“Demişdi ki, öləndə qəbiristanlığa bir piano gətirim...” - Videomüsahibə

08:00 - 22 İyul 2026 - GÜNDƏM

 “Demişdi ki, öləndə qəbiristanlığa bir piano gətirim...” - Videomüsahibə

Görüşümüz yayın bu isti günlərindən birində Filarmoniya bağında baş tutdu. Ağacların altında əyləşib söhbətə başlayanda uzun çəkəcəyini düşünmürdük. Mövzu mövzunu açdı, musiqidən həyatın müxtəlif məqamlarına keçdik. Elə bir söhbət alındı ki, saatın necə keçdiyini hiss etmədik. 

Bu dəfə həmsöhbətimiz pianoçu, bəstəkar, musiqi prodüseri və Əməkdar artist Emil Əfrasiyabdır.

BUTA.TV” olaraq 44 yaşını yenicə qeyd edən sənətkarla söhbətləşdik:

- Emil Məmmədov. Bəs niyə Əfrasiyab?

- Əfrasiyab atamın adıdır. Baxın bir dövrdə Emil Məmmədov adlı başqa bir pianoçu da var idi, bəstəkar İbrahim Məmmədovun oğlu. Bizi hər zaman səhv salırdılar. Mən səhnəyə çıxanda onu gözləyirdilər, o çıxanda isə məni gözləyirdilər. Buna görə anam belə bir fikir irəli sürdü ki, fərqlənmək lazımdır. Biz qərara gəldik ki, atamın adını soyad kimi istifadə edim. Beləcə mən “Emil Əfrasiyab” oldum. Maraqlısı odur ki, həmin o pianoçu da sonradan öz adını dəyişdi və Emil İbrahim kimi tanınmağa başladı. 

- Caz, klassik musiqi və gospel kimi fərqli janrları yaradıcılığınızda bir araya gətirirsiniz. Bu üslubun formalaşması necə baş verdi?

-  Çox maraqlı sualdır. Əslində bizim musiqi mədəniyyətimizin kökündə muğam dayanır. Üzeyir Hacıbəyli bu sistemi 7 lad üzərində quraraq böyük bir məktəb yaradıb. Mən heç vaxt janrları ayrı görməmişəm. Mənim üçün musiqi bütövdür. Caz, klassika, gospel – bunların hər biri ayrı rəngdir, amma hamısı eyni palitranın hissəsidir, onları bir-birindən ayırmıram.

Musiqini bir avtomobil kimi görürəm: mühərrik klassikadır, amma digər hissələr olmadan avtomobil işləməz. Hər janr həmin bütöv sistemin bir hissəsidir. Mənim evdə də musiqi belə formalaşıb. Atam muğam dinləyirdi, anam klassik musiqi səsləndirirdi. Mən isə sonradan caz və digər janrlara maraq göstərdim. Bu, planlı olmadı. Sadəcə eşitdiyim musiqilər mənə təsir etdi və mən onları pianoda ifa etməyə başladım. Sonra improvizasiya və fərqli yanaşmalar ortaya çıxdı.

Klassik musiqidə not dəyişməzdir, amma ifaçı onun ruhunu fərqli çatdırır. Cazda isə improvizasiya var, sərbəstlik var. Mənim üçün musiqi nəfəs almaq kimidir. İnsan necə acanda yemək istəyir, susuz olanda su içir – musiqi də elədir. O, təbii ehtiyacdır.

- Bu gün əsasən nə işlə məşğul olursunuz? Gününüz necə keçir?

- Günüm çox dinamik keçir. Mən Azərbaycan Milli Konservatoriyasında populyar musiqi və caz kafedrasının müdiri kimi fəaliyyət göstərirəm. İmtahan dövrüdür, tələbələrimiz imtahan verirlər. Eyni zamanda “Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi”ndə işləyirəm. Orada müxtəlif istedadlı, amma xüsusi qayğıya ehtiyacı olan insanlarla çalışırıq – musiqi, rəssamlıq, rəqs, sənətkarlıq və digər sahələrdə.

Bu layihə çox böyük əhəmiyyət daşıyır və dövlət səviyyəsində dəstəklənir. Burada məqsəd istedadı olan hər kəsə imkan yaratmaqdır. Mənim iş günüm həm konservatoriyada tələbələrlə, həm də həmin mərkəzdə uşaqlarla keçir. Və hərdən çalışıram ki, həftə sonları özümə bir vaxt ayırım. Çünki özüm də məşq edirəm, konsertə hazırlaşıram. Mənim iş, gündəlik prosesim bax bu istiqamətdə keçir.

- Bəstəkar, pianoçu və müəllim kimi fəaliyyət göstərirsiniz. Bu rollardan hansında özünüzü daha rahat ifadə edirsiniz?

- Bu, çox çətin sualdır. Bilirsiniz, “bəstəkar” sözü çox böyük məsuliyyət daşıyır. Mənim üçün bu, çox ağır bir sözdür. Təsəvvür edin, bir tərəfdə Qara Qarayev, Arif Məlikov kimi dahilər var. Əsl bəstəkarlar onlar olublar. Bu gün isə mən düşünürəm ki, istər klassik musiqidə, istərsə də digər janrlarda daha çox onların yaratdığı irsdən bəhrələnərək musiqilər təqdim olunur. Bəstəkarlıq elə bir hissdir ki, qəfil gələ bilər. Gecə saat üçdə bir motiv yarana bilər, onu nota köçürərsən, yazarsan, sonra isə altı ay ərzində heç bir əsər bəstələməzsən. Bu, tamamilə təbii haldır. Bir var nəyisə məcburən yazmaq, bir də var ilhamın bədahətən gəlməsi.

Bildiyiniz kimi, Raxmaninov Birinci fortepiano konserti ilə bağlı özü müəyyən mənada uğursuzluq hissi keçirirdi. Məhz bundan sonra İkinci fortepiano konsertini yazana qədər bir neçə il keçdi və nəticədə şah əsər ortaya çıxdı. Amma mənim üçün onun birinci, ikinci, üçüncü konsertlərinin hər biri şah əsərdir. İxtisas musiqi məktəbində müəllimim Gülnarə Namazova olub. O, tanınmış, peşəkar müəllimdir və bu gün dünya miqyasında tanınan bir çox pianoçunun formalaşmasında böyük rolu olub. Musiqiçilərin peşəkar hazırlığında Gülnarə xanımın əməyi həqiqətən danılmazdır. Eyni zamanda konservatoriyada müəllimim, hətta deyərdim ki, həyat müəllimim Fərhad Bədəlbəyli olub.

- Musiqiçilərlə müsahibə zamanı çoxları bildirir ki, bu sənəti seçərkən ailəsinin etirazı ilə üzləşib. Bəs sizdə necə olub?

- Əslində, mən musiqi ilə çox kiçik yaşlarımdan məşğul olmuşam. Bacım Səbinə Əfrasiyab musiqi məktəbində təhsil alırdı. Günlərin birində imtahan qabağı evdə məşq edirdi və İohan Sebastian Baxın invensiyalarını ifa edirdi. Anam mətbəxdən səsləndi ki, “Qızım, imtahana gecikərsən, artıq vaxtıdır, get”. Təxminən 5-6 dəqiqə sonra həmin invensiyanın melodiyası yenidən qonaq otağından gəlməyə başladı. Anam təəccübləndi ki, axı bu, hələ imtahana getməyib, necə ola bilər? Qonaq otağına gələndə gördü ki, alətin arxasında mən oturmuşam və həmin əsəri ifa edirəm. O zaman cəmi iki yaşım var idi.

Atam evə gələndə anam bu hadisəni ona danışdı. Təbii ki, atam əvvəlcə inanmadı. Sonra ikisi birlikdə bunu izlədilər və elə həmin vaxt düşündülər ki, mən musiqiçi olmalıyam. Düzdür, atamın başqa bir arzusu da var idi. Fikirləşirdi ki, peşəkar moto və ya avtomobil sürücüsü olum, yəni Şumaxer kimi kartinq üzrə peşəkar yarışçı. Amma eyni zamanda musiqini də düşünürdü.

Nəticədə isə heç bir etiraz etmədən məni məqsədyönlü şəkildə bu istiqamətə yönləndirdilər. Ona görə də mənim belə bir çətinliyim olmayıb. Əksinə, həm atamın, həm də anamın mənə çox böyük dəstəyi olub. Anamın isə xüsusilə böyük zəhməti var. Atam iş adamı idi, demək olar ki, evdə az olurdu. Amma anam mənim bugünkü gündə Emil Əfrasiyab olmağım üçün hər cür şərait yaradırdı ki, həm musiqi ilə, həm də dərslərimlə rahat məşğul olum. Hətta 5-ci sinfə qədər 25 nömrəli musiqi məktəbində oxuyurdum. Sonra anam məni oradan çıxarıb Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul etdirdi ki, daha peşəkar təhsil alım.

Daha sonra, 6-7 yaşımda Moskva şəhərində imtahan verdim. İmtahandan uğurla keçmişdim, qəbul da olunmuşdum. Sadəcə atam icazə vermədi. Əslində, etirazdan danışırıqsa, yadıma düşdü ki, atamın yeganə etirazı da bu olub. Dedi ki, “Yeganə oğlum Azərbaycanda təhsil alacaq”. Ona görə də Rusiyada oxumağıma razılıq vermədi. Bax etiraz deyəndə yalnız bunu xatırlayıram.

- Bu doğru qərar idi sizcə?

- Bilirsiniz, burada məsələyə bir az da psixoloji tərəfdən yanaşmaq lazımdır. Uşaq hər zaman valideynini başa düşmür. İnanırsınız, insan yalnız yaşa dolduqca valideynini daha yaxşı anlayır. Amma deyə bilməzdim ki, atamla razı deyildim. Təbii ki, böyük həvəslə Rusiyada təhsil almaq istəyərdim. Çünki bilirik ki, klassik musiqi sahəsində Rusiya məktəbinə daha çox üstünlük verilir. Necə ki, caz janrında Amerika məktəbi ön plandadır. Mən də istəyərdim ki, o məktəbi Rusiyada keçim. Amma bu gün çox xoşbəxt insanam ki, məhz Azərbaycanda həmin təhsili almışam. Bildiyiniz kimi, xüsusilə 80-ci illərdə Azərbaycanda klassik musiqi məktəbi çox güclü idi. Məktəbdə dərs deyən müəllimlər də çox yüksək səviyyəli idilər. Mənim müəllimim də Natalya Vyaçeslavovna Şteynberq olub.

- Bəs sizin öz ailənizdə davamçılarınız varmı? Musiqi ilə məşğul olanlar var?

- Davamçı desəm, qızım musiqi ilə məşğuldur. O, həm fleyta, həm də skripka ifaçısıdır. Ümumiyyətlə, mən heç vaxt övladlarıma nəyisə məcbur etdirmək tərəfdarı olmamışam. Bir məsələ var ki, mən ona çox ciddi yanaşıram. Əgər görsəm ki, uşaq musiqi sahəsində yalnız orta səviyyəli musiqiçi olacaq, onda açığı, bu yola davam etməsini istəmərəm. Çünki onun vaxtının, enerjisinin və zəhmətinin boşa getməsini istəmirəm.

Bəlkə də həmin uşaq çox yaxşı hüquqşünas, həkim, alim və ya başqa bir peşənin peşəkarı ola bilər. Axı biz bir qədər əvvəl də danışdıq ki, hər insan bu dünyaya müəyyən bir missiya ilə gəlir. Bəlkə də mənim missiyam təkcə musiqi yazmaq və ya ifa etmək deyil, eyni zamanda hansısa uşağın istedadını düzgün istiqamətləndirməkdir. Ola bilsin ki, o musiqiyə maraq göstərir, amma onun əsl istedadı tamam başqa sahədədir. Biz bunu vaxtında görməli və düzgün qərar verməliyik.

Təsəvvür edin ki, həmin uşaq gələcəkdə həkim olur və iyirmi ildən sonra bu günə qədər müalicəsi tapılmayan hansısa xəstəliyin çarəsini məhz o tapır. O zaman onun musiqiçi deyil, həkim olması bəşəriyyət üçün daha böyük fayda verəcək. Məhz buna görə də mən heç vaxt uşaqlara qadağa qoymuram. Onlar musiqi ilə məşğul ola bilərlər, amma əsas məsələ onların həqiqi istedadını vaxtında müəyyən etməkdir.

- Ümumiyyətlə, inanclı insansınız? Ritüallara, enerjiyə inanırsınız?

- Bəli, əlbəttə, inanıram. Hətta deyərdim ki, numerologiyaya da müəyyən qədər diqqət yetirirəm. Həyatda elə hadisələr var ki, insan onları sadəcə təsadüf adlandıra bilmir. Məsələn, Mstislav Rostropoviç ayın 27-də dünyaya gəlib və elə ayın 27-də də dünyasını dəyişib. Vaqif Mustafazadə martın 16-da anadan olub, dekabrın 16-da isə vəfat edib. İnsan istər-istəməz düşünür: niyə məhz həmin tarixlər? Bu kimi uyğunluqlar bəzən insanı düşündürür. Mən inanıram ki, kainatda müəyyən enerji var. Biz havayla yaşayırıq, sudan yaranmışıq. İnsan orqanizminin böyük hissəsi sudan ibarətdir. Deməli, ətrafımızdakı enerjilər də bizə təsir göstərir.

Ona görə də hesab edirəm ki, insan daxilindən gələn hissləri tamamilə inkar etməməlidir. Əlbəttə, hər şeyi kor-koranə qəbul etmək olmaz. Amma bəzən insanın daxilində yaranan hisslər onu doğru istiqamətə aparır. Bir fikir var ki, Allah insanı onun taleyinə uyğun yolla aparır. Kim bu yolla gedirsə, onun yolu daha rahat olur. Kim həmin istiqamətə qarşı çıxmağa çalışırsa, müəyyən çətinliklərlə üzləşir. Amma sonda yenə də insanın yolu onu taleyində yazılan istiqamətə gətirib çıxarır.

- Hər bir insanın həyatında itkisi ilə barışa bilmədiyi biri olur. Sizin üçün belə bir insan varmı?

- Maraqlı sualdır... Amma bu sualın müxtəlif tərəfləri var: İtki dedikdə təkcə yaxın insanı itirmək nəzərdə tutulmur. Bəzən sən çox dəyər verdiyin bir müəllimi itirirsən. Bəzən musiqi dünyasında sənə ilham verən bir insanı itirirsən. Bəzən isə düşünürsən ki, kaş o insan sağ olardı və mən ondan daha çox öyrənə bilərdim. Belə peşmanlıqlar da insanın həyatında olur. Şükür edirəm ki, yaş artdıqca həyata baxışım dəyişib. Artıq 44 yaşımda itkilərə əvvəlki kimi yanaşmıram. Onları həyatın ayrılmaz hissəsi kimi qəbul etməyə başlamışam. Belə düşünürəm: əgər sən bir gülü əldə etmək istəyirsənsə və Allah bütün imkanları elə qurur ki, sən gedib o gülü ala bilmirsən, deməli, bunun bir səbəbi var.

Bəlkə də Allah sənə demək istəyir ki: “Sən bir güldən ötrü narahatsan, amma mən sənin üçün iki yüz əlli bir güldən ibarət böyük bir dəstə hazırlamışam”. Həyatın mənə öyrətdiyi ən böyük dərslərdən biri də budur. İnsan həyatında hər şeyin öz mərhələsi var. Hər bir insan müəyyən vaxt üçün sənin həyatına daxil olur. Sonra ayrılır. Ola bilsin ki, həmin insanın missiyası yalnız o mərhələ üçün idi. Biz bunu qəbul etməyi bacarmalıyıq. Həyat imtahanlardan ibarətdir. Bir mərhələni keçirsən, ardınca başqa bir mərhələ başlayır. Sonra növbəti... Əlbəttə, heç kim sevdiyi insanı itirmək istəməz. Mən də bunu yaxşı hal hesab etmirəm.

Amma həyatın qanunu belədir. Əgər Allah hansısa hadisənin baş verməsini istəmirsə, nə qədər çalışsan da, o baş verməyəcək. Bu səbəbdən artıq itkilərə daha təmkinlə yanaşıram. Düşünürəm ki, onları həyatın təbii bir hissəsi kimi qəbul etmək lazımdır.

- Düşünürəm ki, hər insan özü ilə hesablaşanda həyatdakı rolunu nə dərəcədə icra etdiyi barədə də düşünür. Bir neçə gün öncə 44 yaşınızı qeyd etdiniz. Bəs siz bu barədə nə düşünürsünüz?

- Mən belə deyərdim ki, insan həyata boş yerə gəlmir. İnsan hansısa məqsədlə gəlir və Allah tərəfindən ona verilən missiyanı həyata keçirib, sonra isə haqq dünyasına qovuşur.

44 yaş məsələsinə gəlincə, mən 44 rəqəminə böyük həssaslıqla yanaşıram. Çünki bizim 44 günlük müharibəmizdə həlak olan şəhidlərimiz var. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin və ordumuzu qorusun. Məsələ ondadır ki, mənim həyata keçirmək istədiyim bir neçə prioritetim var. Ən böyük, birinci prioritetim Azərbaycan mədəniyyətini xarici ölkələrdə, dünyada layiqincə təmsil etməkdir. Biz buna qadirik və bunun üçün bütün imkanlarımız var.

Niyə belə deyirəm? İtaliyanın operası varsa, mən də istəyirəm ki, Azərbaycanın özünəməxsus muğamını, Azərbaycan musiqisini, bu şirin dilini eşitsinlər, tanısınlar. Amerikada təhsil alarkən uruqvaylı müəllimim var idi. O mənə həmişə deyirdi: “Sən mənim tələbəm yox, həmkarımsan. Çünki səninlə bir şərt kəsəcəyəm. Bir gün mən sənə caz musiqisini göstərəcəyəm, başqa bir gün isə sən mənə muğamı öyrədəcəksən”. 

Uzun illər dostluğumuz davam etdi. Mən müəllimimi də dəyişmədim. Halbuki orada belə bir imkan var idi ki, hər semestr başqa müəllim seçəsən. Amma mən həmin müəllimlə qaldım və dörd il ərzində o, bacardığı qədər mənə caz istiqamətində müxtəlif üsullar öyrətdi. Mən də verdiyim sözə uyğun olaraq onu Azərbaycan muğamı ilə tanış etdim. Burada söhbət sırf xanəndəlikdən getmir, Azərbaycan muğamından, Azərbaycan ladından gedir. İnanın ki, mən çox xoşbəxt insanam. Çünki missiyalarımdan biri həyata keçdi. Uzun illər sonra Azərbaycana qayıdandan sonra həmin uruqvaylı həmkarım mənimlə təcili əlaqə saxladı və məndən 15 dəqiqə vaxt istədi. Dedi ki, “Mən indi studiyadayam və sənə bir lent yazısı göndərəcəyəm. Orada 16 xanəlik improvizasiya hissəsi var. Mən onu Azərbaycan üslubunda improvizə etmək istəyirəm. Sən qulaq asıb mənə düzgün istiqamət verə bilərsənmi?”

Dəstəyi asandan sonra öz-özümə dedim ki, mən həqiqətən də çox xoşbəxt insanam. Çünki heç olmasa, bir nəfərə də olsa bunu ötürə bilmişəm. O lent yazısı qalacaq, illər, əsrlər boyu yaşayacaq. İnsanlar bəlkə də maraqlanacaqlar ki, bu hansı üsluba məxsus musiqidir.

Mən ona görə deyirəm ki, biz bacardığımız qədər mədəniyyətimizi təmsil etməliyik. Təbliğat elə bir səviyyədə olmalıdır ki, hər birimiz bunu bacardığımız qədər edək. Təkcə musiqiçi və ya mədəniyyət işçisi kimi yox, bir vətəndaş kimi. Mən bu ölkənin vətəndaşıyamsa, öz mədəniyyətimi irəli aparmalıyam. Mən hər zaman öz işimə çox tələbkar yanaşıram. Özümə Emil Əfrasiyab kimi yox, bir dinləyici kimi qulaq asıram və çoxlu məqamlar tapıram ki, onları mütləq düzəltmək lazımdır. İdeal yalnız Allahdır. Mən heç kimi ideal hesab etmirəm. Amma insanın öz üzərində çalışmasının da sonu yoxdur.

- Bəs bacınız musiqi təhsilini davam etdirdi?

- Xeyr. Bacım tamamilə başqa istiqamət seçdi və iqtisadiyyat üzrə təhsil aldı. Amma musiqi bu gün də onun həyatında yaşayır. Musiqi onun ürəyində həmişə öz yerini qoruyub saxlayıb. Bəzən ailəlikcə bir yerə yığışanda birlikdə ifa edirik. Adətən bacım sağ əllə melodiyanı ifa edir, mən isə sol əllə müşayiəti çalıram. Çünki sol əl partiyası harmonik baxımdan daha mürəkkəb və ağır olur. O da musiqini çox hiss edən insandır.

Hesab edirəm ki, hər bir insan uşaqlıq illərində mütləq musiqi ilə məşğul olmalıdır. Bu, uşağın inkişafında çox vacib amillərdən biridir. Musiqi ilə məşğul olan insanın gələcəkdə mütləq musiqiçi olması vacib deyil. O, tamamilə başqa peşə sahibi də ola bilər. Lakin müxtəlif müşahidələr və statistik araşdırmalar göstərib ki, uşaqlıqda musiqi təhsili alan insanlar yetkin yaşlarında, xüsusilə 30–40 yaş arasında qarşılaşdıqları mürəkkəb problemləri daha rahat həll edə bilirlər.

Yəni onların analitik düşüncəsi, qərarvermə bacarığı və vəziyyətdən çıxış yolu tapmaq qabiliyyəti daha yüksək olur. Musiqi təhsili almayan insanlarla müqayisədə bu fərq açıq şəkildə hiss edilir. Bu, artıq təsdiqlənmiş bir faktdır. Ona görə də mən həmişə dostlarıma, tanışlarıma və bütün valideynlərə müraciət edirəm: əziz valideynlər, imkanınız varsa, uşaqlarınızı musiqiyə yönləndirin. Musiqi insan üçün çox böyük bir nemətdir. O, sanki hava kimi həyati əhəmiyyət daşıyan bir enerjidir. Musiqi insanın ruhuna, beyninə, düşüncəsinə və ümumilikdə bütün varlığına müsbət təsir göstərir.

 

- Müsahibələrinizdən birində atanızla bağlı bir xatirənizi bölüşmüsünüz. Mənə çox maraqlı gəldi. Xüsusilə atanızın ildönümündə yuxunuza gəlməsi və yaranan o melodiya... Bu barədə danışmağınızı istərdim. 

- Məsələ ondan ibarətdir ki, uşaqlıqda, 12-13 yaşım olarkən Bethovenin “Ay sonatası”nı ifa edirdim. Atam bu əsəri çox sevirdi. Mən pianoda ifa edəndə yalnız “Ay sonatası”nın birinci hissəsini dinləyirdi. Çünki ikinci və üçüncü hissə ona o qədər də maraqlı gəlmirdi. Bu da təbiidir, əsərin ən məşhur hissəsi elə birinci hissəsidir.

12 yaşım olanda mənə dedi ki: “Mən dünyamı dəyişəndə, zəhmət olmasa, qəbiristanlığa bir piano gətirərsən. İstəyirəm məni “Ay sonatası” ilə dəfn etsinlər”. Təbii ki, hər bir uşaq valideynindən belə bir söz eşidəndə pis olur. Mən də bunu ciddi qəbul etmədim və zamanla yadımdan çıxdı. Amma atam dünyasını dəyişəndə o an gəlib çatdı. Atamla bağlı bütün xatirələr gözümün önündən keçirdi və birdən onun mənə dediyi həmin söz yadıma düşdü.

Biz qəbiristanlığa gedirdik. Bilirsiniz, İslam adət-ənənəsinə görə oğul məzara düşür, müəyyən mərasimlər yerinə yetirilir. Mən də məzarda idim, göz yaşlarım kəfənin üstünə tökülürdü. Molla dualar oxuyurdu. Elə həmin an beynimdə bir melodiya səslənməyə başladı. Beş notdan ibarət bir melodiya idi. Həmin anda öz-özümə nifrət etdim. Düşündüm ki, atam dünyasını dəyişib, mən isə beynimdə melodiya fikirləşirəm. Çalışdım o melodiyanı unudum, amma alınmadı. O, davamlı olaraq beynimdə səslənirdi. Bir müddət sonra melodiya yadımdan çıxdı. Nə qədər çalışdımsa, onları xatırlaya bilmədim.

Sonra Amerikaya getdim. Orada yaşayanda, atamın ildönümü gecəsi onu yuxuda gördüm. Mənimlə danışdı və arxa fonda yenə həmin beş not səslənirdi. Gecənin bir yarısı, sanki yuxulu vəziyyətdə qalxıb pianonun klaviaturasında həmin melodiyanı yazdım. Səhər oyananda öz-özümə deyirdim ki, atam yuxuda mənə bu melodiyanı göstərdi. Birdən fikirləşdim ki, axı yuxuda bu pianoda yazmışam, halbuki biz atamla Bakıda yaşamışıq. Maraqlıdır, bu necə oldu?

Qorxa-qorxa qalxıb pianodakı yaddaşa baxdım. Gördüm ki, melodiyanın birinci hissəsini həqiqətən yazmışam. İkinci hissəni isə artıq sonradan, yuxuda yox, bu həyatda tamamladım. Beləliklə, əsər yarandı. Elə buna görə də adını “Ataya məktub” qoydum. Dinləyənlər bu əsərlə “Ay sonatası” arasında böyük oxşarlıq hiss edirlər. Çünki atam həmin əsəri çox sevirdi. “Ay sonatası”nda musiqidə Neapolitan akkordu deyilən bir harmoniya var. Mən də həmin akkordu öz əsərimdə istifadə etmişəm ki, atamın sevdiyi musiqiyə bir işarə olsun.

- “Mən bütün dünyanı anama göstərmək istəyirəm” - Bunu nə qədər bacara bilmisiniz?

- Bacardığım qədər buna çalışıram. Anam bütün ömrünü işləyib. Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasında çalışıb. Kibernetika və Riyaziyyat İnstitutlarında fəaliyyət göstərib. Daha sonra Akademiyanın kitabxanasında uzun illər xidmət edib. Mən bunları təsadüfən demirəm. Bu insan mənim üçün həyatını fəda edib. Anamın bütün məqsədi mənim bu həyatda öz yerimi tapmağım idi. O istəyirdi ki, mən zəhmətimlə çörək qazanım, ölkəmə layiqli vətəndaş olum, Azərbaycan mədəniyyətini layiqincə təmsil edim. Bu gün əldə etdiyim hər uğurda onun əməyi var. Həqiqətən də anam mənim üçün əlindən gələn hər şeyi edib. İndi onun 76 yaşı var. Şükürlər olsun ki, sağlamdır.

Mən də çalışıram ki, vaxtilə görə bilmədiyi ölkələri indi onunla birlikdə gəzək. Konsertlərə, turnelərə gedəndə imkan olduqca onu da özümlə aparıram. İstəyirəm ki, müxtəlif xalqları, fərqli mədəniyyətləri görsün. Gəncliyində işinə, ailəsinə və bizə görə görə bilmədiyi yerləri indi görmək ona qismət olsun. Bu, övlad borcudur. Çünki valideyn ömrünü sənə həsr edir. Gün gəlir, sən də onun üçün yaşamalısan. Həyatın qanunu budur. Mən heç vaxt valideynimin haqqını tam ödəyə bilmərəm. Heç bir övlad bunu bacara bilməz. Axı onlar sənə həyat veriblər. Amma heç olmasa sevgimizi, qayğımızı, hörmətimizi onlara göstərə bilərik. Onlar uşaqlığımızda bizim nazımızı çəkiblər, gecələr yatmayıblar, hər çətinliyimizə dözüblər. İndi isə növbə bizdədir.

Bu yerdə çox sevdiyim bir hekayəni danışmaq istəyirəm. Ümid edirəm ki, bu hissəni müsahibədən çıxarmazlar. Deyirlər ki, yaşı doxsanı keçmiş bir ata ilə təxminən əlli yaşlarında olan oğlu bir gün bağda oturmuşdular. Hava çox gözəl idi. Birdən yaxınlıqdakı budağa bir sərçə qondu.

Ata oğluna baxıb soruşdu:

— Oğlum, bu nədir?

Oğlu gülümsəyərək cavab verdi:

- Ata, sərçədir.

Bir neçə dəqiqə keçdi.

Ata yenidən eyni sualı verdi:

- Oğlum, bu nədir?

Oğlu yenə sakit şəkildə dedi:

- Ata, sərçədir.

Bir qədər sonra ata üçüncü dəfə soruşdu:

- Oğlum, bu nədir?

Bu dəfə oğul bir az narahat oldu.

- Ata, axı dedim də... sərçədir.

Ata yenə susdu.

Bir neçə dəqiqə keçəndən sonra dördüncü dəfə eyni sualı verdi, bu dəfə oğul əsəbiləşdi. Ata heç nə demədi. Sakitcə ayağa qalxdı, evə keçdi və bir qədər sonra köhnə bir gündəliklə geri qayıtdı. Gündəliyi oğluna uzadaraq dedi:

- Aç, bu səhifəni və oxu. Oğul gündəliyi açdı.

Orada illər əvvəl yazılmış belə bir qeyd var idi: “Bu gün oğlum üç yaşındadır. Həyətdə birlikdə oturmuşduq. Bir sərçə gəlib yaxınlıqdakı ağaca qondu. Oğlum düz iyirmi üç dəfə məndən soruşdu: “Ata, bu nədir?” Mən isə iyirmi üç dəfə onu qucaqlayıb eyni sevgi ilə cavab verdim: “Oğlum, bu, sərçədir”. Hər dəfə də üzündən öpdüm. Çünki onun hər sualı mənim üçün sevinc idi”.

Hekayənin mənası çox dərindir. Biz uşaq olanda valideynlərimiz bizim eyni sualımızı yüz dəfə cavablandırıblar. Eyni sözü dəfələrlə izah ediblər. Heç vaxt bezməyiblər. İndi onlar yaşlananda, eyni sözü ikinci və ya üçüncü dəfə soruşanda biz səbirsiz davranmamalıyıq. Çünki insan nə qədər uğur qazansa da, nə qədər məşhur olsa da, nə qədər dünyanı gəzsə də, günün sonunda valideyn duasından böyük heç nə yoxdur. Valideyn razılığı insanın həyatındakı ən böyük sərvətdir. Ona görə də mən bacardığım qədər anamın yanında olmağa çalışıram. İmkan düşdükcə onu özümlə aparıram, vaxt keçirirəm, birlikdə yeni ölkələr görürük. Çünki gün gələcək, insan geriyə baxanda qazandığı mükafatları yox, məhz valideyni ilə keçirdiyi anları xatırlayacaq. Həyatda insanın əlində qalan da məhz bu xatirələr olur.

- Azərbaycan mədəniyyətini dünya səhnələrində layiqincə təmsil edən sənətçilərimizdənsiniz. Gəlin bu gün sənət sahəsində mövcud problemlərə də toxunaq. Sizi narahat edən hansı məsələlər var?

- Problemlər desəm ki, yoxdur, yalan demiş olaram. Çünki fərqli istiqamətlərdə problemlərimiz kifayət qədərdir. Musiqi mədəniyyəti, musiqinin bu gün səslənmə forması, ifadəmə görə üzr istəyirəm, bayağı və qeyri-peşəkar şəkildə hazırlanan məhsulların televiziyalarda, radiolarda yayımlanması...

Bir zamanlar müəyyən konsepsiya, müəyyən senzura var idi. Məsələn, bayağılıq o vaxt da var idi, amma onu üzə çıxarmır, işıq üzü görməsinə imkan vermirdilər. O mövcud idi, çünki kütlənin zövqünü dəyişmək mümkün deyil. Belə musiqilər təkcə bizim ölkədə yox, dünyanın hər yerində var. Məsələ başqadır. Məsələ ondadır ki, belə məhsulların işıq üzü görməsinə imkan verilməməlidir. Mən istərdim ki, müəyyən mənada əvvəlki sistemə qayıdaq. Təbii ki, o dövrdə sosial şəbəkələr, internet yox idi. u gün çoxları televiziyanı, radionu günahlandırır. Bəli, müəyyən məsələləri düzəltmək lazımdır. Çünki bizə dünya baxır. Mən özüm xaricdə yaşayanda müxtəlif Azərbaycan verilişlərinə baxırdım. Azərbaycanlı olduğum üçün ölkəmdə nə baş verdiyini izləyirdim. Elə verilişlər olurdu ki, məni narahat edirdi. İstəməzdim ki, ölkəmi canlı efirdə belə məqamlar təmsil etsin.

Bunlar mütləq düzəldilməlidir. Amma bir məqamı da əlavə etmək istəyirəm. Bu gün musiqi və mədəniyyət sahəsində çalışan insanlar əsasən televiziya və radionu günahlandırırlar. Bunu başa düşürəm. Amma bugünkü gündə təkcə Azərbaycanda yox, ümumiyyətlə, bütün dünyada insanların böyük əksəriyyəti sosial şəbəkələrdədir. Sosial şəbəkələri isə heç vaxt tam nəzarətdə saxlamaq mümkün olmayacaq. Məncə, bunun yeganə həlli məhsulun keyfiyyətinə nəzarət etməkdir. Bunun üçün Mədəniyyət Nazirliyində ayrıca bir şöbə fəaliyyət göstərməlidir. Hazırlanan məhsullar əvvəlcə həmin şöbədən keçməlidir. Orada peşəkar musiqiçilər oturmalı, dinləməli, qiymətləndirməli və qərar verməlidirlər. Həm də izah etməlidirlər ki, niyə icazə verilir, yaxud niyə verilmir. Əgər bunu etsəydik, xalqın musiqi zövqünün formalaşmasına da müsbət təsir göstərərdik. Yenə də deyirəm, kütlənin zövqünü tam dəyişmək mümkün deyil. Kiminsə xoşuna bir musiqi gələcək, başqasının isə başqa musiqi. Buna etirazım yoxdur. Qulaq assınlar, amma məhsul keyfiyyətli olsun.

Məhsul keyfiyyətli olmayanda bu, artıq böyük bir problemə çevrilir. Bu, ciddi bir çağırışdır. Çünki belə məhsullar müəyyən bir filtrdən keçməlidir. Mənim fikrimcə, hər bir məhsulun müəllifi – istər aranjemançı olsun, istər musiqiçi, istərsə də ifaçı, fərq etməz, instrumental və ya vokal ifaçısı olsun – ilk növbədə öz işinə çox tələbkar yanaşmalıdır.

İnsan əvvəlcə özünü yoxlamalıdır. Baxmalıdır ki, mən bunu düzgün oxudummu, sözləri düzgün tələffüz etdimmi? Bunların hamısı çox vacib məsələlərdir. Tələffüz, sözün mətni və onun düzgün təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Son vaxtlar məni narahat edən məsələlərdən biri də budur. Bəzən mahnılarda bir sözü iki hissəyə bölürlər. Bu isə elə bir məna yaradır ki, ifadəmi bağışlayın, ortaya təhqir və ya söyüş kimi qəbul oluna biləcək bir söz çıxır. Mahnının ümumi axarında bunu hər kəs hiss etməyə bilər. Amma bu, düzgün deyil. Mən düşünürəm ki, aidiyyəti dövlət qurumları və Mədəniyyət Nazirliyi bu məsələlərdə birgə fəaliyyət göstərməlidirlər. Mədəniyyət sahəsində çalışan mütəxəssislər bu kimi halların niyə düzgün olmadığını izah etməlidirlər. Lazım gələrsə, əvvəlcə xəbərdarlıq edilməli, nəticə çıxarılmasa, müvafiq tədbirlər görülməlidir ki, belə hallar təkrarlanmasın.

Bizim dilimiz türk dilləri ailəsinə aiddir. Türk dilini türklər, qazaxlar, özbəklər, qırğızlar və digər qardaş xalqlar da müəyyən səviyyədə başa düşürlər. Mən istəməzdim ki, bizim musiqimizdə hansısa sözün məqsədli şəkildə bölünməsi nəticəsində yaranan nalayiq məna başqa xalqlar tərəfindən eşidilsin və buna görə Azərbaycan mədəniyyəti haqqında yanlış təsəvvür formalaşsın.

- Son zamanlarda teatrlarda da işdən çıxmalar və çıxarılmalar oldu. Narazılıq edən sənətçilərimiz də var. Xalq artisti Yalçın Adıgözəlovla olan söhbətimizdə bildirdi ki, işdən ayrılma səbəbi hörmətsizliklər və haqsızlıqlar olub. Bu, təkcə özünə yox, həm də həmkarlarına qarşı olduğu üçün işdən ayrılıb. Buna münasibətiniz necədir? Ümumiyyətlə, bir araya gələndə belə müzakirələriniz olur sənətçilərlə?

- Bilirsiniz, ilk növbədə siz çox gözəl bir musiqiçi, dəyərli dirijor, Xalq artisti, Yalçın Adıgözəlovu adını çəkdiniz. Bizim çox gözəl münasibətimiz var. Məsələ ondadır ki, mən konkret olaraq sizin qeyd etdiyiniz məsələdə hansı narazılığın yaşandığını bilmirəm. Çünki həmin məsələnin içində olmamışam. Amma inanın ki, bu cür hallar hər sahədə var. Sadəcə, sənət adamları cəmiyyətin diqqət mərkəzində olduqları üçün belə hadisələr daha çox görünür və insanlar arasında daha geniş müzakirə olunur.

Mən düşünürəm ki, sənətçini sıxmaq olmaz. Burada onu nəzərdə tuturam ki, əgər sənətçi rəhbər vəzifəsində çalışmırsa, ona yaradıcı insan kimi yanaşmaq lazımdır. Əgər həmin sənətçi rəhbər vəzifəsindədirsə, müəyyən məsuliyyət daşıyırsa, təbii ki, onun iş yerində olması vacibdir. Çünki onu həmin vəzifəyə etibar edən rəhbərlik düşünür ki, bu işi ən yaxşı bacaran insan məhz odur. Həm sənətkarlar, həm də rəhbərlik bu kimi məsələləri bacardıqları qədər öz aralarında həll etməlidirlər. 

İndiyə qədər kimsə mənə bu məsələləri aqressiv və ya emosional şəkildə çatdırmayıb. Sadəcə, fikir mübadiləsi aparılır. Mən də bacardığım qədər bu məsələləri ictimailəşdirmirəm. Çünki mən xalqımı sevirəm və istəyirəm ki, insanların sənətkara olan münasibəti qorunsun. Sabah kimsə hansısa sənətçi haqqında xoşagəlməz bir söz eşitsə, onun gözündə həmin sənətkarın nüfuzu zədələnə bilər. Halbuki ola bilər ki, həmin insan illərlə o sənətkarın ifasını sevə-sevə dinləyib. Sonradan eşitdiyi hansısa hadisəyə görə ona münasibəti dəyişə bilər. Ona görə də hesab edirəm ki, belə hallara yol vermək olmaz. Peşəkarlıq təkcə hansısa musiqi alətində yüksək səviyyədə ifa etmək və ya gözəl oxumaq deyil. Sən peşəkar musiqiçisənsə, ilk növbədə peşəkar insan olmalısan.

- Musiqidə texnologiyanın və süni intellektin rolunu necə dəyərləndirirsiniz? Süni intellektin bu qədər inkişaf etdiyi və musiqi yaratdığı bir zamanda niyə hələ də keçmişdən çıxa bilmirik? 

- Mən belə deyərdim ki, son dövrlər süni intellektin sürətli inkişafı insanlarda həm sevinc, həm də narahatlıq yaradır. Amma mən düşünürəm ki, süni intellekt də bir alətdir və bu alətdən düzgün istifadə etmək lazımdır.

Bu nə deməkdir? Adından da göründüyü kimi, bu, süni intellektdir. Süni olan heç vaxt canlı yaradıcılığın yerini tam tuta bilməz. Məncə, süni intellekt daha çox istiqamət göstərən, ipucu verən bir vasitədir. Siz də qeyd etdiniz ki, niyə gənc bəstəkarların və musiqiçilərin adları əvvəlki nəsil sənətkarlar qədər çəkilmir. Bunun səbəblərindən biri odur ki, keçmiş dövrün peşəkar musiqisi bu gün müəyyən mənada azlıq təşkil edir. Demirəm ki, bu gün peşəkar musiqi yoxdur. Var. Sadəcə, əvvəlki dövrlə müqayisədə faiz baxımından azalıb. Bunun da müxtəlif səbəbləri var. Keçmişdə insanların həyat tərzi tam fərqli idi. Daha çox hərəkət edirdilər, piyada gəzirdilər, atla gedirdilər, fiziki fəaliyyətləri daha çox idi. Bu gün isə avtomobilə minirik, bir yerdən digər yerə minimum hərəkətlə gedirik. Halbuki bədənimiz üçün faydalı olacaq bir çox hərəkətlərdən məhrum oluruq. Eyni zamanda təbiətlə təmasımız, təmiz hava, oksigen qəbulumuz da əvvəlki kimi deyil. Bunların hamısı insanın həm fiziki, həm də zehni fəaliyyətinə təsir edir.

Başqa bir nümunə də hesablamalardır. Vaxtilə insanlar hər şeyi öz beyinləri ilə hesablayırdılar. Bu gün isə kalkulyatora rəqəmləri daxil edirik və o bizim yerimizə hesablayır. Beyni nə qədər az işlədərsənsə, o qədər də passivləşər. Ona görə də mən ilk növbədə musiqiçilərə, sonra isə bütün insanlara demək istəyirəm ki, süni intellektdən qorxmaq lazım deyil. Əksinə, ondan düzgün istifadə etmək lazımdır.

Süni intellektin faydası ondadır ki, insan beynində olan ideyanı inkişaf etdirməyə kömək edir. Mən fikrimi ona “prompt” şəklində yazıram, izah edirəm ki, nə istəyirəm. O da buna uyğun müxtəlif variantlar təqdim edir. Amma mənim fikrimlə başqa bir musiqiçinin fikri eyni deyil. Əgər ikimiz də musiqiçiyiksə, mən bir üslub istəyəcəyəm, o isə tamamilə başqa üslub. Çünki ideyalar fərqlidir. Süni intellekt də hər birimizə verdiyimiz tapşırığa uyğun nəticə təqdim edəcək. Ona görə də mən hesab edirəm ki, süni intellektdən qorxmaq yox, onu bir istiqamətverici vasitə kimi qəbul etmək lazımdır.

Üstəlik, ilk təqdim etdiyi nəticə son nəticə deyil. Siz istədiyiniz qədər ona yenidən müraciət edə, düzəliş edə, yeni variantlar istəyə bilərsiniz. O, sizə saysız-hesabsız nümunələr təqdim edə bilər. Bu baxımdan süni intellekt də sosial şəbəkələr kimi bir alətdir. Ondan hər kəs öz məqsədinə uyğun faydalana bilər.

- Bəs bunun mənfi tərəfi nədir?

- Mənfi tərəfi odur ki, müəyyən hallarda aranjemançının gördüyü işi artıq süni intellekt yerinə yetirə bilir. Amma mən düşünürəm ki, aranjemançılar bundan narahat olmamalıdırlar. Çünki insanın öz əli ilə yaratdığı işin dəyəri hər zaman qalacaq. Elə buna görə də bu gün əl işləri daha qiymətlidir. Çünki onların arxasında insan zövqü, təcrübəsi, hissiyyatı və yaradıcılığı dayanır.

Məncə, süni intellekt də əslində bizə bir şeyi xatırladır: insan əməyi, insan təfəkkürü və əl işi həmişə xüsusi dəyər daşıyacaq.

- Bir az əvvəl Yalçın Adıgözəlovla yaxşı münasibətiniz olduğunu dediniz. Başqa kimlərlə dostluq edirsiniz? 

- Mənim Azərbaycanda demək olar ki, bütün sənətkarlarla münasibətim çox yaxşıdır. Hələ indiyə qədər elə bir insan tanımıram ki, onunla danışmayım və ya incik qalım. Mən belə şeyləri sevmirəm. Bunun da səbəbkarı özüməm. Niyə? Çünki əgər hansısa sənətkarla aramızda anlaşılmazlıq yaranırsa, mən həmin məsələni yerindəcə həll etməyə çalışıram. Gedib soruşuram ki, niyə belə oldu? Məsələni danışırıq, hər iki tərəf fikrini deyir. Əgər inciklik varsa, qarşılıqlı şəkildə aradan qaldırırıq və məsələ də bağlanır. Ona görə də bu gün deyə bilərəm ki, sənət adamları ilə münasibətlərim yaxşıdır. Əlbəttə, məni sevməyən insanlar da var və mən buna normal yanaşıram. Çünki hamı üçün yaxşı olmaq mümkün deyil. Hamının səni sevməsini gözləmək də düzgün deyil. Bir insan səni sevəcək, digəri sevməyəcək. Bunun səbəbini də onlar özləri bilirlər. Biri paxıllıq edə bilər, biri inciyə bilər, biri, ümumiyyətlə, mənim üslubumu bəyənməyə bilər. Hər kəsin öz baxışı var. Mən hətta buna sevinirəm. Çünki hamı üçün ideal olmaq mümkün deyil. Əgər hamı səni bəyənirsə, deməli, burada başqa bir məsələ var.

Amma ümumilikdə sənətkarların böyük əksəriyyəti ilə dostluq münasibətim var.  Elə sizin verilişinizin qonağı olmuş Sərxan Sərxan, mənim müəllimim Fərhad Bədəlbəyli, mənim üçün ata qədər dəyərli olan Siyavuş Kərimi, Murad Adıgözəlzadə, Mənsum İbrahimov və adını çəkə bilmədiyim çox dəyərli sənətkarlarla yaxın münasibətlərim var.

- Siyasətçilərlə də münasibətləriniz yaxşıdır. 

- Bəli, xüsusilə diplomatlarımızla çox yaxın münasibətimiz var. Bilirsiniz, mən hər dəfə xarici ölkələrə gedəndə diplomatlarımızın gördüyü işi yaxından müşahidə edirəm. Onlar Azərbaycanın xaricdə layiqincə təmsil olunması üçün çox böyük zəhmət çəkirlər. Səfirlik əməkdaşları, Xarici İşlər Nazirliyinin nümayəndələri ölkəmizin təbliği naminə çox əziyyət çəkirlər. Məsələn, mənim yaxın dostlarımdan biri İsveçdə Azərbaycanın səfiri olmuş Zaur Əhmədovdur. Bir dəfə onun dəvəti ilə əvvəl Skandinaviya ölkələrində konsertlər verdik, sonra isə Stokholmda çıxış etdik.

Konsertdən sonra mənə belə dedi: “Emil, bu gün burada səfir mən yox, sənsən. Sən Azərbaycanın mədəniyyət səfirisən”. Sonra əlavə etdi ki, “Biz illərlə qurduğumuz münasibətləri sən bir saatlıq konsertinlə daha da möhkəmləndirdin. Konsertdən sonra insanların bizə münasibəti daha da istiləşdi”. 
Bu sözlər mənim üçün çox böyük dəyər daşıyırdı. Mən özümü siyasətçi hesab etmirəm. Amma hesab edirəm ki, hər bir insan öz sahəsində dövlət maraqlarını düşünməlidir. Mən siyasətlə maraqlanıram, onu izləyirəm, oxuyuram. Hesab edirəm ki, dünyada baş verən prosesləri analiz etmək lazımdır. Amma mənim siyasətim musiqidir. Mən musiqi vasitəsilə ölkəmi təmsil edə bilərəm. 

- Sosial şəbəkələrdə aktivsiniz. Lakin mən müsahibə ilə bağlı sizə yazanda özünüz cavablandırmadınız. Deyəsən, bu işə baxan komandanız var. 

- Əslində, mən sizə bir şeyi deyim. İnsanlar sosial şəbəkələrdən və müxtəlif platformalardan çox vaxt düzgün istifadə etmirlər və onların nə qədər ciddi, həssas bir alət olduğunu tam dərk etmirlər.

Mənim fikrimcə, sosial şəbəkə həqiqətən də çox böyük və ciddi bir alətdir. Ona görə də bu alətlə çox məsuliyyətli və düzgün davranmaq lazımdır.
Mənə gəlincə isə, əslində mən sosial şəbəkələrdə olmuram. Mənim adımdan edilən bütün paylaşımlar yalnız işim, yaradıcılığım və ölkəmin təbliği ilə bağlı olur.
Niyə deyirəm ki, mən sosial şəbəkələrdə olmuram? Çünki bizim öz holdingimiz, prodakşn komandamız var – Emile Afrasiyab Group Holding. Orada çalışan əməkdaşlar mənim rəsmi sosial media hesablarımı idarə edirlər.

Onlar bütün platformalarda fəaliyyət göstərirlər, səhifələri izləyirlər, monitorinq aparırlar. Lazım gəldikdə şərhlərə baxırlar, qaydalara zidd hallarla bağlı tədbirlər görürlər. Açığı, indiyə qədər ciddi bir problemlə rastlaşmamışıq.

Çünki, dediyim kimi, bu alətdən düzgün istifadə edəndə hər hansı təhlükə gözlənilmir.

Bir az əvvəl də gündəlik iş qrafikimdən danışdım. Mənim eyni anda həm sosial şəbəkələri idarə etməyə, həm yaradıcılıqla məşğul olmağa, həm də müxtəlif tədbirlərdə iştirak etməyə vaxtım çatmır.

Ona görə də bir neçə il əvvəl düşündüm ki, bu işdə mənə kömək edəcək peşəkar komanda olmalıdır. Bunun əsasında Emile Afrasiyab Group Holding (EAG Group) yaradıldı.

Hazırda həmin şirkət dövlət tədbirlərinin, müxtəlif layihələrin, konsert proqramlarının təşkili və digər təşkilati işlərlə məşğuldur. Eyni zamanda şirkətdə sosial media şöbəsi də fəaliyyət göstərir. 

-Azərbaycanda belə bir fikir formalaşıb ki, ciddi musiqi ilə məşğul olan sənətçilər bir çoxlarının bəyənmədiyi, bayağı hesab etdiyi və tanınmayan toy müğənnilərindən imkanca daha zəifdir. Bu həqiqiətən belədir? Səbəb nədir?

– Demək olmaz ki, mən razı deyiləm. Nəyə görə? Dediyim kimi, təəssüf ki, bu gün sənətə verilən qiymət o qədər də yüksək deyil. Siz toylardan danışdınız. Mən deyərdim ki, bunun günahkarı müəyyən mənada elə özümüzük. Bayaq da sizinlə söhbətdə dedim ki, keyfiyyətsiz məhsullara qarşı bacardığımız qədər öz üzərimizdə işləməli və keyfiyyətli işləri daha çox sosial şəbəkələrdə təqdim etməliyik. Yəni eyni meydanda olmalıyıq.

Əgər bayağılıq, keyfiyyətsiz məhsul bu qədər çox yayılırsa, bunun qarşısını insanları zorla klassik musiqiyə, caza və ya başqa janrlara yönəltməklə almaq olmaz. Məsələ ondadır ki, keyfiyyətsiz məhsul istehsal edənlər bunu hər gün edə bilirlər. Çünki bu, asandır. Gündə onlarla mahnı hazırlayırlar. Hətta onlara əsər də demək olmur.

Amma əsl sənətkar bir ildə iki-üç əsər yaradır və onları elə bir səviyyəyə çatdırır ki, həqiqətən dinlənilən, yadda qalan və tarixə düşən əsərlər olur.

Mən sənətçi dostlarıma da müraciət etmək istəyirəm ki, narahat olmasınlar. Öz işinizlə məşğul olun. Tarixdə onsuz da məhz keyfiyyət qalacaq.

Pul məsələsinə gəlincə isə, mən bu məsələyə bir qədər skeptik yanaşıram. Hər bir insan özünə uyğun strategiya qurur.

Bəli, bilirik ki, Azərbaycanda, eləcə də postsovet ölkələrində musiqiçilərin əsas qazanc mənbələrindən biri toylar, nişanlar, ad günləri və müxtəlif tədbirlərdir. Amma bunun da müəyyən riskləri var. Məsələn, pandemiya dövründə hamı bunun çətinliyini gördü.

Ona görə də elə bir sistem qurmaq lazımdır ki, konsert fəaliyyəti əsas qazanc mənbələrindən birinə çevrilsin. Musiqiçilər bir şirkət prinsipi ilə işləsinlər, illik proqramları olsun. Məsələn, bir sənətçi ilin müəyyən dövründə konsert versin, digəri başqa layihəsini həyata keçirsin.

Mən buna görə deyirəm ki, biz konsert mədəniyyətini və bilet alma mədəniyyətini formalaşdırmalıyıq.

Mən konsert verəndə dəfələrlə zəng edib dəvətnamə istəyirlər. Mən buna pis baxmıram. Dəvətnamə vermək pis deyil. Amma insanlar onu da düşünməlidirlər ki, sənətçi məhz bilet satışından qazanc əldə edir. Nə qədər çox bilet satılsa, bir o qədər yaxşıdır. Buna görə bilet mədəniyyəti üzərində də işləmək lazımdır.
O ki qaldı qazanc məsələsinə, hər sənətçinin öz yolu var. Mən deyə bilmərəm ki, hansısa bayağı musiqi ifaçısı məndən daha çox qazanır.
Mən ümumiyyətlə bunu müqayisə etmirəm. Çünki özümə hörmət edən insanam, sənətimin də qiymətini bilirəm. Məni dinləmək, məni görmək istəyən insanlar üçün də öz qiymətim var.

Əgər söhbət toy, ad günü və digər özəl tədbirlərdən gedirsə, bunun da qanunauyğun, rəsmi qiymətləri var. Mən özüm bu məsələlərlə məşğul olmuram. Bunu bizim holdinq həyata keçirir. Müxtəlif tədbirlər üçün ayrıca qiymət siyahısı mövcuddur.

Mən heç vaxt dövlətimə maliyyə yastığı və ya sponsor kimi baxmamışam ki, dövlət məni dəvət etsin və mən qazancımı oradan əldə edim. Mənim fəaliyyətim yalnız özəl layihələr üzərində qurulub.

Amma bütün bunlardan daha vacib hesab etdiyim məsələ odur ki, musiqiçilər konsert fəaliyyətini genişləndirsinlər və insanlarımızı konsert salonlarına cəlb etsinlər.

Axı insanlar nə vaxta qədər yalnız restoranlarda oturub yemək yeyə-yeyə musiqi dinləməlidirlər? Olar ki, bir dəfə də yeməksiz, çəngəlsiz, bıçaqsız, sadəcə konsert salonuna gəlib səssizcə sənətçini dinləsinlər?

Bax, məhz onda sənətin qiyməti artacaq, həqiqi qiymətləndirmə olacaq və qeyri-peşəkar insanlar heç vaxt əsl sənətkarlardan daha çox qazanc əldə edə bilməyəcəklər.

-Siz də toylara gedirsiz. Lakin seçilmiş toylara gedirsiz sanki. Necə seçirsiz? Şərtlər nədir?

– Təbii ki, düzgün vurğuladınız. Mən hər toya getmirəm. Toy dəvətini qəbul etməzdən əvvəl kifayət qədər məlumat toplayırıq. İlk növbədə öyrənirik ki, niyə məni görmək istəyirlər, səbəb nədir, niyə məhz mən orada iştirak etməliyəm.

Axı toy bir şənlikdir. Biz də öyrəşmişik ki, toyda rəqs musiqisi səslənsin, insanlar oynasın.

Mən burada bir məqamı vurğulamaq istəyirəm. Toy sözünü zarafatla belə açıram: təbrik etmək, oynamaq, yemək. Mənim üçün toyun mahiyyəti budur.
Amma son illərdə bu anlayış dəyişməyə başlayıb. İndi artıq bir çox toylar konsert formatına keçir. Müxtəlif dekorlar qurulur, xüsusi proqram hazırlanır.
Ona görə də mənim qeyri-adi toylarda iştirak etməyimin tək bir səbəbi yoxdur. Burada bir çox amillər rol oynayır.

Elə toylar olur ki, məni dəvət edirlər, amma müxtəlif səbəblərə görə getmək istəmirəm. Əvvəlcədən proqramı öyrənirik. Əgər orada bayağı, keyfiyyətsiz kontent varsa, istəmərəm ki, eyni səhnəni həmin məzmunla bölüşüm.

Digər məsələ isə qonorardır. Bəli, bəzən endirim də edirik. Amma qiyməti həmişə yüksək saxlamışam ki, bu, həqiqətən də əlçatmaz olsun. Niyə? Çünki hər kəs üçün əlçatan olan şeyin adətən qiyməti olmur. Mən bunu qəsdən elə qurmuşam ki, məni hər adam çağıra bilməsin. Məni dəvət edən də bilsin ki, kimi dəvət edir, mən də həmin məbləğə uyğun məsuliyyət daşıyım.

Bu məsuliyyət təkcə mənim ifam deyil. Öz musiqi tərtibatım, musiqiçi heyətim, komandam var. Bayaq dediyim kimi, holdinqimizdə 17 nəfərlik heyət çalışır. Əlbəttə, hamısı hər tədbirə gəlmir, amma komandanın müəyyən hissəsi iştirak edir. Üstəlik, öz avadanlığımızla gəlirik. Çünki əvvəlcədən bilmirəm ki, orada hansı avadanlıq olacaq. Ola bilər ki, keyfiyyətsiz və ya toy üçün nəzərdə tutulmuş ən sadə avadanlıq olsun.

Əgər mən bunu nəzərə almadan gedib ifa etsəm, sonra haqlı olaraq deyərlər ki, bu qədər qonorar aldınız, bəs keyfiyyətiniz budur? Ona görə də mən tək getmirəm. Arxamda böyük bir komanda dayanır. Məhz buna görə də fəaliyyətimizi elə qurmuşuq ki, daha çox qeyri-standart, fərqli toylarda iştirak edək.

- Bəs ola bilər ki, hansısa ailənin maddi imkanı sizin qonorarı ödəməyə çatmasın?

- Bu sualı gözləyirdim. Sizə bir misal çəkim. Vaxtilə hoteldə pianoçu işləyəndə bir əməkdaşım var idi. Onun ən böyük arzusu mənim toyunda ifa etməyim idi. İnanın ki, bütün komandamı yığıb getdik. Düzdür, maddi imkanı yox idi. Amma imkansız olmaq ayıb deyil. Maddi imkanın olmaması utandırıcı deyil. Əsas mənəvi cəhətdən kasıb olmamaqdır.

İnsanın maddi imkanı olmaya bilər, amma daxili aləmi o qədər zəngin ola bilər ki, hətta onun yanından keçən varlı insan utanar ki, mən mənəvi baxımdan bu qədər zəngin deyiləm. Ona görə də elə toylar olur ki, biz hətta məqsədli şəkildə onları axtarırıq. Həmin toy Sumqayıtda idi. Mən Bakıda yaşayırdım. O oğlandan sadəcə soruşdum ki, toy harada olacaq. Çox ehtiyatla soruşdum ki, hiss etməsin, çünki ona sürpriz etmək istəyirdim. Toya qəfil getdim və böyük məmnuniyyətlə ifa etdim.

İnanırsınız ki, bəzən elə həmin sadə imkanlarla keçirilən toyların ab-havası daha səmimi, daha şən olur. Mən də o toyda oturdum, ifa etdim, yeməyimi yedim, rəqsimi etdim. Sonda da zərfə pulumu yazıb təqdim etdim və çıxıb getdim.

- İmkandan söz düşmüşkən düşünürəm ki, sizin kimi bir sənətçi İtaliya kimi bir ölkədə yaşasaydı, yəqin ki, çox böyük mülkləri olardı. Bəs siz necə düşünürsünüz? Ümumiyyətlə, maddi imkanlarınızı necə qiymətləndirirsiz?

- Bəli, mən öz maddi durumumdan razıyam. Hətta son manatım da olsa, yenə də razı olaram. Nəyə görə? Çünki ruzini verən Allahdır. Elə bir söz də var: “Səndən hərəkət, məndən bərəkət”. Mən buna inanıram. Söhbət təkcə Azərbaycandan getmir. Dünyanın istənilən ölkəsində elə vəziyyət yarana bilər ki, sənət adamı öz peşəsi ilə dolana bilməsin. Məsələn, Almaniyada müharibə dövründə bir çox pianoçular sənətləri ilə dolana bilmirdilər, fəhlə işləyirdilər. Ona görə mən bu məsələyə təkcə musiqiçi kimi yox, ailəsini dolandıran bir kişi kimi baxıram. Mənə elə gəlir ki, hər bir kişi yalquzaqdır, haradasa döyüşərək öz evinə bir parça çörək gətirməlidir. 

Məncə, hər bir kişi ailəsi üçün mübarizə aparmalı, evinə halal ruzi gətirməlidir. Necə ki, qadın haqqında müəyyən gözləntilər var – deyirlər, incə olmalıdır, mülayim olmalıdır, ailəyə dayaq olmalıdır – kişi üçün də öz məsuliyyətləri var. O, ailəsini dolandırmalı, arxasında dayanmalı, ailəsinə güvən hissi verməlidir. Güc dedikdə də söhbət zorakılıqdan yox, məsuliyyətdən gedir.

O ki qaldı digər məsələyə, məsələn, İtaliyadakı həyat şəraitinə... Mən düşünürəm ki, insanın ehtiyacı əslində çox böyük deyil. Bu qədər böyük sərvətə sahib olmaq məcburiyyətində deyilik. Ailədə dörd nəfər də olsa, altı nəfər də olsa, insanın əsas ehtiyaclarını qarşılamaq mümkündür. Əlbəttə, Allah kiməsə böyük imkan verərsə, bu da gözəldir. Təyyarə də ala bilər, başqa imkanları da olar. Mən buna pis baxmıram. Amma bunların da öz məsuliyyəti var.

Məncə, insana normal həyat şəraiti kifayətdir. Yaradıcılıqla məşğul olan insanın rahat işləyəcəyi bir mühit, bir məkan lazımdır. Vaxtında işinə çatmaq üçün bir avtomobil də kifayətdir. Mən hər zaman həyata pozitiv baxmağa çalışıram. İnsan qarşısına məqsəd qoymalıdır. Axı bu gün mənə hər şeyi hazır versələr, onda mən nə üçün çalışım? Nəyə görə yaşayım?

- Amma bu gün çox istedadlı sənətçilər var ki, onlar bu gün hansısa bağçada, musiqi məktəbində çalışır, parlaya bilmir. Bax bir sənətçinin parlaması üçün lazım olan təkan nədir? Emil Əfrasiyab olmaq üçün nə lazımdır?

- Çox yaxşı sualdır. Biznes marketinq deyilən bir anlayış var. Ölkələrin necə üstün cəhətləri varsa, müəyyən çatışmazlıqları da olur. Mən təkcə Azərbaycandan danışmıram. Elə sahələr var ki, bizdə daha yaxşıdır, elələri də var ki, inkişaf etdirməyə ehtiyac var. Musiqi marketinqinə gəlincə isə, mən tanınmayan sənətçiləri günahlandıra bilmərəm. Çünki musiqiçi musiqi ilə məşğul olmalıdır. Bunun üçün prodüserlik anlayışı var.

Təəssüf ki, bizdə bəzən çanta daşıyanı, su gətirəni prodüser adlandırırlar. Halbuki prodüser tamamilə başqa funksiyanı yerinə yetirməlidir. Mən istərdim ki, peşəkar prodüserlik məktəbi formalaşsın. Hətta bunun üçün ayrıca bir qurum və ya şöbə yaradılsın. Orada araşdırma ilə məşğul olan insanlar çalışsınlar. Bu araşdırmalar yalnız musiqi ilə bağlı olmamalıdır. Ədəbiyyat, rəssamlıq, rəqs, ümumiyyətlə, bütün mədəniyyət sahələri izlənilməlidir.

Həmin şöbədə elə insanlar işləməlidirlər ki, şairlərimizi, rəssamlarımızı, bəstəkarlarımızı, alət və vokal ifaçılarımızı izləsinlər, dünyada keçirilən müsabiqələri, festivalları və digər layihələri araşdırsınlar.
Eyni zamanda tanınmayan, amma istedadlı sənətçiləri düzgün istiqamətləndirsinlər.

Məsələn, mən haradan bilim ki, hansısa musiqi məktəbində Skryabin üslubunda çox gözəl yazan və ya ifa edən bir bəstəkar var? O insan özü oturub internetdə Skryabin müsabiqəsi axtarmamalıdır.
Bunu məhz peşəkar prodüserlik və marketinq sistemi etməlidir. Araşdırmalıdır, bazasını formalaşdırmalıdır, ölkədə hansı istiqamətdə hansı sənətkarların olduğunu bilməlidir. Sonra müəyyən etməlidir ki, filan məktəbdə çox istedadlı, amma tanınmayan bir müəllim var. Onu Skryabin müsabiqəsinə göndərək, çünki həmin üslubu çox yaxşı bilir. O da gedib birinci yer qazanacaq. Bax tanınmaq əslində belə başlayır.

- Bu gün nə dinləyirsiniz?

- Desəm ki, Raxmaninovun ikinci konsertinin üçüncü hissəsini...

- Bəs qulaq asa bilmədiyiniz musiqilər hansılardır? Kimləri dinləyə bilmirsiniz? Hansı musiqi səslənəndə, yaxud musiqiçi ifa edəndə kanalı dəyişirsiniz?

- Mən, ümumiyyətlə, televiziyaya çox nadir hallarda baxıram, vaxtım olmur. Amma bayağı musiqi eşidən kimi dərhal uzaqlaşıram. Burada bir şeyi də qeyd etmək istəyirəm. Əksər insanlar “musiqi” sözünü çoxluq formada – “musiqilər” kimi işlədirlər. Amma bu düzgün deyil. Musiqi sözü çoxluq qəbul etmir. Necə ki, “insan” sözünün cəmi “insanlar”dır, amma “musiqi” tək bir anlayışdır. Bunu eşidəndə bir az narahat oluram.

Ona görə də mənim üçün əsas olan keyfiyyətli musiqidir. Radioya da çox nadir hallarda qulaq asıram. Amma yaxşı musiqi eşidəndə həmin dalğada qalıram, hiss edirəm. Amma bayağılıq olan kimi dərhal oradan uzaqlaşıram, kanalı dəyişirəm.

- Geriyə dönmək imkanınız olsaydı, həyatınızda dəyişmək istədiyiniz bir şey olardımı?

- Nəyi dəyişərdim?.. Mən real həyat yaşayıram və deyərdim ki, geriyə dönmək imkanı yoxdur. Bu günə qədər gəldiyim yolda etdiyim səhvlərə də, doğru addımlara da görə Allaha şükür edirəm. Çünki əgər səhvlər olmasaydı, düzgün nəticələr də olmazdı. Mən heç nəyi dəyişməzdim. Yəqin ki, yenə eyni yolu keçərdim.

Lamiyə Məmmədova 

Foto-Video: Xəyal Vəlizadə 





Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol