Bu, İrana hücumdur: Tehran “sinəyə çəkərsə”… - Ağar

09:02 - 3 Aprel 2024 - GÜNDƏM

 Bu, İrana hücumdur: Tehran “sinəyə çəkərsə”… - Ağar

Dəməşqdə İran konsulluq binasına hücumdan əvvəl ötən il dekabrın 25-də İsrailin keçirdiyi əməliyyatla İranın nüfuzlu hərbi komandirlərindən biri olan Seyid Razi Musəvi öldürülmüşdü. Ancaq o, konsulluq, yaxud səfirlik binasında deyil, evində aradan götürülmüşdü. Sözügedən hücum da çox böyük idi. Ondan sonra da İsrail Livan və Suriyada SEPAH-ın Qüds briqadasının komandirlərini ovlamağa davam etdi. Ancaq indiyədək İsrail İranın diplomatik missiyasının olduğu əraziyə hücum etməyib. Son hücum buna görə xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri BUTA.TV-a İsrailin Suriyada İran konsulluğuna raket hücumu ilə bağlı danışan Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Ekspert İranın indiyədək İsrail və ABŞ-ın bir çox həmləsini cavabsız qoyduğunu qeyd edib:

“İlk dəfədir ki, İsrail İranı ölkənin ərazisi hesab edilən bir yerdə vurdu. Çox ciddi hadisədir, ancaq qırılma nöqtəsi olması İranın buna necə reaksiya verəcəyindən asılıdır. Əvvəlkilər də İranı zəiflətmə müharibəsinin bir parçası idi. İran bir çox hücumu, xüsusilə də ABŞ və İsrailin İraqla Suriya arasında Orta Fərat hövzəsində yerləşən Əbu Kamal keçidindəki hücumları cavabsız qoydu, sinəyə çəkdi. Həmin ərazidə İranın silah anbarları, şiə milisləri və s. mütəmadi olaraq vurulurdu, gəliş-gedişləri əngəllənirdi. Hətta ən son yenə həmin ərazidə İrana bağlı qüvvələr iki dəfə vuruldu. Görünən odur ki, İsrail Qüds briqadasının komandirlərini, qüvvələrini heç bir qaydaya məhəl qoymadan hədəf alır, yəni qarşılığını almadığı üçün İrana meydan oxuyur. Konsulluğa hücum isə birbaşa İranın suverenliyinə hücumdur. Hazırda cavab olaraq İranın Suriyada şiə milisləri üzərindən İsrailə qarşı müxtəlif addımlar atdığı barədə xəbərlər gəlir. Ancaq İraqda hələlik sakitlikdir. Çünki bütün tərəflər üçün İraq məsələsi çox həssasdır və ölkənin bölünmə qorxusu var. Qarşıdakı günlərdə İraq və Livanda İranın hansı addımlar atacağını görəcəyik. Bugünədək İran həmişə boş kisədən atdı, onun vəkilliyini edən HƏMAS-a belə sahib çıxa bilmədi”.

Bu xəbər hal-hazırda çox oxunur
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA

Ağar İsrailin ABŞ-la İranı Suriya ərazisində birbaşa müharibəyə cəlb etmək planının olduğunu vurğulayıb:

“İsrail öz layihəsindən heç vaxt imtina etmədi və hər zaman İranı birbaşa toqquşmaya təhrik etdi. Fikrimcə, İsrailin son hücumda da məqsədi ABŞ-la İranı qarşı-qarşıya gətirməkdir. Çünki Təl-Əvivin öz hesabı var. Ancaq Vaşinqton buna isti yanaşmır. Əgər konsulluq hücumu İranın birbaşa İsraili vurması kimi bir nəticə ortaya çıxarsa, bu dəfə ABŞ da işə qarışmağa məcbur ola bilər. Belə bir sual meydana gəlir: “Belə olarsa, Rusiya İranı nə qədər dəstəkləyə bilər?” Təl-Əvivin düşüncəsinə görə, Vaşinqton işə qarışdığı təqdirdə Moskva Tehranı dəstəkləyə bilməz. Rusiyanın da ötən ilin sonunda gerçəkləşdirdiyi nüvə hücumu təlimini, yayımladığı simulyasiya videolarını bu nöqteyi-nəzərdən oxumaq lazımdır”.

Qeyd edək ki, 1 apreldə İsrail İranın Dəməşqdəki konsulluq binasına zərbə endirib. Nəticədə SEPAH-ın iki generalı və 5 zabiti ölüb. İranlı diplomatların da öldüyü iddia edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol