Yenə “Nar ağacı, nar çiçəyi, bir ulduzdur hər çiçəyi” mahnısını oxusaydı, şalvarının rənginə düz gələrdi, hesab etmək olardı ki, yaşı 60-a dirənmiş müğənni nəsə bir səhnə tərtibatı qayırıb.
Amma “Qarabağ bülbülləri”nin ən istedadlısı toyda geydiyi nar çiçəyi qırmızısı rəngli şalvarıyla “Oyna, ay xalamqızı” mahnısını oxuyur, arada improvizə edərək dayıoğlu, bibioğlu, əmoğlu, xalaoğlu kimi ikinci ranqdan olan qohum-əqrəbanı da ortaya salır.
Yəni Tacir Şahmalıoğlunun, “Bayatı-Şiraz” muğamından ifa etdiyi parça ilə son 40 ilə damğa vurmuş və dünya durduqca səslənəcək bir musiqi əsərinin ifaçısının qırmızı (və ya sarı, yaşıl, bənövşəyi, narıncı – fərqi yoxdur) şalvar geyməsi ayıb, qəbahət, cinayət, faciə deyil, burada ayıb olan onun “Oyna, ay xalamqızı” kimi bir ara mahnısı, hətta zərərli bir diringə oxumasıdır.
Hərçənd bunu da belə izah etmək olar ki, toydur, sifariş veriblər, o da oxuyur. Axı köhnə qaydadır, musiqi ödəniş edən üçün çalınır və guya ki, müştəri həmişə haqlıdır. Sadəcə, müştərinin də qanacağı olmalıdır ki, “Bayatı-Şiraz” oxuyan adama “Oyna, ay xalamqızı”, “Məhləmizdə bir quyu var, əmiqızı”, yaxud “Səkinə dayqızı, lay-lay” kimi mahnılar oxumağı sifariş etməsin.
Düzdür, sonuncu mahnını iranlı müğənni Ququş 1979-cu ildən qabaq İran şahı Məhəmmədrza şah Pəhləvinin sarayında, onun hüzurunda da oxuyub və şahın xoşuna gəlib, amma razılaşaq ki, söhbətin axırı insestə (yaxın qohumların intim münasibəti) gedir və bu, müasir dünyada qəbul olunan bir şey deyil.
Gerçəkdən mədəni ölkələrdə əmoğlu, dayıqız, bibioğlu, xalaqızı kimi yaxın qohumlar bir-birinə “qardaş”, “bacı” deyirlər və təbii ki, nə sevgili olmur, nə də evlənmirlər, münasibətləri də qardaş-bacı kimi olur.
Amma siz “Oyna, ay xalamqızı” mahnısının sözlərinə baxın:
“Məcnun eyləmisən məni əzəldən,
Dur, oyna sən, oyna, ay xalamqızı.
Doymaq olmur sənin kimi gözəldən,
Dur, oyna sən, oyna, ay xalamqızı...”
Ayıb deyilmi? Çox ayıbdır. Siz hələ Yutubda bu mahnının altına yazılan şərhləri görəsiniz. “Super”in seti bir qəpik. “Ən sevdiyim mahnıdır” yazanlar, xalaqızlarına “aqromnu” salam göndərənlər var. Sanasan, ölkə xalaqızı manyakları ilə qaynaşır.
Tacir də gəlib belə bir mahnı oxuyur – düz olmayan budur. Yoxsa ha qırmızı şalvar geysin, ha şortik-filan, bunu cəmiyyətə o qədər də zərəri yoxdur. Yaxın qohumların evliliyinin isə həm tibbi-fizioloji, həm də ailə-məişət münaqişələri zəminində cəmiyyətə zərəri var.
Birincisi, dünya tibb elmi çoxdan sübut edib ki, yüngülvari qan xəstəliyi olan nəsillərdə yaxın qohumlar evlənəndə doğulan uşaqlar şikəst olur. Ölkədə anadangəlmə şikəst doğulmuş insanların bəlkə də 95 faizindən çoxu vaxtilə toylarda “Dur, oyna sən, oyna, ay xalamqızı”, “Əmiqızı” kimi mahnıların sədası altında rəqs edənlərin qurduğu ailələrdə doğulanlardır.
İkincisi, maşın alverçilərinin arasındakı məşhur zarafatı bilmiş olarsınız, satılmayan maşınlara “xalaqızı” deyirlər. Bu sözün mənası odur ki, onlar o maşını nə ata, nə də sata bilmirlər – necə ki, ailə münasibəti alınmayanda xalaqızıdan ayrıılıb normal həyat qurmaq olmur. Bacılar düşmən olar axı (eləcə də quda qardaşlar və qardaş-bacılar).
Müğənnilərin, sənətçilərin geyiminə gəlincə, bu, ölkəmizin sevimli mövzularından biridir. Dünən böyük sənətkarımız Akif İslamzadə də bu mövzuda danışıb, deyib ki, qadın müğənnilər açıq-saçıq geyinirlər. Sənətkar düz deyir. Qənaətlə geyinənlər gndən-günə çoxalır.
Bu, deməklə, yazmaqla düzələn şey deyil. Sənətçilər tayfası həmişə cəmiyyətin yerdə qalan hissəsindən geyimləri, davranışları, komplekssizlikləri ilə seçiliblər, həmişə də elə olacaqlar – şortiklə də gəzəcəklər, qırmızı və ya al-yaşıl şalvar da geyəcəklər, tez-tez evlənib-boşanacaqlar da. Təbii ki, onların sırasında öz sanbalını həmişə qoruyanlar da olacaq. Keçmişdə elələri çox olub. Məsələn, köhnə lentlərdə Xan Şuşinskinin geyiminə, səhnədə davranışına baxırsan, elə bilirsən, oxumayacaq, nazirdir, indicə brifinq keçirib suallara cavab verəcək.
İndinin özündə də ağırtaxtalı sənətçilərimiz var, həmişə özlərini ciddi aparırlar. Yəni elələri də var, belələri də. Sadəcə, onlar bir şeyi düşünməlidirlər ki, öz danışıq və hərəkətləri ilə vulqarlığı, bayağılığı, yüngülməcazlığı, pozğunluğu təbliğ etməsinlər. Əyinlərindəki libasın rənginin o qədər də fərqi yoxdur, əsas odur ki, əyində bir şey olsun və yaraşsın.
Samir Sarı
Musavat.com
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir