Şəhid anası onu təhqir edən blogerdən şikayət etdi
Video
Şəhid Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib
Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində iştirak edən, 2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı şəhid olan Zamin Abbasovun anası sosial şəbəkələrdə ona qarşı səsləndirilən təhqiramiz ifadələrlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
BUTA.TV xəbər verir ki, şəhid anası sosial şəbəkədə onu təhqir etməkdə və hədələməkdə ittiham etdiyi bloger Sevinc Hüseynovanın məsuliyyətə cəlb olunmasını istəyib.
Şəhid anasının bildirdiyinə görə, bloger ona sosial şəbəkə üzərindən təhqiramiz mesajlar yazıb və “səni xalqa tanıdacağam” ifadəsini işlədib. Şəhid anası isə bu sözlərə cavab olaraq oğlunun özünü artıq xalqa tanıtdığını deyib.
Müraciətdə hadisənin araşdırılması və məsələyə hüquqi qiymət verilməsi xahiş olunub.
Məlumata əsasən, Sevinc Hüseynova daha sonra sosial şəbəkədə şəhid anasına ünvanlanan ifadələrində “Səni təhqir eləmişəm, əcəb eləmişəm” sözlərini işlədib. Bu açıqlama da sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Hadisənin aparıcı Səidə Bəkirqızının ad günü mərasimi ilə bağlı olduğu bildirilir. Şəhid anası həmin tədbirə dəvət olunub və məclis zamanı oğlundan danışarkən kövrəlib.
İddialara görə, bloger şəhid anasının emosional vəziyyətinə münasibət bildirərkən onun haqqında təhqiramiz ifadə işlədib. Buna etiraz edən şəhid anası isə özünün və şəhid ailələrinin ünvanına belə münasibəti qəbuledilməz hesab etdiyini bildirib.
Şəhid anası müraciətində ona qarşı səsləndirilən ifadələrin, eləcə də “səni xalqa tanıdacağam” sözlərinin araşdırılmasını və hadisəyə qanun çərçivəsində qiymət verilməsini tələb edib.
Qeyd edək ki, təqdim olunan məlumatda Sevinc Hüseynovanın daha əvvəl də müxtəlif şəxslərlə bağlı ictimai mübahisələrdə və qalmaqallarda adının hallandığı bildirilir. Həmçinin onun bəzi məsələlərlə əlaqədar məhkəmə proseslərinin davam etdiyi qeyd olunur.
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - Foto