Xankəndi paytaxt ola bilərmi? – Millət vəkilləri

14:52 - 18 Oktyabr 2023 - CƏMİYYƏT

 Xankəndi paytaxt ola bilərmi? – Millət vəkilləri

Azərbaycanın paytaxtının dəyişməsi məsələsi geniş ictimai müzakirədən keçməlidir. Həqiqətən də Bakının sıxlığının azaldılması üçün biz İstanbul-Ankara, yaxud Peterburq-Moskva modelinin birini tətbiq etməliyik. Tarixdə bunun nümunələri var. Lakin fikrimcə, paytaxt müzakirəsi ilə bağlı indi səsləndirilən Xankəndi və yaxud Ağdam variantları məqbul deyil. Göyçay-İsmayıllı bölgəsi üzərindən Azərbaycanın mərkəzi coğrafi yerləşim nöqtəsinə uyğun paytaxt seçilməsi daha məqsədəuyğun olar.

Bu sözləri BUTA.TV-a açıqlamasında millət vəkili Fazil Mustafa paytaxtın köçürülməsi barədə müzakirələr haqda deyib.

F.Mustafanın sözlərinə görə, bu məsələdə ümumi milli konsensus əldə olunmalıdır:

“Ancaq birmənalı şəkildə Bakının yükünü azaltmaq üçün paytaxtın bölgəyə köçülməsi olduqca vacibdir. Bunun hansı şərtlərlə mümkün olacağı haqda fikir söyləmək bir qədər çətindir. Çünki bunun üçün böyük maddi resurslar sərf olunmalıdır. Amma biz bu mövzunu düşünməliyik. Çünki Bakının məhdud ərazisində və natamam infrastruktur şəraitində çox sayda əhalinin hərəkət etməsini, iş prosesinin canlı saxlanmasını təmin edə bilmərik. Tıxac iqtisadi cəhətdən ölkəyə çox böyük zərbə vurur. Həmçinin, təhsil, əmək fəaliyyəti ilə bağlı böyük problemlər yaradır. İş həyatını və iqtisadiyyatı da ciddi şəkildə öz təsiri altında saxlayır. Ona görə də bu mövzunu yaxın zamanlarda həll etmək olduqca vacibdir”.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Millət vəkili Vahid Əhmədov paytaxtın dəyişdirilməsi məsələsinin mütəmadi gündəmə gəldiyini bildirib:

“Xüsusilə də Bakıda son vaxtlar tıxacların artması, bütün nazirliklərin paytaxtda yerləşməsi müəyyən problemlərə səbəb olur. Ona görə yeni infrastrukturun tikilməsi, nazirliklər və dövlət orqanlarının ora köçürülməsi mütəmadi müzakirə obyektidir. Düşünürəm ki, dövlət orqanlarının bir-biri ilə bağlı olmasını nəzərə alaraq nazirlikləri daha uzaq yerlərə köçürmək problem yarada bilər. Amma Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi kimi müəssisələr və sənaye ilə əlaqədar olanlar regionlara köçürülə bilər. Həmçinin, mən Ağdamda hərbi sənaye müəssisələrinin təşkili ilə bağlı təklif də irəli sürmüşdüm. Xankəndi şəhərinin bir az daha uzaq olduğunu nəzərə alsaq, müəssisələr Ağdama köçürülə bilər. Aldığım məlumata görə, Ağdamın planı artıq təsdiq edilib. Həmin plana əsasən, müəyyən yerli idarə orqanları və nazirliklərin şəhərdə olması nəzərdə tutulub. Lakin mərkəzi icra orqanlarının köçürülməsi təbii ki, dövlət başçısının göstərişi əsasında mümkündür”.

İqtisadçı ekspert Natiq Cəfərli qeyd edib ki, burada əsas problem paytaxtın köçürülməsi deyil:

“Bu məsələdə yeni yanaşma ilə paytaxtın yükünün azaldılması mümkündür. Xankəndi və Ağdam kimi şəhərlərə paytaxtın köçürülməsi hələ təhlükəsizlik baxımından tam uyğun deyil. Çünki bu şəhərlər digər dövlətlərin sərhədlərinə daha yaxındır. Bakı isə strateji və təhlükəsizlik nöqteyi-nəzərindən daha uğurlu yerdədir. Lakin Bakının yükü azaldıla bilər. Belə ki, şəhərdən dövlət orqanlarının əksəriyyəti - nazirliklər, universitetlər işğaldan azad olunmuş bölgələrə köçürülə bilər. Hətta bu məsələdə Gürcüstan nümunəsini də nəzərə alsaq, parlament də həmin müəssisələrin sırasına daxil edilə bilər. Belə ki, əsas sessiyalar Bakıda, komissiya iclasları və digər aktivliklər isə Ağdamda keçirilə bilər. Bu, həmin bölgələrin inkişafına, fəallığına şərait yaradacaq. 20-25 min tələbənin təhsil aldığı bir universitet şəhər avtomatik olaraq on dəfə çox əhaliyə sahib olacaq. Beləliklə, orada kirayə evlər bazarı, mağazalar, kafelər, restoranlar, əyləncə mərkəzləri inkişaf edəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol