34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı

05:11 - 20 Avqust 2026 - DÜNYA

 34 il əvvəl yoxa çıxdılar - Buzlar əriyəndə sirr açıldı

1992-ci ildə İsveçrədə Alp dağlarında itkin düşən iki belçikalı alpinistin taleyi 34 ildən sonra məlum olub. Onların insan qalıqları Trift buzlağında aşkar edilib və DNT analizi nəticəsində şəxsiyyətləri təsdiqlənib.

BUTA.TV” xəbər verir ki, 39 və 41 yaşlı iki belçikalı alpinist 4 sentyabr 1992-ci ildə İsveçrədəki 4017 metr hündürlüyündə Vaysmies zirvəsindən keçməklə Almagellerhütteyə getmək üçün yola çıxıb.

Lakin bölgədə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən onlar təyinat yerinə çatmayıb. Həmin vaxt aparılan axtarışlar zamanı yalnız bir çanta tapılıb, alpinistlərin özündən isə heç bir iz əldə edilməyib.

İllər keçdikcə itkin alpinistlərin tapılması ilə bağlı axtarışlar nəticəsiz qalıb. Lakin Alp dağlarında buzlaqların əriməsi onilliklərdir buz altında qalan izləri üzə çıxarıb.

İyul ayında Trift buzlağında bir turist insan qalıqları aşkar edib. Qalıqların yaxınlığında tapılan şəxsiyyəti təsdiq edən sənədlər onların 1992-ci ildə itkin düşən iki belçikalı alpinist ola biləcəyinə dair ehtimalları gücləndirib.

Daha sonra ailələrdən götürülən DNT nümunələri ilə aparılan analiz qalıqların məhz həmin iki alpinistə məxsus olduğunu qəti şəkildə təsdiqləyib.

Tapılan qalıqlar məhkəmə ekspertizası üçün Siondakı Məhkəmə Ekspertizası İnstitutuna göndərilib. DNT nəticələrinin açıqlanması ilə iki alpinistin taleyi ilə bağlı 34 il davam edən müəmmaya son qoyulub.

Qeyd edək ki, Alp dağlarında buzlaqların sürətlə əriməsi nəticəsində son illərdə onilliklər əvvəl itkin düşmüş alpinistlərin qalıqlarının üzə çıxması halları artıb.

Mütəxəssislər qlobal istiləşmənin buzlaqların əriməsini sürətləndirdiyini və bunun nəticəsində uzun illər buz altında qalmış insan qalıqları ilə yanaşı, müxtəlif tarixi əşyaların da yenidən üzə çıxdığını bildirirlər.

2023-cü ildə də Matterhorn yaxınlığında 1986-cı ildən bəri itkin hesab olunan alman alpinistin qalıqları buzlağın əriməsi nəticəsində aşkar edilmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol