“O aparıcıların üzünə tüpürəndə deyirlər ki...” - Kamran Həsənlidən ağır sözlər

17:09 - 12 Oktyabr 2023 - CƏMİYYƏT

 “O aparıcıların üzünə tüpürəndə deyirlər ki...” - Kamran Həsənlidən ağır sözlər

Dünyaya açılan pəncərənin - televiziyanın qarşısına keçərək dincəlmək əvvəllər gündəlik həyat tərzimizin bir parçası idi. Bu gün vəziyyət xeyli dəyişsə də, televizora baxanlar hələ də var. Yerli telekanallarda yayımlanan proqramların maraqlı olub-olmamağı barədə də birmənalı fikir yoxdur. Bu yöndə daim müzakirələr aparılır. Yəni bəyənib izləyənlər də var, kanalı dəyişənlər də. 

Son günlər müzakirə olunan digər məsələ isə verilişlərin vaxtıdır. Bu gün yerli telekanallarda 2-3 saatlıq verilişlərə rast gəlmək olur. Bəs görəsən, bu qədər uzun proqramlara gərək varmı?

Məsələ ilə bağlı  danışan tanınmış aparıcı Kamran Həsənli bunun efir vaxtını doldurmaq üçün edildiyini açıqlayıb: 

“Dünya təcrübəsində dəqiq bir qayda yoxdur ki, veriliş filan qədər davam etməlidir. Televiziyanın özünün konsepti var. Efir boş olanda, siyahısı (Televiziya dilində ona “setka” deyirlər) boş olanda verilişləri hətta 4 saat da uzatmaq olar. Bizim də efir boşdur. Televiziya kanallarına diqqətlə fikir versəniz, bunu müşahidə etmək mümkündür. Kanalı nə vaxt açasanız, vaxtaşırı boşdur. Kanalda nə mənalı, maraqlı veriliş, nə intellektual yarışma, nə şou-proqram görmək mümkündür. “Setka” boş olduğuna görə də, sosial proqramlar 2-3 saat davam edir, yavaş-yavaş danışırlar, mövzunu qəsdən uzadırlar və s. Sonradan özləri-özlərinə reytinq yazırlar. Reytinqi ən yaxşı internetdə görmək olar. “YouTube”a veriliş qoyulur və onun baxışı 30-40, maksimum 2-3 min nəfərdən o tərəfə keçmir. Bunu özləri də çox yaxşı bilirlər. Fikir versəniz görərsiniz ki, çox vaxt verilişləri heç “YouTube” kanalına da yükləmirlər. Çünki əmindirlər ki, bu zaman biabır olacaqlar”. 

K.Həsənli aparıcıların “reytinq xətrinə edirik” kimi fikirlər səsləndirərək məişət mövzularını təbliğ etmələrini sərt tənqid edib: 

“Aparıcılar reytinq ölçə bilməzlər, yalan deyirlər! Reytinqi sosial şəbəkələrə baxaraq şərhlərin, bəyənmələrin sayı ilə ölçə bilərsən. Onlar efirdə oturublar, veriliş aparırlar, hardan bilə bilərlər ki, bu veriliş reytinq verir, ya yox?! Reytinq ondan ibarətdir ki, bütün xalq sosial şəbəkələrdə onları söyür. Bu isə antireytinqdi. Hansı sosial şəbəkəyə girirsən bu tip verilişləri, aparıcıları xalq söyür, amma onların üzünə tüpürsən də, ağır sözlər desən də, deyəcəklər ki, əsas odur ki, bizə baxırlar, reytinqimiz var. Bununla özlərinə təsəlli verirlər. 

Bu tip verilişləri niyə aparırlar? Çünki onlar özləri məişət düşüncəsində olan insanlardır. Kanalların rəhbərləri də, departament rəhbərləri də, aparıcıları da bu cürdür. Onların intellekti normal veriliş aparmağa imkan vermir, məişət problemlərindən kənar şeyləri düşünə bilmirlər. Bu insanlar həyatda da belədir, bir masa arxasında oturanda dünyada gedən proseslərdən, intellektual mövzulardan danışsan,  bir neçə dəqiqə sonra darıxırlar, durub masanı tərk edirlər. Yaxud da deyirlər ki, “Sən Allah, başqa söhbət et”. Çünki özləri məişət adamlarıdır, məişət problemləri ilə yaşayırlar. Bu aparıcılar başqa cür proqram yarada və onun aparıcılığını edə də bilməzlər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol