Hər şey haradasa üç il əvvəl başladı. Evdə elə bir qız uşağı böyüyürdü ki, öz soyadını soruşanda duruxub çaşır, amma dünyanın, az qala, bütün futbolçularının adını, soyadını, transfer dəyərini, hətta hansı ayaqla zərbə vurduğunu birnəfəsə deyirdi.
Evdəki bu “kiçik futbol ensiklopediyası”nın parıltısını görən kimi valideyn instinktimiz işə düşdü. Vaxt itirmədən əlindən tutub düz yaşıl meydanların ortasına apardıq. O gündən bəri mən futbol meydanlarının kənarında gah cani-könüldən azarkeşlik edən, gah həyəcandan təzyiqi qalxan, gah da stressdən az qala “azarlıq” tapan bir anaya çevrilmişəm. Etiraf edirəm, bu üç ildə heç bir Allah bəndəsi – nə hakim, nə məşqçi, nə də futbol bilicisi – mənə ofsaydın nə olduğunu elə izah edə bildi ki, nəhayət, anlayım.
Hər dəfə anlamağa cəhd etdikcə ofsayd xətti mənim üçün bir az da müəmmalı coğrafiyaya çevrildi. Amma, deyəsən, buna heç ehtiyacım da yox imiş. Çünki mənim bu yaşıl meydanlarda tək bir dəyişməz qaydam, tək bir taktiki gedişim var: gözümü qızımın qaçdığı istiqamətə zilləmək.
Onunla birlikdə sevinmək, onunla qürurlanmaq və meydanda aldığı hər nəfəsi tribunada öz ürəyimdə hiss etmək. Dünən gecə ekran qarşısında oturub 2026-cı il Dünya Kubokunun finalını izləyərkən bu duyğu məni yenidən bürüdü. İspaniyanın gənc və nizamlı komandası qələbəni bayram edərkən kameralar Lionel Messinin üzündəki məğlubiyyət kədərini göstərirdi.
“17 minə müqavilə bağlamışdım, nə özü, nə də əməkdaşları cavab verir” - Video
O mənzərə mənə çox tanış, çox doğma bir günü xatırlatdı. Cəmi bir neçə ay əvvəl qızımın oynadığı “Sabah”ın U14 komandası respublika çempionatının final mərhələsinə qədər bir xal belə itirmədən, bizə məğlubiyyət ağrısı yaşatmadan gəlib çıxmışdı.
Bir-birindən gözəl, hərəsi bir ay parçası olan o yeniyetmə qızlar finalda uduzaraq respublika ikincisi oldular. Nə gün idi, İlahi... Meydanda onlar ağladılar, tribunada mən. Onlar çempionluğu əldən verdikləri üçün ağladılar, mən isə onlar ağladığı üçün ağladım. Dünya Kubokunun finalı boyu qızım İspaniyaya azarkeşlik edirdi. Mən isə, təbii ki, qızımın azarkeşi idim. Messiyə də bir az onun anası kimi tamaşa edib içdən-içə kövrəlirdim. Hamının anası ola bilmək kimi qəribə bir istedada malik biri olaraq bunu özümə çox görmədim. Bu üç ildə bir şeyi öyrənmişdim: topun yuvarlandığı hər yerdə duyğunun dili də, məğlubiyyətin acısı da eynidir. İstər milyonların izlədiyi Dünya Kubokunun finalı olsun, istərsə də tribunalarında bir ovuc valideynin nəfəsini içinə çəkib övladına baxdığı uşaq futbolu meydanı. Futbol tarixində ulduza çevrilmiş oyunçuların həyat hekayələrinə baxanda çox vaxt eyni romantik və dramatik süjetlə qarşılaşırıq: yoxsulluq, çətin uşaqlıq, tozlu məhəllələr və bütün bunların içindən sıyrılıb çıxan dühalar.
Peledən Ronaldoya qədər neçə-neçə böyük futbolçunun yolu belə başlayıb. Mən bu hekayələri oxuyanda nədənsə ürəyimdə bizim ucqar kəndlərə boylanıram. Görəsən, o dağ kəndlərində, tozun-torpağın içində, günün cırhacırında, növbə ilə heyvan otara-otara, al günün altında top qovan uşaqların arasında neçə Ronaldo gizlənib?
Bəlkə də yüzlərlə. Amma o parlaq istedadlar, o böyük potensiallar çox vaxt böyüklərin “Axşama qədər top dalınca qaçırsan, get bir işin qulpundan yapış” deyingənliyində, baxımsızlıqda, diqqətsizlikdə itib-batır.
Neçə-neçə uşağın xəyalının üstünə onlar böyüməmişdən toz qonur.
Ancaq bəzən elə hadisələr olur ki, insanın ümidini yenidən göyərdir. Məsələn, keçən il Cəlilabadda yaşayan 13 yaşlı, son dərəcə istedadlı Zeynəbi “Sabah” klubu kəşf edib paytaxta gətirmişdi. İlk gəlişində o qədər utancaq, o qədər çəkingən idi ki... Amma o cılız, balaca qız meydana çıxan kimi sanki tamam başqa bir insana çevrilirdi. İndi futbolda buna nə deyirlər, hansı terminlərlə şərh edirlər, mən bilmirəm.
Mənim gördüyüm tək bir həqiqət vardı: o balaca qız elə zərbələr vurur, elə qollar atırdı ki, adamın heyrətdən nəfəsi kəsilirdi. Cəlilabadın bir kəndindən çıxıb gələn o işıq bir şeyi hamımıza göstərdi: istedadın harada doğulacağını seçmək olmur. Amma onu vaxtında görmək, ona yol açmaq bizim əlimizdədir.
Dünən dünya İspaniyanın zəfərinə, Messinin məğlubiyyətinə baxırdı. Mən isə düşünürdüm ki, əgər biz uşaqlarımızın – istər finalda uduzub ağlayan balaca qızlarımızın, istər Cəlilabaddan gələn Zeynəblərin, istərsə də dağ kəndlərində top qovan adsız qəhrəmanların – əlindən vaxtında tutmağı bacarsaq, günün birində dünya bizim uşaqların da hekayəsini danışacaq. Yetər ki, biz onların qaçdığı istiqamətə baxmağı, onların azarkeşi olmağı və o tozlu yollardakı parıltını vaxtında görməyi bacaraq. Çünki böyük futbol hekayələri həmişə böyük stadionlarda başlamır.
Nərmin Dadaşova
Xüsusi olaraq “BUTA.TV” üçün

- Qaradağ kanalında batan şəxsin meyiti tapıldı
- Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudur
- Süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları...
- Mərkəzi Gömrük Hospitalına yeni hüquq verildi
- “Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
- Dondurmanın üzərinə qarışqa səpilir: nuş olsun – Video
- Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı
- Bakıda “Ambucycle” motosikletlər - Feldşerlər idarə edəcək-Fotolar