yeni tikililər və müasir infrastruktur fonunda insanların öz adətlərinə, milli geyimlərinə və ailə dəyərlərinə bağlı qalması diqqət çəkir. Bu səfər mənə Türkmənistanı daha yaxından tanımaq və əvvəldən formalaşmış bəzi təsəvvürlərə yenidən baxmaq imkanı verdi.

Şəhərin nizam-intizamı, səliqə ilə salınmış yaşıllıq zolaqları və baxımlı ictimai məkanlar ümumi görünüşlə ahəng içərisindədir.

Küçələrdə təsadüfi tullantılara və ya dağınıqlığa rast gəlmədim. Hətta şəhərdə gəzərkən xırda detallara da fikir verməyə başlayırdım. Məsələn, bizdə küçələrin ayrılmaz hissəsi olan kanalizasiya quyuları demək olar ki, gözə dəymir. Bunun əvəzinə, yolların kənarında su axınının tənzimlənməsi üçün nəzərdə tutulmuş xəndəklər qazılıb.

İlk baxışda adi görünən bu detal mənə şəhər infrastrukturunun fərqli yanaşma ilə qurulduğunu düşündürdü. Şəhərin havası çox təmiz idi. 

Şəhər nəqliyyatında da müəyyən fərqlər diqqətimi çəkdi.

Aşqabadda metro sistemi yoxdur. Buna baxmayaraq, ictimai nəqliyyatın işində ciddi problem hiss olunmurdu. Avtobuslar müntəzəm hərəkət edir, küçələrdə taksilərə tez-tez rast gəlinirdi. Geniş prospektlər, az tıxac və nizamlı hərəkət şəhərdə nəqliyyatın rahat təşkil olunduğu təəssüratı yaradır. Bundan əlavə, yerüstü qatarlar da mövcuddur. 

Yerli sakinlərlə ünsiyyət zamanı diqqətimi çəkən məqamlardan biri onların təmkinli və sakit danışıq tərzi oldu. İnsanlar qonaqlara qarşı nəzakətli davranır, eyni zamanda müəyyən məsafəni də qoruyurlar.

Burada 8 övladı olan anaya ev, yaxud da avtomobil hədiyyə olunur. “Kirayə” sözü isə onlara tamamilə yad olduğu üçün hamı ev sahibi olmağa can atır.

Türkmənistanda əhali əsasən türkmən, rus və türk dillərində danışır. Yerli sakinlərlə ünsiyyət zamanı mən daha çox türk dilindən istifadə edirdim və bu, qarşılıqlı anlaşmanı asanlaşdırırdı.

Yerli mətbəx demək olar ki, bizimkinə bənzəyir, lakin yeməklər daha yağlı hazırlanır.

Ölkədə rəsmi valyuta Türkmənistan manatıdır (TMT). 1 manatın dəyəri təxminən 50 qəpik civarındadır.

İyun ayı olmasına baxmayaraq, günorta saatlarında havanın istiliyi 42 dərəcəyə qədər hiss olunur. 

Axşam saatlarında şəhər tamam başqa görkəm alır. Ağ mərmər binaların işıqlandırılması Aşqabada xüsusi görünüş verir. Şəhərin gündüz sakit olan küçələri gecələr daha canlı görünür.

Tədbirlər arasında tapdığımız vaxtda bazara da baş çəkdik. Burada demək olar ki, istədiyin hər şeyi tapmaq mümkündür, qiymətlər isə kifayət qədər münasibdir. Satıcılar mehriban və gülərüzdür. Müştərini əsla narazı yola salmırlar. Ümumilikdə bazarda qarşılıqlı etibar hiss olunur; insanlar arasında aldatma halları demək olar ki, yoxdur və bu cür hallara qarşı da ciddi münasibət var.

Səfərdən əvvəl Türkmənistan haqqında formalaşdırdığım təsəvvürlərlə gördüklərim tam üst-üstə düşmədi. Bəzi məqamlarda gözlədiyimdən fərqli mənzərə ilə qarşılaşdım və bu da səfəri mənim üçün daha maraqlı etdi.

Onu da qeyd edim ki, səfərimiz zamanı Arkadağ şəhərində də olduq. Bura yeni salınmış şəhərdir. Aşqabaddan fərqli olaraq burada küçələrdə çiçək kollarına rast gəlmək olurdu.

Bu şəhərin ümumi ab-havası mənə Cəbrayılı xatırlatdı. 

Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qatıldığımız tədbirlər isə iki ölkə arasındakı mədəni yaxınlığı hiss etməyə imkan verdi. Konsert salonlarında Azərbaycan musiqisinə göstərilən maraq, sərgilərdəki ziyarətçilərin sualları və filmlərin nümayişinə olan diqqət türkmənlərin Azərbaycan mədəniyyətinə nə qədər yaxın olduqlarını göstərirdi.

Dörd günün sonunda Aşqabaddan ayrılarkən düşündüm ki, Türkmənistan haqqında eşitdiklərimlə gördüklərim arasında müəyyən fərqlər var. Bu səfər mənə ölkəni xəbərlərdən və videolardan deyil, birbaşa müşahidələrim vasitəsilə tanımaq imkanı verdi. Bəzən bir ölkəni anlamaq üçün onun küçələrində gəzmək, insanları ilə söhbət etmək və gündəlik həyatını izləmək kifayət edir.

Aşqabadla vidalaşarkən ağ mərmər binalar günəş işığında sanki daha da parlayırdı. Sakit küçələr, geniş prospektlər və öz ritmində axan şəhər geridə qalırdı. 

Əlvida, ağappaq, parlaq “Eşq şəhəri”… Bu səfər yaddaşımda uzun müddət qalacaq.

Lamiyə Məmmədova 





















Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol