Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin dünən Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz həbs olunduğunu iddia edir.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Ramil Rüstəmov özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
Qeyd edilib ki, həbs olunan şəxsin qohumları bildiriblər ki, ona şöbədə işgəncə verilib:
“40 dəqiqədən çoxdur ki, vəkil orderimi və vəsiqələrimi müstəntiqə təqdim etməyimə baxmayaraq hüquqlarını müdafiə etdiyim şəxslə görüş hüququmuz təmin olunmur. Müstəntiq deyir prokuror icazə vermir. DİN-in “102” Çağrı Mərkəzi və Baş Prokurorluğun “961“ qaynar xəttinə şikayətlər etmişəm. Hələ də xəbər yoxdur.
Prezident Administrasiyasının qaynar xəttini götürən yoxdur. Vəkilin və təqsirləndirilən şəxsin Avropa İnsan Hüquqları Konvensiyasının 6, Konstitusiyanın 61, Cinayət prosessual Məcəllənin 91, 92-ci maddələrinin tələblərini pozurlar. Hesab edirəm ki işgəncə faktı olduğuna görə görüş vermirlər, hansısa qabaqlayıcı tədbir görməyə çalışırlar.
Hüququmuzun təmin olunması üçün dərdimizi kimə deyək bilmirəm. Biabırçılıqdır. Bu ölkədə vəkil pozulan hüquqları ilə aidiyyəti qurumlara şikayət verir, baxan ,yoxdursa demək insanlar çarəsiz duruma salınıblar. Hüquq islahatından söhbət gedə bilməz. Növbəti dəfə “102” Çağrı Mərkəzinə yığdım. Bir onu deyirlər ki, qeydiyyata almışıq, gözləyin. Çarəsiz duruma salınmışıq”.
İrəli sürülən iddialarla bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Şirvan şəhər sakini Elgün Quliyev narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi şübhəli bilindiyi üçün yanvarın 18-də şəhər ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib:
“Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan 3 qramdan artıq narkotik maddə olan heroin götürülüb. Faktla bağlı E.Quliyev barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. E.Quliyevə qarşı polis şöbəsində hər hansı bir işgəncə verilməsi ilə bağlı qeyd edilən iddialar isə həqiqətdən uzaq və böhtan xarakterlidir. Bundan əlavə vəkil R.Rüstəmovun vəkil orderinin müstəntiq tərəfindən qəbul edilməməsi ilə bağlı qeyd etdiyi iddialar da həqiqətdən uzaqdır.
Belə ki, vəkil polis şöbəsinə order təqdim edən zaman müstəntiq saxlanılan E.Quliyevin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün sonuncu ilə birlikdə aidiyyəti üzrə şəhər prokurorluğuna, daha sonra isə şəhər məhkəməsinə yollanıblar. Bu zaman vəkil R.Rüstəmova keçirilən proseslərdə iştirak edə biləcəyi, məhkəmə prosesindən sonra isə hüquqlarını müdafiə etdiyi şəxslə görüşə biləcəyi izah olunub”.
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək
- “Embawood”un şöbə rəisi arvadını öldürmüşdü - 1 il həbs verildi