500 illik dünya xəritəsi dəyişir - Tarixi qərar

21:37 - 5 Sentyabr 2026 - GÜNDƏM

 500 illik dünya xəritəsi dəyişir - Tarixi qərar

BMT Baş Assambleyası dünyada təxminən 500 ildir geniş istifadə olunan Merkator proyeksiyasına alternativ xəritə yanaşmasını dəstəkləyib. Afrika ölkələrinin rəhbərlik etdiyi təşəbbüs çərçivəsində qəbul edilən qərar qitələrin real səth sahələrini daha dəqiq əks etdirən Bərabər Yer proyeksiyasından istifadənin təşviq edilməsini nəzərdə tutur.

BUTA.TV” xəbər verir ki, qətnamə 164 ölkənin dəstəyi ilə qəbul edilib.

ABŞ qərara qarşı səs verən yeganə ölkə olub, Serbiya, Estoniya, Gürcüstan, Litva, Moldova və Ukrayna isə bitərəf qalıb.

1569-cu ildə flamand kartoqrafı Gerardus Merkator tərəfindən naviqasiya məqsədilə hazırlanan proyeksiya qütblərə yaxın əraziləri olduğundan daha böyük göstərir.

Məsələn, Merkator xəritəsində Qrenlandiya Afrika ilə, demək olar ki, eyni ölçüdə görünür. Halbuki Afrikanın real səth sahəsi Qrenlandiyanın səth sahəsindən təxminən 14 dəfə böyükdür.

Bərabər Yer proyeksiyasında isə qitələrin səth sahələri daha dəqiq göstərilir. Bu xəritədə Afrika daha böyük, Avropa, Şimali Amerika və Qrenlandiya isə Merkator proyeksiyası ilə müqayisədə daha kiçik görünür.

Toqonun liderliyi və Afrika İttifaqının dəstəyi ilə irəli sürülən təşəbbüs BMT Baş Assambleyasında səsverməyə çıxarılıb.

ABŞ qətnamənin kartoqrafik müzakirələrdən kənara çıxan “ideoloji gündəm” daşıdığını və beynəlxalq sülh, rifah və münasibətlər kimi daha vacib məsələlərdən diqqəti yayındırdığını bildirib.

Qətnamə məcburi xarakter daşımır və Merkator proyeksiyasını qadağan etmir. Bu proyeksiyanın dənizçilik və aviasiya kimi sahələrdə bəzi texniki üstünlüklərinin qaldığı qeyd olunur.

Yeni qərar hökumətləri və müxtəlif qurumları qitələrin faktiki ərazilərini daha dəqiq göstərən xəritə proyeksiyalarından istifadəyə təşviq edir.

Təşəbbüsü dəstəkləyən “Xəritəni DÜZƏLDİN” kampaniyası isə Bərabər Yer xəritəsinin məktəblərdə, dərsliklərdə, mediada və rəqəmsal platformalarda daha geniş istifadəsinə nail olmağı hədəfləyir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol