Yağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq

08:27 - 20 Avqust 2026 - DÜNYA

 Yağışlar gecikəcək - Amma daha dağıdıcı olacaq

Qlobal istiləşmə tropik bölgələrdə güclü fırtınaların vaxtını dəyişməklə yanaşı, onların daha dağıdıcı olmasına da səbəb ola bilər.

BUTA.TV” xəbər verir ki, “Nature Geoscience” jurnalında dərc olunan yeni araşdırmaya görə, iqlim dəyişikliyi tropik bölgələrdə yağışlı mövsümün başlanmasını 10-15 gün gecikdirə, eyni zamanda, fırtınaların gətirdiyi yağıntının intensivliyini 38-45 faiz artıra bilər.

Tədqiqatçılar yüksək dəqiqlikli iqlim modellərindən istifadə edərək yüzlərlə kilometr əraziyə yayılan və saatlarla davam edə bilən “orta miqyaslı konvektiv sistemləri” (MCS) araşdırıblar.

Bu nəhəng fırtına sistemləri tropik bölgələrdə ümumi yağıntının yarıdan çoxunu formalaşdırır və qəfil daşqınların əsas səbəblərindən biri hesab olunur.

Araşdırmanın nəticələri göstərir ki, planet istiləşdikcə atmosferin daha çox enerji toplaması və qlobal hava dövranının yavaşlaması yağış mövsümünün başlanmasını gecikdirə bilər. Lakin gecikmə atmosferdə daha çox enerjinin toplanmasına səbəb olur. Nəticədə fırtınalar başladıqda daha qısa müddətdə daha güclü yağış yağması mümkündür. Alimlər yağıntının intensivliyinin bəzi ssenarilərdə 38-45 faiz arta biləcəyini hesablayıblar.

Yağış mövsümünün vaxtı tropik ölkələrdə əkin və məhsul yığımının planlaşdırılması, su ehtiyatlarının idarə olunması və daşqın risklərinin qiymətləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Yağıntıların daha qısa müddətdə və daha intensiv düşməsi isə qəfil daşqınların riskini artıra bilər. Bu dəyişiklik xüsusilə sıx məskunlaşmış və kənd təsərrüfatından asılı olan ərazilər üçün ciddi nəticələr yarada bilər.

Bildirilir ki, iqlim dəyişikliyinin fırtınaların mövsümi davranışına təsirinin daha yaxşı öyrənilməsi gələcəkdə erkən xəbərdarlıq sistemlərinin, kənd təsərrüfatı planlarının və su idarəçiliyi strategiyalarının yenilənməsi üçün vacibdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol