20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) apellyasiya şikayəti üzrə məhkəmə başlayır.
“BUTA.TV”nun məlumatına görə, Arzum indilərdə kanvoyun müşayəti ilə Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilib.
Tiktokerin yaxınları təyin olunan vaxtdan 1 saat əvvəl Bakı Apellyasiya Məhkəməsinin qarşısına toplanıblar.
Arzumun hökmü iyulun 2-də Xəzər Rayon Məhkəməsi tərəfindən çıxarılmışdı. O, ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli bilinərək 5 il 2 ay azadlıqdan məhrum edilib. Lakin müttəhim qəzanın baş verməsinə görə özünü qətiyyən təqsirli saymır, günahsız olduğunu bildirir.
Onun vəkilləri də bu əsasla apellyasiya şikayəti veriblər. Şikayətdə Arzumun bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən qəzaya səbəbkar olmadığı, buna baxmayaraq birinci instansiya məhkəməsinin ittihamedici hökm çıxardığı qeyd olunub.
Müdafiə tərəfinin hansı əlavə dəlil və sübutlarla çıxış edəcəyi hələlik bilinməsə də, tələbləri bəraət qərarı verilməsidir.
Əldə etdiyimiz məlumata görə, zərərçəkmiş tərəf də son gündə hökmdən apellyasiya şikayəti verib. Amalın həyat yoldaşı Sənubar Muradova Arzumun cəzasının ağırlaşdırılmasını tələb edir.
Arzumun şikayətinə hakim Elnur Nuriyevin sədrliyi ilə baxılacaq. Birinci iclas saat 10:45-də başlamalıdır.
Qeyd edək ki, Arzumun təqsirli bilindiyi yol qəzası ötən ilin iyununda baş verib. Qəza nəticəsində 29 yaşlı Amal Məlikov ölüb, onun həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. Amalın hüquqi varisi və həyat yoldaşı Arzumla barışmayıb, onun qanunauyğun cəzalandırılmasını tələb ediblər. Arzumun məhkəmə zalında həbs edilməsi cəmiyyətdə geniş rezonans doğurub. Sosial şəbəkələrdə yayılan qəza görüntüləri ətrafında hüquqşünaslar, nəqliyyat üzrə ekspertlər və müxtəlif sahələrin nümayəndələri arasında müzakirələr aparılıb. Bir çoxları qəza anının görüntülərini analiz edərək Arzumun hadisədə təqsirli olub-olmaması ilə bağlı fərqli mövqelərdən çıxış ediblər.
Sail Ağasəlim
- "Azercell" media nümayəndələrini təbrik edir
- Mehdiabadda üzərində xəsarətlər olan meyit tapıldı
- Bakıda dəfn olunmaq istəsə də, İsraildə torpağa tapşırılacaq...
- Kənd Təsərrüfatı Nazirliyinə daha bir səlahiyyət verildi
- Arzumun növbəti məhkəməsidir - Amalın xanımı hökmdən narazıdır
- Bakıda bəzi liftlərin fəaliyyəti dayandırıldı
- Bakı bu reytinqində ilk 100-lüyə daxil oldu
- Yeni dövrün əmək bazarı: Məşğulluq Strategiyası bizə nə vəd edir? - Ekspert şərhi