Bakı Metropoliteni QSC metroda gediş haqqının 70 qəpik olacağı barədə yayılan məlumatlara münasibət bildirib.
BUTA.TV xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Bakı Metropoliteni QSC-nin qiymət artırmaq kimi səlahiyyəti yoxdur.
Bununla əvvəllər Tarif Şurasının məşğul olduğunu xatırladan qurum rəsmisi deyib ki, hazırda bu səlahiyyət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindədir. O, buna görə də qeyd olunan məsələ ilə bağlı nazirliyin məşğul olduğunu vurğulayıb.
B.Məmmədov həmçinin son illər sərnişindaşımada maya dəyərinin fərqlərindən də danışıb:
"2018-ci ilin hesabatına əsasən, bir sərnişinin maya dəyəri 51 qəpik idi, 2019-cu ildə 50 qəpiyə salınmışdı. Çünki sərnişin sayı artmışdı. Digər tərəfdən isə Metropolitendə yeni texnikaların tətbiqi və aparılan optimallaşma tədbirləri sərnişindaşımaya bu və ya digər formada təsir etmişdi. Əfsuslar olsun ki, pandemiya və məhdudiyyətlər 2020-2021-ci illərdə sərnişindaşımaya mənfi təsir göstərdi. Nəticədə metronun gəlirləri aşağı düşdü və sərnişindaşımanın maya dəyərinə təsirsiz ötüşmədi. Müsbət tendensiya 2022-ci ildən başladı. Ümumilikdə, bu il fərqin aradan qaldırılması üçün Metropolitenə subsidiyalar ayrılıb, o cümlədən dövlətin müvafiq yardımları var".
B.Məmmədov eyni zamanda bildirib ki, Metropolitenin əsas gəlir mənbəyi məhz sərnişindaşımadır:
"Stansiyalarda yerləşdirilən ödəniş terminalları, bankomatlar, reklamlardan da gəlirlər əldə olunur. Lakin bu gəlirlər elə də böyük məbləğdə deyil. Ona görə də sərnişinin sayı metropolitenin gəlirlərinə birbaşa təsir göstərir".
Qeyd edək ki, Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov müsahibəsi zamanı bir sərnişinin daşınmasının 2022-ci ildə 68 qəpiyə başa gəldiyini söyləyib. Bundan sonra cəmiyyətdə və sosial şəbəkələrdə metroda gediş haqqının 70 qəpiyə qədər artacağı ilə bağlı iddialar səsləndirilib.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi