Prezident fərman imzaladı

17:36 - 8 İyun 2026 - GÜNDƏM

 Prezident fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

BUTA.TV fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 839 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2026, № 3, maddə 216) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin 3.0.2-ci yarımbəndinə “avadanlıq,” sözündən sonra “balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlıq,” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2570 (Cild I); 2024, № 8, maddə 942; 2025, № 11, maddə 1018; 2016, № 3, maddə 216) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci hissəyə “avadanlığın,” sözündən sonra “balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlığın,” sözləri əlavə edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası” üzrə:

2.2.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.2. Agentliyin vəsaiti bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan layihələrin, habelə kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarına, balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlıqlara, suvarma sistemləri dəstlərinə və avadanlıqlarına, habelə damazlıq heyvanlara (bundan sonra – kənd təsərrüfatı istehsal vasitələri) verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldilir.”;

2.2.2. 6-cı hissə üzrə:

2.2.2.1. 6.1-ci bəndin birinci abzasına “avadanlığın,” sözündən sonra “balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlığın,” sözləri əlavə edilsin;

2.2.2.2. 6.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“6.1.2. idxal edilən texnikanın gömrük dəyərinə, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq yaradılan Aqrar Subsidiya Şurasının təsdiq etdiyi, 60 faizdən çox olmamaqla, güzəşt faizləri və (və ya) maksimum güzəşt məbləğləri tətbiq olunur və həmin məbləğlər Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil təşkilatlar vasitəsilə ödənilir;”;

2.2.2.3. aşağıdakı məzmunda 6.5-ci bənd əlavə edilsin:

“6.5. Bu Qaydanın 6.1-ci bəndinə uyğun olaraq güzəştli şərtlərlə maliyyələşdirilən kənd təsərrüfatı texnikasının maliyyələşdirildiyi tarixdən 5 (beş) il müddətində ölkədən ixracına yol verilmir. Həmin texnika barədə məlumatlar real vaxt rejimində “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin informasiya sisteminə ötürülür.”.

3. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 12 (II kitab), maddə 1356; 2025, № 2, maddə 137, № 7, maddə 642; 2026, № 3, maddə 216) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2-ci hissədə “sahəsində” sözü “və heyvandarlıq sahələrində” sözləri ilə əvəz edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” üzrə:

3.2.1. 1.2-ci bənd üzrə:

3.2.1.1. 1.2.1-ci yarımbənddə “kənd təsərrüfatı məhsullarının istehsalçılarına” sözləri “fermerlərə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə” sözləri ilə əvəz edilsin;

3.2.1.2. 1.2.2-ci yarımbənddə “kənd təsərrüfatı məhsullarının istehsalçılarına” sözləri “fermerlərə” sözü ilə əvəz edilsin;

3.2.1.3. 1.2.4-cü yarımbənddə “sahəsində” sözü “və heyvandarlıq sahələrində” sözləri ilə əvəz edilsin;

3.2.1.4. 1.2.5-ci yarımbənddə “mineral gübrə, biohumus” sözləri “gübrə, dirəklər” sözləri ilə əvəz edilsin;

3.2.1.5. 1.2.9-cu yarımbəndə “becərilməsi” sözündən sonra “(əkilməsi və aqrotexniki qulluğun göstərilməsi)” sözləri əlavə edilsin və həmin yarımbənddən “çoxillik əkmələrdə” və “və dirəklərin” sözləri çıxarılsın;

3.2.1.6. aşağıdakı məzmunda 1.2.9-2-ci yarımbənd əlavə edilsin:

“1.2.9-2. bağçılıq subsidiyası – fermerlərə çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun olaraq kənd təsərrüfatı bitkilərinin becərilməsi (əkilməsi və aqrotexniki qulluğun göstərilməsi) üçün bağın salındığı birinci ildə istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, müasir suvarma sistemlərinin qurulmasına və tinglərdə fitopatoloji analizlərin aparılmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiya;”;

3.2.1.7. 1.2.10-cu və 1.2.12-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“1.2.10. bitkiçilik sahəsində məhsul subsidiyası – ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun miqdarına görə verilən subsidiya;”;

“1.2.12. süni mayalanma və ya embrion köçürmə (bundan sonra – süni mayalanma) subsidiyası – yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması və yüksək məhsuldar genetik potensiala malik heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova və balağa (camış balasına) görə verilən subsidiya;”;

3.2.1.8. aşağıdakı məzmunda 1.2.12-1-ci yarımbənd əlavə edilsin:

“1.2.12-1. heyvan subsidiyası – fermerlərə kənd təsərrüfatı heyvanlarının saxlanılması, yemlənməsi və damazlıq işinin təşkili ilə bağlı çəkilən xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə hər bir heyvana (o cümlədən arı ailəsinə) görə verilən subsidiya;”;

3.2.1.9. 1.2.13-cü və 1.2.14-cü yarımbəndlər ləğv edilsin;

3.2.1.10. aşağıdakı məzmunda 1.2.14-1-ci və 1.2.14-2-ci yarımbəndlər əlavə edilsin:

“1.2.14-1. heyvandarlıq sahəsində məhsul subsidiyası – ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən heyvan mənşəli məhsul və ya xammalın miqdarına görə verilən subsidiya;

1.2.14-2. sertifikatlaşdırma subsidiyası – fermerlər tərəfindən bitkiçilik və heyvandarlıq sahələrində beynəlxalq sertifikatların alınması və bu məqsədlə təsərrüfatların müəyyən olunmuş tələblərə uyğunlaşdırılması ilə bağlı çəkilən xərclərin bir hissəsinin kompensasiya edilməsi məqsədilə verilən subsidiya;”;

3.2.1.11. 1.2.17-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.2.18-ci yarımbənd əlavə edilsin:

“1.2.18. avans – fermerlər tərəfindən bitkiçilik sahəsində aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsini stimullaşdırmaq məqsədilə əkin və bağçılıq subsidiyalarının məbləğinin, 60 faizdən çox olmamaqla, Şura tərəfindən müəyyən edilən və əvvəlcədən ödənilən hissəsi.”;

3.2.2. 2-ci hissə üzrə:

3.2.2.1. 2.4.1-ci yarımbəndə “əmsallarının,” sözündən sonra “avans məbləğinin, subsidiyanın tətbiqi dövrünün,” sözləri əlavə edilsin;

3.2.2.2. aşağıdakı məzmunda 2.4.1-2-ci yarımbənd əlavə edilsin:

“2.4.1-2. bağçılıq subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısının, onlara tətbiq edilən əkin əmsallarının, avans məbləğinin, bağın salınması və subsidiyanın tətbiqi dövrünün, sığortalanmalı olan bitkilərin siyahısının (bu Qaydanın 2.5-1-ci bəndi nəzərə alınmaqla) və onların əkin sahələrinin minimum ölçüsünə dair tələblərin təsdiqi;”;

3.2.2.3. 2.4.2-ci və 2.4.3-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.4.2. məhsul subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkiçilik məhsullarının, heyvan mənşəli məhsul və xammalın siyahısının, onlara tətbiq edilən əmsalların təsdiqi və subsidiyanın tətbiqi dövrünün müəyyən edilməsi;

2.4.3. toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısının, onlara tətbiq edilən əmsalların, kvotaların təsdiqi və subsidiyanın tətbiqi dövrünün müəyyən edilməsi;”;

3.2.2.4. aşağıdakı məzmunda 2.4.3-2 – 2.4.3-4-cü yarımbəndlər əlavə edilsin:

“2.4.3-2. sertifikatlaşdırma subsidiyasının tətbiqi üçün bitkiçilik və heyvandarlıq sahələri üzrə beynəlxalq sertifikatların siyahısının, onlara tətbiq edilən əmsalların təsdiqi və subsidiyanın tətbiqi dövrünün müəyyən edilməsi;

2.4.3-3. süni mayalanma subsidiyasının tətbiqi üçün əmsalların təsdiqi və subsidiyanın tətbiqi dövrünün müəyyən edilməsi;

2.4.3-4. heyvan subsidiyasının tətbiqi üçün regionlar üzrə kənd təsərrüfatı heyvanlarının siyahısının (heyvanın növü, cinsi və yaşı göstərilməklə), onlara tətbiq edilən əmsalların təsdiqi və subsidiyanın tətbiqi dövrünün müəyyən edilməsi;”;

3.2.2.5. 2.4.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.4.6-cı yarımbənd əlavə edilsin:

“2.4.6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 6.1.2-ci yarımbəndinə əsasən, kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarına münasibətdə kənd təsərrüfatı texnikası parkının yenilənməsi, innovativ texnologiyalara olan ehtiyac, yerli istehsalın dəstəklənməsi, aqrar resursların səmərəli istifadəsi meyarları nəzərə alınmaqla tətbiq edilən güzəşt faizlərinin və maksimum güzəşt məbləğlərinin təsdiqi.”;

3.2.2.6. 2.5-1-ci bənddə “yarımbəndinə” sözü “və 2.4.1-2-ci yarımbəndlərinə” sözləri ilə, “subsidiyasının” sözü “və bağçılıq subsidiyalarının” sözləri ilə əvəz edilsin;

3.2.2.7. 2.7-1-ci bənddə “kənd təsərrüfatı məhsullarının istehsalçılarına” sözləri “fermerlərə” sözü ilə əvəz edilsin;

3.2.3. 3-cü hissə üzrə:

3.2.3.1. 3.1-ci bənd üzrə:

3.2.3.1.1. birinci abzasda “subsidiyasının” sözü “və bağçılıq subsidiyalarının” sözləri ilə əvəz edilsin;

3.2.3.1.2. ikinci abzasa “əkin” sözündən sonra “(bağçılıq)” sözü əlavə edilsin;

3.2.3.2. 3.1-1-ci bənddə “yarımbəndinə” sözü “və 2.4.1-2-ci yarımbəndlərinə” sözləri ilə, “subsidiyası” sözü “və bağçılıq subsidiyaları” sözləri ilə əvəz edilsin;

3.2.3.3. aşağıdakı məzmunda 3.1-2-ci bənd əlavə edilsin:

“3.1-2. Bağçılıq subsidiyası tətbiq edilmiş çoxillik əkmə sahələri üzrə bağın salındığı ilk il üçün əkin subsidiyası ödənilmir.”;

3.2.3.4. 3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.5. Bitkiçilik sahəsində məhsul subsidiyası aşağıdakı qaydada hesablanır:

- baza məbləği × bitki mənşəli məhsul əmsalı = bitkiçilik sahəsində məhsul subsidiyası

· bitki mənşəli məhsul əmsalı – bitkilər üzrə məhsul istehsalının, tədarükünün və bazara çıxışının təşviqi üçün Şuranın müəyyən etdiyi göstərici.”;

3.2.3.5. aşağıdakı məzmunda 3.7-1-ci bənd əlavə edilsin:

“3.7-1. Bitkiçilik sahəsində sertifikatlaşdırma subsidiyası aşağıdakı qaydada hesablanır:

- baza məbləği × sertifikatlaşdırma əmsalı = sertifikatlaşdırma subsidiyası

· sertifikatlaşdırma əmsalı – beynəlxalq sertifikatların əldə edilməsinin təşviqi üçün Şuranın müəyyən etdiyi göstərici.”;

3.2.3.6. 3.8-ci bənd üzrə:

3.2.3.6.1. 3.8.3-cü yarımbənddə “subsidiyası” sözü “və bağçılıq subsidiyaları” sözləri ilə əvəz edilsin;

3.2.3.6.2. 3.8.4-cü yarımbəndə “məhsul” sözündən əvvəl “bitkiçilik sahəsində” sözləri əlavə edilsin;

3.2.3.6.3. aşağıdakı məzmunda 3.8.4-1-ci yarımbənd əlavə edilsin:

“3.8.4-1. bitkiçilik sahəsində sertifikatlaşdırma subsidiyası üçün Şura tərəfindən müəyyən edilmiş beynəlxalq sertifikatı;”;

3.2.3.7. 3.12-ci bənd üzrə:

3.2.3.7.1. birinci cümlədə “, o cümlədən mövcud və” sözləri “və mövcud çoxillik əkmələr, bağçılıq subsidiyası ilə bağlı” sözləri ilə əvəz edilsin;

3.2.3.7.2. ikinci cümlədə “, elektron poçt və ya bilavasitə SİS” sözləri “və ya elektron kabinet” sözləri ilə əvəz edilsin;

3.2.3.7.3. üçüncü cümlədə “subsidiyası” sözü “və bağçılıq subsidiyaları” sözləri ilə əvəz edilsin;

3.2.3.8. aşağıdakı məzmunda 3.12-1-ci bənd əlavə edilsin:

“3.12-1. 2027-ci ildən başlayaraq Şuranın müəyyən etdiyi bitki növləri, əkin sahələri və digər şərtlər üzrə Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə əkin və ya bağçılıq subsidiyası üçün müraciət etmiş və həmin müddət ərzində bu Qaydanın 3.8.2-ci və 3.8.2-1-ci yarımbəndlərində nəzərdə tutulan sənədləri SİS-də təsdiqlənmiş fermerlər avans əldə etmək üçün müraciət edə bilərlər. Avans subsidiya məbləğinin nağdlaşdırılmayan hissəsindən ödənilir.”;

3.2.3.9. 3.13-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.13. Əkin və bağçılıq subsidiyaları məbləğinin 25 faizindən nağdlaşdırılaraq,
75 faizindən isə nağdlaşdırılmadan, bu Qaydanın 3.12-ci bəndi ilə müəyyən edilən formada, müvafiq olaraq bu Qaydanın 1.2.9-cu və 1.2.9-2-ci yarımbəndlərində nəzərdə tutulan məqsədlərlə istifadə olunur.”;

3.2.3.10. 3.14-cü bənd üzrə:

3.2.3.10.1. birinci cümlədə “Məhsul” sözü “Bitkiçilik sahəsində məhsul” sözləri ilə əvəz edilsin;

3.2.3.10.2. ikinci cümlə üçüncü cümlə hesab olunsun və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“İstehsal edilən məhsul fermer tərəfindən xammal kimi istifadə edildiyi halda, istehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsinin qaimə-fakturası barədə məlumat SİS-ə daxil edilir.”;

3.2.3.10.3. üçüncü cümlədə “ilin 2-ci rübündə” sözləri “il” sözü ilə əvəz edilsin;

3.2.3.11. 3.15-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.15. Fermerlər toxum subsidiyası ilə bağlı bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan proqnozları cari il iyunun 1-dək, toxum və tingin satışı ilə bağlı məlumatları və sənədləri dekabrın 10-dək SİS-ə daxil edirlər. Subsidiya ödənişləri dekabrın 30-dək həyata keçirilir, dekabrın 10-dan sonra daxil edilən məlumatlar və sənədlər isə növbəti il üçün subsidiyanın hesablanması zamanı nəzərə alınır.”;

3.2.3.12. 3.17-ci bəndin ikinci cümləsində “elektron poçt” sözləri “ya elektron kabinet” sözləri ilə əvəz edilsin;

3.2.4. 4-cü hissə üzrə:

3.2.4.1. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.1. Süni mayalanma subsidiyası aşağıdakı qaydada hesablanır:

- baza məbləği × süni mayalanma subsidiyası əmsalı = süni mayalanma subsidiyası;

· süni mayalanma əmsalı – heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılmasının təşviqi üçün Şuranın müəyyən etdiyi göstərici.”;

3.2.4.2. aşağıdakı məzmunda 4.1-1-ci və 4.1-2-ci bəndlər əlavə edilsin:

“4.1-1. Heyvan subsidiyası aşağıdakı qaydada hesablanır:

- baza məbləği × heyvan subsidiyası əmsalı = heyvan subsidiyası

· heyvan subsidiyası əmsalı – cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların (o cümlədən arı ailələrinin) sayının artırılması üçün Şuranın müəyyən etdiyi göstərici.

4.1-2. Heyvandarlıq sahəsində məhsul subsidiyası aşağıdakı qaydada hesablanır:

- baza məbləği × heyvan mənşəli məhsul və ya xammal əmsalı = heyvandarlıq sahəsində məhsul subsidiyası

· heyvan mənşəli məhsul və ya xammal əmsalı – heyvan mənşəli məhsulların və ya xammalların istehsalının təşviqi üçün özünütəminat ehtiyacı, fermerlərin gəlirliliyinin artırılması, aqrar emalın, habelə aqroturizmin inkişafı meyarları nəzərə alınmaqla Şuranın müəyyən etdiyi göstərici.”;

3.2.4.3. 4.2-ci və 4.3-cü bəndlər ləğv edilsin;

3.2.4.4. aşağıdakı məzmunda 4.3-1-ci bənd əlavə edilsin:

“4.3-1. Heyvandarlıq sahəsində sertifikatlaşdırma subsidiyasının məbləği bu Qaydanın 3.7-1-ci bəndində nəzərdə tutulmuş qaydada hesablanır.”;

3.2.4.5. 4.4.3-cü və 4.4.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“4.4.3. heyvanların, o cümlədən süni mayalandırılan və süni mayalanma nəticəsində doğulan heyvanların, habelə arı ailələrinin identikləşdirilməsi və onlara dair məlumatların SİS-ə daxil edilməsi;

4.4.4. heyvandarlıq sahəsində məhsul subsidiyası ilə bağlı tədarükçülərin heyvan mənşəli məhsul və ya xammalın fermerlərdən və ailə təsərrüfatlarından təhvil alınmasına dair sənədlərinin Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən olunmuş müddətdə SİS-ə daxil edilməsi;”;

3.2.4.6. aşağıdakı məzmunda 4.4.5-ci yarımbənd əlavə edilsin:

“4.4.5. heyvandarlıq sahəsində sertifikatlaşdırma subsidiyası üçün Şura tərəfindən müəyyən olunmuş beynəlxalq sertifikatın əldə edildiyi gündən 3 (üç) ay müddətində SİS-ə daxil edilməsi.”;

3.2.4.7. 4.6-cı bənddə “15 (on beş) iş günündən gec olmayaraq” sözləri “45 (qırx beş) iş günündən gec olmamaqla həmin reqlamentlərdə göstərilən müddətdə” sözləri ilə əvəz edilsin;

3.2.5. 5-ci hissə üzrə:

3.2.5.1. 5.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.1.3. yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, dincə qoyulmuş torpaq sahələrində, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM-in mütəxəssisləri, şikayət və ya audit hallarında isə aidiyyəti üzrə Agentliyin və ya Nazirliyin sahə mütəxəssisləri cəlb edilməklə, nəzarət və qiymətləndirmə tədbirlərinin həyata keçirilməsi;”;

3.2.5.2. 5.2-ci bəndin birinci abzasına ikinci halda “əkin” sözündən sonra “, bağçılıq” sözü əlavə edilsin;

3.2.5.3. 5.3-cü bənd üzrə:

3.2.5.3.1. birinci abzasda “Arı ailələrinin” sözləri “Heyvanların (o cümlədən arı ailələrinin)” sözləri ilə, “arı” sözü “heyvan” sözü ilə əvəz edilsin;

3.2.5.3.2. 5.3.1-ci yarımbənddə “arı ailələrinin” sözləri “heyvanların (o cümlədən arı ailələrinin)” sözləri ilə əvəz edilsin;

3.2.5.3.3. 5.3.2-ci və 5.3.3-cü yarımbəndlərdə “arıçıya” sözü “fermerə” sözü ilə əvəz edilsin;

3.2.5.4. 5.4-cü bənd üzrə:

3.2.5.4.1. birinci cümlədə “elektron poçt” sözləri “ya elektron kabinet” sözləri ilə əvəz edilsin;

3.2.5.4.2. üçüncü cümlə aşağıdakı redaksiyada verilsin:

“Bildirişə etiraz fermerin, ailə kəndli təsərrüfatının və monitorinq aktını tərtib etmiş əməkdaşların iştirakı ilə DAİM-in və Agentliyin mütəxəssisləri tərəfindən, habelə rəy bildirilməsi üçün Nazirliyin sahə üzrə mütəxəssisləri də cəlb edilməklə yerində müşahidə apararaq qiymətləndirilir, nəticə üzrə akt tərtib edilərək SİS-ə daxil edilir.”;

3.2.5.5. 5.5-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Subsidiyaların verilməsi üçün bu Qaydada nəzərdə tutulmuş tələblər fermer tərəfindən pozularsa, habelə fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti (o cümlədən avans məbləğini) fermer Agentliyə geri qaytarır.”.

4. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940 (Cild I); 2024, № 6 (I kitab), maddələr 654, 679, № 8, maddə 937, № 12 (II kitab), maddə 1359; 2026, № 3, maddə 216) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin 3.2.7-ci yarımbəndində “, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, dirəklər, damazlıq heyvanlar, mineral gübrə, biohumus,” sözləri “və texnoloji avadanlıq, balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlıq, suvarma sistemləri dəstləri və avadanlıqları, damazlıq heyvanlar, dirəklər, gübrə” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı məhsullarının tədarükünü və kənd təsərrüfatı istehsal vasitələrinin, habelə müasir suvarma sistemlərinin satışını həyata keçirən fiziki və hüquqi şəxslərin (tədarükçülərin və təchizatçıların) “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatdan keçmələri üçün tələbləri üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol