Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının tanınmış funksionerlərindən olan parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovla həmkarı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc arasında mübahisə yaranıb.
“BUTA.TV”nin məlumatına görə, parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc həmin toplantıda çıxış edərək bildirib ki, 1991-ci ildə Müstəqillik Bəyannaməsi qəbul ediləndə Xankəndi, Qarabağın inzibati ərazisinin 1/3-i Azərbaycanın nəzarətində deyildi:
“Vətən müharibəsində qazanılan Zəfər millətimizə 20 sentyabr bütövlüyündən doğulan Yeni müstəqillik günü bəxş edib. Biz əvvəlki təqvimləri yeniləməli, 4-cü Respublikanın Qələbə tarixini milli “Müstəqillik günü” kimi rəsmiləşdirməli və əbədiləşdirməliyik”.
Siyavuş Novruzov bu təkliflə razılaşmayıb:
“Zahid Oruc bizi məlumatlandırsın ki, hansı parametrə uyğun 4-cü Respublika qurulduğunu deyir”.
O bildirib ki, bu, dövlət üçün vacib məsələdir:
“Tarix birdir, tarixi inkişaf etdirən də birdir, ərazini işğaldan azad edən bəllidir. 1918-1920, 1920-1991 və 1991-ci ildə müstəqilliyin bərpa edilməsi, bununla 3 oldu. Dördüncü Respublika nə vaxt qurulub? Onu görən olubmu harada, nə vaxt və hansı formada quruldu? Odur ki, hörmətli Zahid müəllim deputatları bu məsələ barədə məlumatlandırsın. Bu, dövlətimiz üçün vacibdir ki, sonra gedib başqaları bundan tarix düzəltməsin. Bizim 4-cü Respublikamız hələ olmayıb. Mən heç arzu da etmirəm ki, 4-cü Respublikamız olsun. Çünki 3-cü Respublikamız var və torpaqlarımızı işğaldan azad edib”.
Göründüyü kimi, “müstəqil Azərbaycan dövlətçiliyi hazırda III yoxsa, IV respublika dövrünü yaşayır” sualı həm cəmiyyət, həm də siyasi dairələr tərəfindən, o cümlədən parlament səviyyəsində müzakirələrə səbəb olub. Odur ki, suala bir neçə aspektdən aydınlıq gətirilməsinə zərurət var.
Zənnimizcə, məsələyə ilk növbədə konstitutsiya hüququndan yanaşmaq lazımdır.
Azərbaycan Konstitusiyanın ilk maddəsində hakimiyyətin yeganə mənbəyinin xalq olduğu qeyd olunur. Ana Yasanın ikinci maddəsində isə yazılır:
“Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur”.
Məhz bu iki maddə Azərbaycan dövlətinin idarəetmə forması olaraq “respublika” modelinin seçilməsini şərtləndirir. Bir idarəetmə forması olaraq “respublika”çılığın əsasında dayanan bu iki xüsus məntiqi ardıcıllıq yaradaraq Konstitutusiyanın 7-ci maddəsini ortaya qoyur:
“Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”.
Konstitusiya hüququ baxımdan yanaşdıqda, Azərbaycanda cəmi bir respublika olub və var. Məlum olduğu kimi, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunub. Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. 28 aprel 2020-ci ildə bolşeviklər tərəfindən de-fakto işğal olunsa da, de- yure Azərbaycanın müstəqil respublika forması, necə deyərlər, kağız üzərində olsa da, saxlanılıb. Azərbaycan SSRİ-nin 15 sözdə müttəfiq respublikasından biri olduğu 70 il ərzində də yuxarıda göstərilən spesifikasını qoruyub. Azərbaycan SSR-nin konstitusiyalarında onun “müstəqil” və “respublika” modelli dövlət olması vurğulanıb. 18 oktyabr 1991-ci ildə qəbul olunan Konstitusiya Aktı ilə Azərbaycan Respublikası özünü AXC-nin varisi adlandırıb, AXC-nin 20 aprel 2020-ci ildəki süqutunu işğal kimi qiymətləndirib və dövlət müstəqilliyini bərpa edib. 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublıikasının Konstitusiyası (2002, 2009, 2016-ci ildəki dəyişikliklərlə birgə) Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürür. Bu isə o deməkdir ki, respublikaçılıq institutunun tarixi ölkəmizdə hüquqi baxımından kəsintisizdir.
“Respublika” bir idarəetmə forması olaraq müasir dövlətlərin tarixinə (müəyyən zamanlarda sırf hökumət forması olaraq nəzərdə tutulmaqla) Fransa inqilablarının nəticəsi olaraq daxil olub. Kəlimənin latınca əsli “ictimaiyyətə məxsus olan” mənasını verən “Res Publica”dır. Qarşılığı fransız dilində “La Republique”, ingiliscə isə, “The Republic” dir. Ərəb mənşəli “cümhuriyyət” kəliməsi də hüquqi və siyasi baxımdan eyni modeli ifadə edir. “Respublika” modelinin əsas xüsusiyyətləri hakimiyyətin və suverenliyin xalqa məxsus olmasıdır- bu barədə yuxarıda az da olsa məlumat verdik.
1789-cu ildə Fransada gerçəkləşən məşhur inqilab 1792-ci ildə konstitusiyalı monarxiya rejimini tamamilə aradan qalxması ilə nəticələndi. O zamandan bəri Fransada 5 respublika qurulub. Hazırda cəmiyyətimizdə aparılan bölgüyə də bu anologiya stimul verir. Fransada respublikaların bölgüsünü yaradan “xalq dövlətləri”nin ya bəlli bir müddət sonra monarxiya və digər rejimlərlə əvəzlənməsi, ya da böyük tarixi proseslər fonunda baş verən kardinal dəyişikliklərdir. Misal üçün, 1848-1852-ci illərdəki İkinci Fransa Respublikasının varlığına III Napaleonun özünü “imperator” elan etməsi ilə son verilmiş, Dördüncü Fransa Cümhuriyyəti isə ölkənin faşist işğalından qurtarılması və parlamentar sistemin qurulması ilə meydana çıxmışdı.
Bu baxımdan Azərbaycanda da, şərti də olsa, respublikaçılığı təsnif etmək üçün tarixi, siyasi və həm də hüquqi baxımdan əsaslar var. Bu əsaslar konstitutsional baxımdan “cəmi bir respublika” barədə az əvvəl söylədiklərimizə zidd deyil. Fransada 4-cü və 5-ci respublikalar arasındakı bölgünü “düzən fərqi” yaradırdı və eyni məzmunlu fərqlər bizim üçün də keçərlidir. Belə ki, ilk respublikamız 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətidir. 1920-91-ci illərdə mövcud olmuş Azərbaycan SSR respublikaçılıq baxımından cümhuriyyətin davamı olsa belə, faktiki olaraq işğal nəticəsində qurulmuş rejim və fərqli ictimai-siyasi formasiyadır. Yəni, tamamilə fərqli düzəndir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etməklə sosialist quruluşundan imtina etdi. Yenə fərqli düzənə keçdik. Bu bölgü, başqa sözlə birinci, ikinci, üçüncü respublikalar hər kəs tərəfindən qəbul olunur və mübahisə yaratmır.
Mübahisə doğuran əsas məsələ indi budur: 1991-93-cü illərdəki Azərbaycanla, 1993-cü ildə Heydər Əliyevin dövlətin başına gəlməsi arasında respublikaçılıq fəlsəfəsi baxımından hüquqi, siyasi və digər köklü fərqlər, yəni düzən fərqi varmı?
Bəli, var! 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi zaman hakimiyyətdə olan Ayaz Mütəllibov iqtdarı kolloboronist idi. Bu kontekstdə bir növ Üçüncü Fransa Respublikasından sonra qurulan Vişi rejiminə bənzəyirdi. Əbülfəz Elçibəyin iqtidarı dövründə isə, nə yeni ana yasa qəbul edilmiş, nə də parlament seçkiləri keçirilmişdi. Ölkədə bir düzəndən yox, düzənsizlikdən söhbət açmaq daha çox yerinə düşür. İlk iki prezidentin dövründə ölkə seperatizmə yenilmiş, torpaqlarımız işğal altına düşmüş, xoas və anarxiya meydan sulamış, qiyamlar qaldırılmışdı.
Heydər Əliyev iqtidara gəldikdən sonra ölkəmizi siyasi baxımdan toparladı, dövlət təşkilatı, mərkəzi idarəçilik sistemi qurdu, sosial, iqtisadi islahatlar apardı, daxili və xarici siyasətdə müstəqilliyin inkişafına xidmət edən prioritetlər müəyyən etdi.Azərbaycanda yeni konstitusiya qəbul edilməklə və parlament seçkiləri keçirilməklə həm faktiki, həm də hüquqi müstəvidə məzmunca yeni respublika quruldu. Əgər faşizmin işğalından qurtarılması Fransada yeni respublika yaratmışdısa, Azərbaycanda məhz Heydər Əliyevin yaratdığı IV Respublikada İham Əliyevin liderliyi və sərkərdəliyi ilə torpaqlarımız işğaldan azad olundu, xalqa məxsus suverenlik bütün ərazilərimizdə bərqərar edildi. Bu, əvvəlki üç respublika ilə müqayisədə tamamilə yeni düzəndir.
Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının təcrübəli nümayəndələrndən biridir. Auditoriyaya bəllidir ki, o, hakim partiyanın rəhbərliyində təmsil olunur və bir neçə çağırışdır ki Milli Məclisin üzvüdür. Parlamentdə Regional məsələlər komitəsinin sədri kimi mühüm post tutur. İxtisasca hüquqşünasdır. Odur ki, Azərbaycanda IV Respublika ideyasının həm siyasi-ideoloji mahiyyəti, həm də hüquqi əsasları barədə onun məlumatlı və hazırlıqlı olmasını gözləmək olardı. Ancaq tam əksinə, parlamentdə yaranan mübahisədən onu görürük ki, Siyavuş Novruzov hüquqşünas olmasına, siyasi mənsubiyyətinə və karyerasına rəğmən, 1993-cü ildən etibarən formalaşan düzən fərqlərini görməzlikdən gəlir.
Dördüncü respublika ilə əvvəlki üç respublika arasında fərqlər isə həddən böyük və kəskindir.
Birinci respublika ilə fərqlər: Müəssislər Məclisi çağırılmamışdı, Konstitusiya qəbul olunmamışdı, Milli Şura və parlament kooperasiya üsulu ilə formalaşdırılmışdı, ölkənin idarəçiliyinə açıq hərbi və siyasi müdaxilələr (Osmanlı və İngiltərə) vardı.
İkinci respublika ilə fərqlər: Azərbaycan sosialist ölkəsi idi, dövlət müstəqilliyi ancaq və ancaq kağız üzərində mövcuduydu, SSRİ-nin tərkibindəki digər respublikalar kimi vahid mərkəzdən - Moskvadan idarə olunurdu.
Üçüncü respublika ilə fərq: Ölkədə “Konstitusiya aktı” və sovet dövründən qalma qanunvericilik qüvvədə idi. Yeni sosial-iqtisadi münasibətlər formalaşmamışdı. Mərkəzi hakimiyyət yox idi. SSRİ dövründə- 1990-cı ildə formalaşdırılmış parlament- Ali Sovet öz səlahiyyətlərini Milli Məclisə vermişdi, pezidentlərdən birincisi çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılmış, ikincisi isə hakimiyyət böhranı ilə üzləşərək vəzifə yerini tərk etmişdi.
Dördüncü respublikada: Konstitusiya qəbul olundu, konstitutsion quruluş formalaşdırıldı, bazar iqtisadiyyatına keçid edildi, hakimiyyətin bütün qolları legitim əsaslarla yenidən quruldu, mərkəzi və yerli hakimiyyət orqanları, bələdiyyələr yaradıldı, hərbi qiyamların və ölkənin parçalanmasının qarşısı alındı, xarici dövlətlərlə münasibətlərdə bərabər hüquqluluq əsas götürüldü, dövlət suverenliyi və ərazi bütövlüyü təmin olundu.
Bütün bu sadalanan və sadalanmayan sistemli fərqlərin nəticəsi olaraq İrəvanı, Göyçəni, Dərələyizi, Qərbi Zəngəzuru itirən Azərbaycan Qarabağı işğaldan azad edən məzmunca yeni respublikaya çevrilib. Bir daha deyirik, Azərbaycanda respublikaçılığın təsnifi şərtidir, ancaq məsələ ondadır ki, məzmun baxımından çağdaş Azərbaycanı müstəqilliyini qoruya bilməyən cümhuriyyətlə, işğalla qurulmuş Moskvadan asılı sosialist rejimi ilə bir tutmaq mümkün olmadığı kimi, kolloborinist və oxlakratik iqtidarlar dövründən ayırmamaq da sistem yanaşma xətasıdır.
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi
- "Azpulmat” və “Manato”dan istifadə edənlərə mühüm xəbər
- Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
- Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
- Duda Bakıdan sonra niyə İrəvana getdi?
- Bu ölkə Ermənistana S-300-lər göndərir - Təcili
- Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK