"Qırmızı Körpü"də son vəziyyət necədir? - Foto

18:48 - 13 Dekabr 2023 - GÜNDƏM

Son zamanlar Gürcüstan-Rusiya sərhədində yerləşən “Yuxarı Lars” gömrük-sərhəd buraxılış məntəqəsində hava şəraiti ilə əlaqədar olaraq yük nəqliyyat vasitələrinin hərəkətində fasilələrin yaranması müşahidə edilir. Həmin nəqliyyat vasitələrinin alternativ variant kimi ölkəmizin Gürcüstanla sərhədindəki “Qırmızı körpü” gömrük postuna istiqamətlənməsi nəticəsində yük nəqliyyat vasitələrinin keçidində sıxlıq yaranıb.

BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, bir neçə gündür Azərbaycan-Gürcüstan sərhədində, “Qırmızı körpü” gömrük postunda sıxlıq müşahidə edilir. Hazırda 1100-dən çox yük avtomobili günlərdir buradakı parkda gözləyir. Beynəlxalq yükdaşıma ilə məşğul olan TIR sürücüləri gecəni nəqliyyat vasitələrində, TIR parklarında keçirmək məcburiyyətində qalırlar.

TIR sürücüsü olan türkiyəli sürücü Mehmet Usta deyib: “Rusiyadan, Moskva şəhərindən gəlmişəm. Azərbaycan ərazisindən getməklə Türkiyəyə keçid edəcəyəm. Samurdan gələndə sıxıntı olmadı, rahat keçdik. Burada isə sıxlığa görə dörd gündür ki, gözləyirik”.

Təkcə Türkiyə və İrandan gələn deyil, digər ölkələrdən olan sürücülər də növbə gözləyirlər. Onlar deyirlər ki, burada qaldıqca, xərcləri də çox çıxır. Ona görə də bir an öncə yola düşmələrini istəyirlər.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

“Qırmızı körpü” gömrük postundan verilən məlumata görə, ilin sonuna doğru yük nəqliyyat vasitələrinin dövriyyəsindəki xarakterik artım növbələrin yaranmasına öz təsirini göstərməkdədir.

“Vəziyyətlə bağlı bildiririk ki, son zamanlar Gürcüstan-Rusiya sərhədində yerləşən “Yuxarı Lars” gömrük-sərhəd buraxılış məntəqəsində hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələrinin hərəkətində fasilələr yaranıb. Ləngimələrlə əlaqədar olaraq, həmin nəqliyyat vasitələrinin sürücüləri alternativ yol kimi ölkəmizin “Qırmızı körpü” gömrük postuna yönləndirilmişdir. Nəticə etibarilə həmin nəqliyyat vasitələrinin ölkəmizin ərazisinə daxil olması sıxlığın artması ilə nəticələnib. Bununla əlaqədar bildirmək istəyirəm ki, gömrük-sərhəd buraxılış məntəqəsinin buraxılış imkanlarının artırılması məqsədilə qarşı tərəflə danışıqlar aparılır”, – deyə “Qırmızı körpü” gömrük postunun böyük inspektoru Rüfət Səfərov əlavə edib.

Qeyd edək ki, hazırda avtomobillərin tıxac uzunluğu kilometrlərlə davam edir. Gün ərzində isə qarşı tərəfə 350-400-dən çox avtomobil keçir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol