Vaqif Qarayev: “Keçən ildən ara-sıra qızılcaya yoluxanlar az idi, bu il isə həddən artıq çoxdur, çünki...”
Son aylarda uşaqlar arasında müxtəlif viruslar yayılıb. Valideynlərin şikayəti isə əsasən ondan ibarətdir ki, övladları qızılcanı, suçiçəyini ağır keçirirlər. Halbuki bir müddət idi ki, bu viruslara yoluxma ölkəmizdə tək-tək hallarda olurdu. Yalnız bu deyil, bir neçə gün öncə Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma da aşkarlandı. Son bir həftə ərzində şəhərin əsasən “Tərəvəzçilik” yaşayış massivi ərazisində yerləşən Bahar küçəsində təsdiqlənmiş hepatit A diaqnozu ilə beş xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub. Onlardan dördü qız, biri isə oğlan uşağıdır və 6, 7, 9 və 11-ci sinif şagirdləridir. Virusların belə geniş vüsət almasına səbəb nədir? Yeri gəlmişkən, 20 noyabr həm də Beynəlxalq Pediatr Günüdür. Bu günün qeyd olunmasında məqsəd uşaqlar üçün beynəlxalq həmrəyliyi və onların sağlamlığını daha da inkişaf etdirməkdir. Bəs Azərbaycanda pediatriya sahəsində vəziyyət necədir?
Tanınmış pediatr Vaqif Qarayev “Yeni Müsavat”a danışıb, bu və ya digər sualları cavablandırıb.
- Doktor, pediatriya sahəsində vəziyyət necədir? İllərin təcrübəli bir həkimi kimi bizim pediatrların fəaliyyətindən razısınızmı?
- Bu gün səhiyyənin, elə pediatriyanın vəziyyətindən ilk növbədə əhali razı olmalıdır. Nə olsun ki, həkim razıdır. Amma ədalət naminə deməliyəm ki, son vaxtlar kənarda oxuyan həkimlərimiz, uzman pediatrlarımız var. Onlara mütləq etibar etmək olar. Həm də sovet vaxtı müayinə imkanı az idi, amma dərmanlar çox keyfiyyətli idi. İndi diaqnostika üçün kifayət qədər laboratoriya, hər şey var, amma dərmanlar keyfiyyətsizdir. Bir də sığortanın tətbiqindən sonra həkimlərin maaşı da artıb. Yoxsa sahə pediatrlarının yol pulu belə olmurdu. Peşəyə məsuliyyət artıb.
- Qızılca, suçiçəyi neçə il idi ki, bizdə yox idi. İndi belə yayılmasının səbəbi nədir?
- Qızılca COVİD-dən qabaq çox yayılmışdı. Avropanın bir çox ölkələrində, elə bizdə də həddən artıq çoxalmışdı. Sonra koronavirusla bağlı uşaq kontingentini təcrid etdik. İkinci də COVİD o qədər güclü virus idi ki, özündən zəifləri sıxışdırdı. Yalnız qızılca yox, hər mövsümdə gördüyümüz digər viruslar da yox oldu. Daha sonra, yəni keçən ildən ara-sıra qızılcaya yoluxanlar az da olsa var idi. Amma bu il həddən artıq çoxdur. Sosial şəbəkələrə baxsanız da görə bilərsiniz, uşaqlarının şəkillərini yerləşdirirlər, şikayətlər çoxalıb. Amma bir vacib məqamı deyim, təkcə COVİD-19-dan da əvvəl, dünyada vaksin əleyhinə bir hərəkat var, haradansa mənasız, heç bir elmi mənbəyə əsaslanmayan, heç bir elmi mərkəzin açıqlaması olmayan məlumat paylaşırlar. Peyvənd iflic etdi, öldürdü, heç bir faydası yoxdur kimi fikirlər səsləndirirlər. Bizim toplum üçün də belə məlumatlar göydəndüşmədir. Ona görə uşaqlar peyvənd olunmur. Qızılcadan qorunmağın yeganə yolu peyvənddir. Uşaqlar iki dəfə peyvənd olunmalıdır. Birinci 1 yaşında, ikincisi 6 yaşında. İndi yayılıb, artıq poliklinikalar valideynləri məcbur edirlər ki, uşaqlarını peyvəndləməyə gətirsinlər. Sovet dövründə bu, məcburi profilaktik bir tədbir idi. Bu peyvənddən yayınan valideynləri cəzalandırırdılar. Hətta polislə poliklinikaya gətirirdilər. Sonra biz müstəqil olduq, avropalaşdıq, uşaq hüquqları-filan nəzərə alındı. Yaxşı, valideyn peyvəndə etiraz edir, onda həmin valideyn zəhmət çəksin digər valideynin uşağını yoluxdurmasın. Bu mümkün olacaqmı? Yox! Bilirəm, poliklinika həkimləri nə qədər səy göstərirlər, izah edirlər, məcbur edirlər. Bundan sonra də valideyn imtina edirsə, artıq həkimin məsuliyyəti deyil.
- Bildiyim qədərilə, əvvəllər, hələ qızılcaya, suçiçəyinə qarşı vaksinlər olmadığı vaxtlarda xəstəlik çox ağır gedişatlı olub, ölümlərə səbəb olub. İndi vaksindən imtina edənləri də bu aqibət gözləyirmi?
- Təbii ki, qızılcanın çox ağır ağırlaşmaları var. Buna qızılca pnevmoniyası deyirlər. Onlar COVİD pnevmoniyası kimi müalicəyə çox çətin tabe olurlar. Qızılca meningiti var. Uşaq kar, kor ola bilir, şok ağırlaşmaları var. Mən dəfələrlə görmüşəm, istəmirəm, vurdurmuram deyən valideyn uşağı qızılcaya tutulandan sonra oturub ağlayıb ki, uşağıma kömək et. Göy öskürək adlı bir xəstəlik var. Uşaq öskürəkdən boğulur, o da COVİD-dən qabaq çox yayılmışdı. İndi amma müşahidə etmirəm. AKDS deyilən bir peyvənd var, ora difteriya, tetanus və göy öskürək, bu üç xəstəliyin əleyhinə olan peyvənddir. Uşağı boğula-boğula gətirir, soruşanda ki niyə peyvənd vurdurmamısan, deyir “bilmirəm”. Əksər valideynin cavabı bu idi. Difteriya çox ciddi bir xəstəlikdir. 90-larda I Qarabağ savaşı ilə bağlı, uşaq kontingenti ölkənin hər yerinə səpələndi və peyvəndsiz qaldı. Difteriyanın epidemiyası tüğyan edirdi. Çox ağır xəstəlikdir, ölümlə nəticələnə bilən xəstəlikdir. Onda biz onu birtəhər, peyvəndlərin hesabına yığışdıra bildik. Rumıniyada virus yayılmışdı, Ümumdünya Səhiyyə Təşkilatı onlara pulsuz vaksin vermədi, çünki bu ölkədə vaksinin əhəmiyyətini əhaliyə başa sala bilməmişdilər.
- Doktor, Mingəçevirdə də məktəblilər arasında hepatit A (sarılıq) virusuna yoluxma aşkarlanıb. Bu nə qədər təhlükəlidir?
- Hepatitlər arasında ən qorxulusu Hepatit C-dir. Çünki vaxtında müalicə olunmasa sirroza aparır. A hepatiti daha çox çirkli sudan, qida maddələrindən, çirkli əllərdən keçir. Misal üçün, bir su şəbəkəsində hepatit virusu varsa, o sudan istifadə edən əhali yoluxa bilər. Yəni lokal xarakter daşıyır. Rayonun hansı şəbəkəsində varsa, yaxud 10 nəfər xəstələnibsə, epidemiya orada baş verəcək. O biri hepatitlərə nisbətən Hepatit A-nın həm gedişatı yüngüldür, həm də cilovlamaq asandır. Mingəçevirdə baş verən hadisə zamanı da, çox şükür ki, qarşısını aldılar, ciddi fəsad vermədi. Bizdə uşaq doğulan kimi ona hepatit B peyvəndi vurulur. Bu məcburi bir peyvənddir.
- Bayaq valideynlərin peyvəndlərdən imtina etməsinə fikir bildirdiniz. Amma bəzi valideynlər arqument gətirirlər ki, dövlət klinikalarında olan peyvəndlər zərərlidir, özəl klinikalarda olan peyvəndə də imkanları çatmır. Özəl klinikanın həkimləri bunun səbəbini onunla əlaqələndirirlər ki, oradakı peyvəndlər zəiflədilmiş olur, yəni peyvənddən sonra fəsadlar olmur. Həm də bildirilir ki, özəl klinikalara Fransa, Kanadadan peyvəndlər gətirilir. Niyə bu peyvəndlər fərqlidir? Bu ayrı-seçkilik valideynlərin ürəyinə şübhə salır...
- Mən deməzdim fərqi yoxdur. Ya qrip törədici vurulur, ya da zəiflədilmiş törədici vurulur. Misal üçün, polimelitdə, qızılcada diri törədici yeridilir bədənə. Yad zülal olduğuna görə orqanizm mütləq reaksiya verməlidir. Bir sutkalıq qızdırma, yuxunun pozulması, narahatlıq kimi ümumi əlamətlər gözləniləndir. Yerli əlamətlər də inyeksiyanın yerində şişkinlik, qızartı ola bilər. Amma peyvənddən sonra günlərlə qızdırma davam edərsə, bu doğru deyil. Birmənalı olaraq peyvənd sağlam uşağa vurulmalıdır. Həkim müayinəsindən keçib sağlam olan uşağa vurulmalıdır. Özəl, dövlət poliklinikalarında olan peyvəndlərin tərkibində fərq yoxdur. Eyni tərkibli vaksindir. Sadəcə, sağlam uşağa vurmaq lazımdır.
- Doktor, amma bəzi həkimlər bildirirlər ki, qızdırma olduğu halda da uşağa peyvənd etmək olar? Sizin fikriniz necədir?
- Bəli, Avropada, Amerikada elə pediatrlar, alimlər var ki, deyirlər hətta qızdırmanın fonunda belə peyvənd etmək olar. Amma mən həkim olaraq qızdırmalı uşağa peyvənd vurmaram.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir