1975-ci ildə - İslam İnqilabından 4 il əvvəl aparılan araşdırma-sorğu İran xalqının 80 faizindən çoxunun mütamadi namaz qıldığını və oruc tutduğunu üzə çıxarmışdı.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli qeyd edib.
O bildirib ki, hazırda vəziyyət köklü şəkildə dəyişib:
“İndi İran cəmiyyətinin 20 faizindən çoxu ümumiyyətlə Allahın varlığına inanmır, yəni ateistdir. Cəmiyyətin 78 faizi Allahın varlığına inansa da, yalnız 30 faiz cənnət və cəhənnəmə inanır. Məlum olduğu kimi, islam dininə görə, hər bir müsəlman Qiyamət gününə, məhşərə, hər kəsin Allah qarşısında hesab verəcəyinə, cənnətə və ya cəhənnəmə inanmalıdır. Cənnət və cəhənnəmə inanmayan Quranı da inkar etmiş olur. Quranı inkar edən isə peyğəmbərləri də inkar etmiş sayılır.
2020-ci ildə dövlət tərəfindən həyata keçirilən sorğuda rəyi soruşulanların 60 faizi Ramazanda oruc tutmadığını bildirmiş, ancaq bunu “xəstəlik”lə əlaqələndirmişdi. Bəhs etdiyim araşdırma zamanı respondentlərin 60 faizindən çoxu mütamadi namaz qılmadıqlarını bildirmişdi. Namaz və orucun islamın beş təməl şərtindən biri olduğunu nəzərə alsaq, İranda dinə münasibətin necə kəskin dəyişdiyi haqqında aydın təsəvvürlər yaranar.
Araşdırma zamanı İran cəmiyyətin 72 faizinin qadınların hicab taxmasını məcburi edən qanunun əleyhinə olduqları da üzə çıxıb. İran parlamenti “ictimai yerlərdə saçlarını örtməyən” qadınlara qarşı cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunu qəbul etsə də, Prezident Məsud Pezeşkian bu qanunu imzalamaqdan imtina etdi. Bu ilin əvvəlində Davosda Dünya İqtisadi Forumunda CNN müxbiri Fərid Zəkəriyaya verdiyi müsahibədə o zaman İranın strateji məsələlər üzrə vitse-prezidenti olan Məhəmməd Cavad Zərif Prezident Məsud Pezeşkianın qərarını belə şərh etmişdi: “Tehran küçələrinə çıxsanız, saçlarını örtməyən qadınları görərsiniz. Bu, qanunsuzdur, lakin hökumət qadınlara təzyiq etməmək qərarına gəlib”. Məhəmməd Cavad Zərif müsahibəsinə onu da ələvə edib ki, bu qərar Prezident Məsud Pezeşkianın seçkiqabağı vədi olub və yerinə yetirilib.
İranda dinə münasibətin öyrənilməsinə həsr edilmiş araşdırma zamanı o da məlum olub ki, respondentlərin 43 faizi dini prozelitizmə qarşı çıxıb və bildirib ki, heç bir din ictimai ifadəyə malik olmamalıdır. Bütün bunlar hazırkı İran cəmiyyətinin İslam İnqilabı ərəfəsindəki cəmiyyətdən nə qədər fərqləndiyini, dini dəyərlərin nə qədər böyük ölçüdə gözdən düşdüyünü göstərir”.
- Bakı ilə münasibətlər çətin dövrə qədəm qoyur - Kreml
- Ərdoğandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Urmiya gölünün son vəziyyəti: yox olur - Foto
- Minsk Qrupunun ləğvi və konstitusiya dəyişikliyi... - İrəvan
- Rusiyadan Bakıya qarşı yeni təxribat: Buna hazır olmalıyıq!
- Kremldən Bakıya qarşı ittiham: Bir aydan sonra “tapdılar”
- Şaranı devirmək, Türkiyəni sıxışdırmaq... - Yeni plan
- İranda Allaha inanmayanların sayı... – Heyrətamiz nəticə