Xocalı şəhidlərinin ruhu həmin gün rahatlıq tapdı...

11:10 - 26 Fevral 2025 - GÜNDƏM

 Xocalı şəhidlərinin ruhu həmin gün rahatlıq tapdı...

Xocalı Soyqırımı Memorial Kompleksi yaradılacaq. Bakıda, Gəncədə - respublikanın hansısa bir güşəsində yox, Xocalının özündə, 33 il öncə XX əsrin ən dəhşətli qətliamını yaşandığı yerdə. Prezident İlham Əliyev fevralın 25-də “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncam imzalayıb. Belə bir sərəncamın imzalanması – Xocalı soyqırımına həsr olunmuş abidənin məhz Xocalının özündə, qanlı fevral gecəsi dəhşətin yaşandığı torpaqlarda ucaldılması şəhidlərin ruhunun az da olsa dinclik tapması, ədalətin qismən də olsa bərpa edilməsi deməkdir.

Azərbaycan 33 ildir dünya birliyindən Xocalı soyqırımına hüquqi qiymət verilməsini gözləyir. Bütün beynəlxalq platformalarda, bütün rəsmi və qeyri-rəsmi görüşlərdə Xocalı həqiqətləri daim masada olub, daim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı ilə bağlı gerçəklər dünyaya tanıdıldı, Ermənistanın törətdiyi soyqırımı “ermənilərə qarşı olmuş” kimi göstərmək cəhdlərinin qarşısı alındı. Dünya XX əsrin ən dəhşətli səhifələrindən biri ilə tanış oldu. Azərbaycan dövlətinin diplomatik, informasiya və digər müstəvilərdə apardığı iş sayəsində 16 ölkə, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini tanıyıb. Lakin dünya birliyi hələ də Xocalı soyqırımına hüquqi qiymət verməyib.

Qətlə yetirilən 613 azərbaycanlının - 106 qadın, 63 uşaq, 70 ahılın ruhu, əsir götürülən və taleyi naməlum qalmış 1275 azərbaycanlı, hər iki valideynini itirmiş 25, validenylərdən birini itirmiş 130 uşaq, bütövlükdə 10 milyonluq Azərbaycan xalqı dünyadan Xocalıya hüquqi qiymət verilməsini gözləyir.

Xocalıda ədalətin ilk ayaq səsləri 2020-ci ildə eşidildi. Xeyr, dünya birliyi hələ də susub, ədalət zəngini çalan Azərbaycan ordusu, Ali Baş Komandan İlham Əliyev idi. 44 günlük müharibədə torpaqlarımız işğaldan azad edildi, Xocalı soyqırımında iştirak etmiş cinayətkarların bir qismi döyüş meydanında məhv edildi. 28 il sonra Xocalının üzü ilk dəfə gülürdü. Cəmi üç il sonra – 2023-cü ildə Xocalı əsirlikdən tamamilə azad edildi, üçrəngli bayrağımız şəhərin səmasında dalğalandı və əli dinc azərbaycanlıların qanına batmış şəxslərin bir qismi hərbi cinayətlər törətmək ittihamı ilə Bakıda məhkəmə qarşısına çıxarıldı. Xocalı şəhidlərinin ruhu rahatlıq tapmışdı.

Bunu ədalətdən, hüquqdan danışan dünya birliyi yox, məhz Azərbaycan ordusu, qalib ordunun Ali Baş Komandanı İlham Əliyev etdi: “Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq qoymadıq ki, onların qanı yerdə qalsın”.

Və əminik ki, bir gün Xocalı soyqırımını törətmiş, əli dinc azərbaycanlıların qanına batmış cinayəkarların hamısı, başda Robert Koçaryan və Serj Sarkisyan olmaqla ədalət qarşısına çıxarılacaq. Sarkisyan “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu” etirafını ədalət qarşısında yenidən dilə gətirəcək və hüquqi cəzasını alacaq.

Bu belə də olacaq, çünki Qarabağı azad edən, üçrəngli bayrağımızı Xocalı səmasında ucaldan, qisasımızı döyüş meydanında alan Prezident İlham Əliyev bəyan edib ki, “Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq”.

Bu gün Xocalıya həyat qayıdır. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesi çərçivəsində şəhər yenidən qurulur, Xocalının yaraları sarılır, şəhidlərimizi ruhu dinclik tapır.

2023-cü ilin 15 oktyabrında Xocalıda üçrəngli bayrağımızı dalğalandıran Prezident İlham Əliyev 2024-cü ildə fevralın 26-da soyqırımının ildönümünü ilk dəfə məhz Xocalıda qeyd etdi. Xocalı Soyqırımı Memorialının təməlini atan dövlət başçısı bu soyqırımın heç vaxt unudulmayacağını və hüquqi qiymətin verilməsi istiqamətində işlərin davam etdiriləcəyini bəyan etdi. 2024-cü il 28 May-Müstəqillik Günündə Xocalıya ilk köç başlandı. Bu, Xocalının yenidən dirçəlişinin başlanğıcı - tarixi ədalətin bərpası idi. Fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan Prezident tezliklə bütün xocalıların evlərinə qayıdacağını bəyan etdi.

Xocalının yaraları sağalır, şəhidlərin ruhu rahatlıq tapır, ədalət bərpa olunur. Bu, Müzəffər Ordumuz və Ali Baş Komandan İlham Əliyevin bərpa etdiyi ədalət, qurub-yaratdığı gələcəkdir. Azərbaycan xalqı isə dünya birliyindən Xocalı soyqırımına hüquqi qiymət verməsini, cinayətkarların ədalət qarşısına çıxarılmasını gözləyir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol