İranın Qum şəhərində “şiələr üçün müqəddəs” olduğu iddia edilən Çəmkəran məscidində qırmızı bayraq qaldırılıb.
Kirmandakı çoxsaylı insan tələfatına və yaralanmasına səbəb olan terror aktından sonra 3 gündür qaldırılan qırmızı bayraq “qisasa çağırışdır”. İran rəsmilərinin terakt baş verən gün – 3 yanvarda elan etdiklərinə uyğun olaraq, İranın bu qətliama cavab verəcəyi gözlənilir.
Son illər İranda qırmızı bayrağın qaldırılması ikinci dəfədir baş verir. İlk dəfə Qasım Süleymaninin 3 yanvar 2020-ci ildə Bağdad aerodromundan aviazərbə nəticəsində öldürülməsindən sonra qırmızı bayraq qaldırılmışdı. Yaxın tarixdə ilk dəfə “qisas bayrağının qaldırılması” İranın əfsanəvi general hesab etdiyi Qasım Süleymaniyə görə dəhşətli qisas alacağı haqda rəy yaratmışdı.
Ancaq aradan 4 il vaxt keçəndən sonra məlum oldu ki, İran yalnız ABŞ-ın bir neçə bazasına proksi qrupları vasitəsilə uğursuz hücumlardan o tərəfə keçə bilmir və yaxud buna qadir deyil: qisas alacağı haqda daxili auditoriyaya informasiya ötürən İran rəhbərliyi əslində qətiyyətli addım atmaqdan çox uzaqdır.
Eyni proses bu gün artıq 3 ayı tamam olan HƏMAS-İsrail savaşı ilə bağlı İranın tutduğu mövqeyə də aiddir. İran HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumunu birmənalı dəstəkləsə də, Fələstin radikal qrupuna yardımı siyasi bəyanatlardan o yana keçmir.
Əslində İranın mövqeyini “böyük dövlətlərə xarakterik” saymaq mümkün olardı – adətən, böyük dövlətlər də birbaşa qarşıdurmadan çəkinərək, digər dövlətlərin və qrupların əli ilə siyasi-hərbi ambisiyalarını həyata keçirir. Ancaq məsələ bundadır ki, İsraildə savaş başlayandan dərhal sonra Təl-Əvivin strateji müttəfiqi ABŞ “üzən ordusunu” – təyyarədaşıyan gəmilərini anında bölgəyə göndərdi və hazırda bu ordu İsrailə qarşı kənar müdaxilələrin qarşısını almaqla məşğuldur. Ən azı, hər gün Yəmən husilərinin atdığı raketlərin ABŞ donanması tərəfindən məhv edildiyini müşahidə edirik. Üstəlik, region sularını nəzarət altına alan ABŞ donanması HƏMAS-a istənilən hərbi yardımın önündə ən ciddi baryerdir.
ABŞ-ın birbaşa hərbi dəstəyinı qarşılıq İranın hansı real addımı müşahidə edilib? Heç bir!
İsrail isə nəinki İranın dəstəklədiyi qruplara, hətta İranın İraq və Suriyada “məsləhətçi-məşvərətçi” kimi yerləşən hərbçilərinə, yəni İrana bağlı olan deyil, birbaşa İran ordusuna aid qüvvələrə açıq şəkildə zərbə endirməyə davam edir. 3 aylıq müharibə müddətində İsrailin İranın ölkədən kənarda yerləşdirilən SEPAH güclərinə ciddi itkilər verdiyini müşahidə etmək mümkündür. Ən son belə hadisə isə 25 dekabr 2023-cü ildə Suriyada SEPAH-ın Qüds briqadasının yüksək rütbəli zabiti Seyidrza Musəvinin məhv edilməsidir.
S.Musəvi sıradan general deyildi – Qasım Süleymaninin silahdaşı, İran siyasi-hərbi ambisiyalarını ölkə sərhədlərindən kənarda həyata keçirənlərdən (Qasım Süleymani kimi) idi. Təsadüfi deyil ki, S.Musəvi Suriyada yerləşmişdi və “İranın proksi qrupları” kimi ümumiləşdirilən qüvvələri də koordinasiya edirdi. Eyni zamanda, Suriyada İranın hərbi varlığının ifadəçilərindən sayılırdı.
İsrail-ABŞ ittifaqı İranın sərhədlərini aşan ambisiyalarına qarşı ən sərt tədbirləri hər zaman konkret şəkildə görür və bu qüvvə və şəxsləri məhv edir. İran isə hər dəfə qisas vəd edir – 4 ildən sonra 4 yanvarda Qumda qaldırılan “ikinci qırmızı bayraq” misalı.
Yeri gəlmişkən, “Nyu York Tayms” Əli Xameneinin Kirman teraktından sonra ABŞ-la birbaşa qarşıdurmadan qaçmağı, bu azmış kimi, İrana bağlı proksi qrupların ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücumlarını məhdudlaşdırmağı tapşırdığını yazıb. Belə çıxır ki, İran nəinki qisas alacaq, əksinə, sərhədlərindən kənarda başqa qüvvələrin əli ilə davam etdirdiyi hərbi fəaliyyətini də məhdudlaşdıracaq.
Ona görə də Qumda qaldırılan qırmızı bayrağın yalnız ölkə daxilinə bir təsəlli mesajı kimi qəbul etmək mümkündür.
- Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT