Elə bir günümüz yoxdur ki, barmağımızı dişləyib, “mən bilirdim ki, belə olacaq” sözünü deməyək.
Nədə stabil olmasaq da, hər gün stres yaşamaqda stabilik. Təəssüf ki, bizi ən çox narahat edən sabahkı günümüz, sosial durumumuz və onun sığortasıdır.
İllərlə, min bir əziyyətlə qazanılan halal beş manatımızın ahıl-qoca yaşımızda əlimizdə olmasını istəyirik ki, heç kimə möhtac olmayaq.
Belə baxanda, villa istəmirik, xarici banklarda hesab istəmirik.
Amma di gəl ki, beş manatımızı sığortaya alıb qoymağa bank tapmırıq. Həm də iqtisadiyyatdan az-çox anlayışı olan adam bilir ki, pul elə bir məhsuldur ki, işləməsə, dəyərini itirir. Ona görə də pulu ya işə yatırmaq, ya da normal, güvənli bir banka qoymaq daha məqsədəuyğundur. Amma bank sistemi də dönüb Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş, lakin minalı ərazisi.
Hansını deyirsən, görürsən ki, sabah çıxdaş olur.
Elə biri də bu gün çıxdaş oldu: “Muğan Bank”.
İndi orada əmanətini saxlayan üç-beş nəfərin halını təsəvvür edirəm. Vallah ki, imkanlı adamlar əvvəlcədən bilirlər pulu hansı bankda saxlamağı. Vay bizim kimi adi camaatın halına.
İndi bank bağlanandan sonra əmanətçilərə kompensasiya olunacaqmı, olunmayacaqmı - onu hələ bilmirəm.
Bundan əvvəl də “Günay Bank” bağlandı, ya da bağlanıldı. Ortaya sual çıxır, bank işi belə asandırmı? Aç-bağla? Ya necə?
“Günay Bank” bağlananda insanlar haqlı olaraq müvafiq quruma sual ünvanlamışdılar?
“Günay Bank”dan başqa, daha hansı bankların “təhlükəli” olduğunu soruşmuşdular?
Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov jurnalistlərə açıqlamasında ölkədə ciddi problemi olan bankın olmadığını bildirmişdi: “Azərbaycanda hər hansı bankın bağlanacağını deyən ekspertlər fakt göstərməli, iddialarını əsaslandırmalıdırlar. Mən fərziyələri şərh etmirəm. Hazırda ölkədə ciddi problemi olan bank yoxdur”.
Üstündən cəmi üç ay keçir və xəbər çıxır ki, sən demə, “bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğu, məcmu kapitalının adekvatlıq əmsalının üç faizdən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi, habelə bankın daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmadığı” üçün “Muğan Bank”ı da göndərdilər “Günay Bank”ın yanına.
İndi bir jurnalist kimi mən Taleh Kazımova sual verirəm: Taleh müəllim, o oturduğunuz kresloda nə hikmət var elə?
Sizin sələfiniz Elman Rüstəmov də eynilə sizin kimi danışardı. Ya da siz eynilə onun kimi danışırsınız.
Elman Rüstəmov mediaya açıqlama verən kimi ki: “manatın devalvasiyası gözlənilmir”, səhəri gün manat təpəsi üstə gəlirdi yerə.
Özü də bu hal bir neçə dəfə təkrar olundu deyə Elman Rüstəmov manatın adını çəkən kimi adamlar gecə ilə gedirdilər başqa valyuta - yəni dollar almağa. Xırda biznesi olan, balaca dükan saxlayan, kiçik alverlə məşğul olan adamlara Elman Rüstəmovun “gizli” mesajı bəs edirdi ki, adamlar işlərini bərk tutsunlar. Yoxsa ki “dünya birjası elə getdi”, “yuan belə qalxdı”, “funt belə düşdü” ilə vaxt itirməyə ehtiyac yoxdu.
İndi belə görünür ki, Taleh Kazımov da eyni taktika və strategiya ilə vəzifə öhdəliklərini yerinə yetirir.
Üç ay əvvəl deyir ki, “Mən fərziyyələri şərh etmirəm. Hazırda ölkədə ciddi problemi olan bank yoxdur”, üç ay sonra bank Azərbaycanın iqtisadi tarixinin uzaq küncünə göndərilir.
Və növbəti sual ortaya çıxır. Hörmətli Taleh Kazımov, baxmayın, siz bizdən qat-qat savadlı, iqtisadi bilikli, debitlə krediti ayıran, dünyagörüşlü adamsınız. Bu necə olur ki, üç ay əvvəl bankın problemi olmur, amma üç ay sonra bir qatar “diaqnozu” çıxır ortaya? Axı bank bir sistemdir. Üç aya xarab olacaq bir qurum deyil.
Ya sizin də bankların necə çalışması ilə bağlı bilikləriniz elə mənimki qədərdir, ya da yumşaq desək, “Muğan Bank” xeyli əvvəldən problemin içində boğulurmuş, siz isə görməzdən gəlirdiniz.
İndi etiraf sizdə. Deyin, bilək, hansı versiya daha doğrudur?
Siz cavab verənə qədər, ya da heç cavab verməyənə qədər sizə bir sirr açım.
Bizim camaatın belini əvvəl sovetin pulu, “Sberkassa”sı, “Zolotoy zayom”ları qırdı.
Sonra “Vahidbank” və onun kimi dələduz piramida şirkətləri çıxdı.
Ölkənin pul strategiyasını idarə etməkdə məsul olan qurumun verdiyi qərarlar nəticəsində sadə vətəndaşın pulu qeybə çəkilirsə, onda hansı etibardan söhbət gedə bilər? Qayıdırıq 100 il əvvələ, yenə də pulu yığırıq döşəyin altına. Azından, ora daha etibarlıdır.
Müstəqillik illərində iqtisadi vəziyyət düzəldikcə, az-çox firavanlıq yaşandıqca insanımız yavaş-yavaş banklara inanmağa, etibar etməyə başladı. Xırda-para pulunu əmanət elədi.
Bu gün də sizin kimi yüksəksəviyyəli peşəkar üç ay əvvəl dediyi sözün əksini edərək bankı yolladı evə.
İndi sual olunur: Daha neçə bank “viruslu”dur?
Bu suala cavab olmadığı üçün də insanımız sabah üç-beş manatını banklardan çıxartmaq üçün növbəyə düzəlsə, heç təəccüb etmərəm. Üç gün sonra da çıxıb deyəcəksiniz ki, “bəs banklara etibar edin, pulunuzu sistemdən çıxarırsınız, iqtisadiyyata zərbə vurursunuz”.
Paho, yenə də xalq günahkar çıxacaq!
Pulu gedən də xalq, malı gedən də xalq, əsəbdən ürək xəstəliyi tapan da xalq, hələ “dayanıqlı iqtisadiyyata zərbə vuran” da xalq!
Sonda demək istərdim ki, əziz və hörmətli məmurlar! Sizin gizli şifrələrlə xalqa mesaj göndərməyiniz nəticəsində biz çaş-baş qalırıq.
Xahiş edirik ki, bundan sonra yaranan problemlə bağlı birbaşa məlumat verəsiniz. Biz də başımıza çarə qılaq.
Belə də ki, uzun ömür, cansağlığı...
Kubra Məhərrəmova
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi