Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyi qurumun birinci katibi, xalq yazıçısı Çingiz Abdullayevin ATV-nin “Xəbərin olsun” verilişinin canlı yayımında təhqir olunması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: “Bu il noyabrın 13-də ATV-nin "Xəbərin olsun" verilişinin canlı yayımında məşhur yazıçımız, Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev aparıcı Kubra Məhərrəmova tərəfindən təhqir olunub. Onun sözlərini təkrar etməyi ayıb sayırıq. Hesab edirik ki, məlum telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır. Azərbaycan Respublikası Audiovizual Şurası da öz növbəsində bu süjetə münasibət bildirməlidir.
Təəssüflə qeyd edirik ki, uzun illərdir (son illər isə xüsusən) AYB yetkililəri, ölkə ziyalıları sosial şəbəkələrdə təhqirlərə, şantajlara, yersiz hücumlara məruz qalırlar və bu zərərli tendensiya media subyektlərinə də sirayət edir. Belə güman edirik ki, bu adamların arxasında Azərbaycana düşmən qüvvələr dayanır və onların məqsədi ictimai rəyi, şüuru formalaşdıran, dövlət və milli maraqları müdafiə edən aydınları gözdən salmaqdır.
Belə hallar yolverilməzdir və buna yüksək səviyyədə münasibət bildiriləcəyinə ümid edirik".
Qeyd edək ki, məsələ ilə bağlı bir sıra ictimaiyyət nümayəndələri də öz sərt mövqelərinin bildiriblər. Beynəlxalq Türk Müəllifləri Birliyi də bəyanat yayaraq, məsələ ilə bağlı televiziya rəhbərliyinin üzr istəməsini tələb edib.
“Yeni Müsavat” ATV rəhbərliyinin və aparıcı Kübra Məhərrəmovanın mövqeyini öyrənməyə çalışsa da, müraciətlərimiz cavabsız qaldı.
Rəşad Məcid: “Güman edirəm ki, xanım jurnalist bu hadisədən dərs çıxaracaq və...”
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid bu haqda “Yeni Müsavat”a açıqlamasında dedi ki, xanım aparıcı sosial şəbəkələrdə fəaldır, hətta media təlimlərində iştirak edib: “Bundan əvvəl də onun sosial şəbəkədə bəzən ifrata varan, vulqarizmlə dolu fikirləri ilə rastlaşırdıq. Xanım indi televiziyada canlı efir aparmağa başlayıb, həmkarı da istedadlı yazıçıdır. Sadəcə, televiziya və canlı efirin öz qayda-qanunları var. Sən indi əsəblərini cilovlaya və yaxud emosiyalarını ələ ala bilməyib, hansısa artıq-əskik ifadələr işlədirsənsə, çalışdığın media subyektinə xələl gətirirsən. Bu, ilk növbədə etik-davranış qaydalarına da ziddir. Efirdə emosional şəkildə Çingiz Abdullayevin əsərlərini nəzərdə tutub, "mən beynimi necə bu zir-zibillə doldurmuşam" demək birbaşa yazıçıya, onun əsərlərinə təhqirdir.
Təbii olaraq bu məsələ ictimaiyyət nümayəndələri tərəfindən çox sərt qarşılandı. Güman edirəm ki, xanım jurnalist bu hadisədən dərs çıxaracaq və gələcəkdə etik davranış qaydalarının pozulmasına, canlı efirdə bu cür təhqirlərə yol verməyəcək".
Qulu Məhərrəmli: “İndiyədək görməmişəm ki, efirdə etik qaydaları pozan kimsə cəzalandırılsın”
Televiziya tənqidçisi, professor Qulu Məhərrəmli isə qeyd edib ki, istər sosial şəbəkə, istərsə də hansısa kütləvi kommunikasiya platformasında müəyyən etik qaydalar, hədlər var ki, onu mütləq gözləmək lazımdır: “Yəni istər aparıcı, verilişə gələn ekspert, istərsə də adi sosial şəbəkə istifadəçisi həmin etik qaydalara, davranışlara riayət etməlidir. Hər kim olursa-olsun, başqasının ünvanına aşağılayıcı ifadələr işlədə bilməz. Kiminsə kimdənsə xoşu gəlməyə bilər, amma buna görə efiri və yaxud platformanı şəxsi münasibət mövqeyinə çevirmək, ondan bu cür istifadə etmək olmaz. Bu cür məsələlərdə televiziya rəhbərləri, işçiləri, prodüserlər xüsusilə çox həssas olmalıdırlar. Bəzən başa düşmək olur, elə emosional dalğa gəlir ki, ona müqavimət göstərmək çətin olur. Amma bununla yanaşı, efir, auditoriya, ictimaiyyət qarşısında olan məsuliyyəti bir anlıq da unutmaq olmaz. Bəzən görürük ki, sosial şəbəkələrdə hansısa yazıçıya, ictimaiyyət nümayəndəsinə qarşı çirkin kampaniya başlayıb. Məsələn, adam təhsil ekspertidir, kifayət qədər bilik daşıyıcısıdır, amma ona savadsız deyirlər. Və yaxud xalq artisti Rasim Balayevlə bağlı aparılan kampaniya hər kəsin yadındadır. Bunlara yol vermək olmaz və qəbuledilməzdir. Biz çalışmalıyıq ki, bütün məsələlərdə etik hədləri gözləyək. O ki qaldı cəza məsələsinə, mən hələ bu günə qədər görməmişəm ki, efirdə etik qaydaları pozan kimsə cəzalandırılsın”.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi