“1 manatlıq” taksilərin sayı azala bilər - Yeni qayda

10:44 - 12 Oktyabr 2023 - CƏMİYYƏT

 “1 manatlıq” taksilərin sayı azala bilər - Yeni qayda

Bu günlərdə Bakı-Sumqayıt yoluna çəkilən avtobus zolağı geniş müzakirələrə səbəb olub.

BUTA.TV” xəbər verir ki, vətəndaşların bir hissəsi avtobus zolağının sıxlığın azaldılması, ictimai nəqliyyatın təşviqi baxımından əhəmiyyətli olduğunu bildirsə də, şəxsi minik avtomobilindən istifadə edənlər zolağın tıxac problemini daha da artırdığını deyir.

Bəs Bakı-Sumqayıt yolunda hər iki istiqamətə (Xırdalan dairəsinədək və geriyə) çəkilən avtobus zolağı nəqliyyat axınına necə təsir edəcək? Yaxın və uzaq perspektivdə avtobus zolaqları nəqliyyat infrastrukturunda hansı dəyişikliklərə səbəb olacaq?

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev saytımıza bildirib ki, avtobus zolaqları müasir zamanın tələbidir və onların çəkilməsi müsbət addımdır. O, avtobus zolağına daxil olan qeyri-nəqliyyat vasitələrinə qarşı sərt tədbirlərin görülməli olduğunu düşünür: “Bu zolağa girmənin cəzası 40 manat deyil, daha artıq olmalıdır. İlkin olaraq Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksinədək avtobus zolağı 20 Yanvar metrosunadək uzadılsa, daha effektiv olacaq. Bu, insanların ictimai nəqliyyata köklənməsinə daha da kömək edəcək. İllərdir ki, həmin yol genişləndirilirdi. Lakin yolun genişləndirilməsi həmin yolda tıxacın azalmasına səbəb olmadı”.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Ekspert vurğulayıb ki, paytaxtın mərkəzindəki nəqliyyat sıxlığını önləmək məqsədilə şəhərin ətrafında “park et, get” məntəqələri qurulmalıdır: “Tıxacın həllinin ilkin mərhələsi ictimai nəqliyyatın üstünlüyüdür. Bununla yanaşı, məsələn, avtovağzal yaxınlığında “park et və get” ərazisi təşkil olunmalıdır. Nəzərə almalıyıq ki, avtovağzal həm də qovşaqdır. Buradan həm şəhərdaxili, həm də rayonlara gedən avtobuslar işləyir ki, bunun da əlaqələndirilməsi vacibdir. Biləcəri dəmiryol stansiyasını da əlaqələndirmək olar. Belə ki, Biləcəri dairəsi ilə metronun “Avtovağzal” stansiyası arasında piyada hərəkətində ciddi problemlər var. Ümumiyyətlə, bu məsələlər kompleks həll olunmalıdır”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakı-Sumqayıt yolundan hər gün 37 müntəzəm marşrut xətti istifadə edir və daşınan sərnişin sayı 140 min nəfərə yaxındır. Beləliklə, yeni zolaq bu sayda insanın nəqliyyat şəraitinin yaxşılaşmasına xidmət edəcək. Lakin şəxsi minik avtomobillərindən, geniş şəbəkələşən “1 manatlıq” taksi xidmətindən istifadə edənlər isə avtobus zolağı hesabına yolun darlaşmasından narazıdır. Yeni zolaq Bakı yaxınlığındakı ən böyük yaşayış məntəqəsi olan Xırdalan şəhərinin yollarındakı tıxac məsələsini daha da dərinləşdirib. Belə ki, şəhərdən çıxış nöqtəsi olan Xırdalan dairəsindən başlayan avtobus zolağı burada böyük tıxacların yaranmasına səbəb olub. Lakin oktyabrın 11-də Xırdalan dairəsinə çıxışdakı avtobus zolağının bir neçə yüz metr qarşıya kimi (Avtovağzal istiqamətində) silinməsi bu məsələnin nisbətən həll edilməsi görüntüsünü yaradıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, tənzimləyicinin göstərişi olmadan avtobus zolağına daxil olan sürücülər yol hərəkəti qaydalarını pozmuş olurlar. Qaydaları pozan sürücüləri İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinə əsasən 40 manat cərimə gözləyir. Lakin bununla belə paytaxtın bir sıra yollarına, eləcə də Bakı-Sumqayıt yoluna çəkilmiş avtobus zolaqlarına minik avtomobillərinin kütləvi şəkildə daxil olması müşahidə edilir.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, minik avtomobillərinin avtobus zolağına rahatlıqla daxil olması bəzi istiqamətlərdə kamera nəzarətinin olmaması ilə bağlıdır: “Bakı-Sumqayıt yolunda avtobus zolağının çəkilməsi bu yolda sıxlığa səbəb olmayacaq. Əlbəttə ki, yolda hərəkət düzgün təşkil olunarsa, sıxlıq yaranmaz. Bununla yanaşı, Bakı-Sumqayıt istiqaməti üzrə sərnişin avtobuslarının sayı çox azdır. Bakıdan Sumqayıta və əks istiqamətə birbaşa sərnişin daşıyan avtobuslar yoxdur. Yeni zolaqda söhbət əsasən Xırdalan, Masazır istiqamətində sərnişin daşıyan avtobusların hərəkətindən gedir.

Nəzərə almaq lazımdır ki, Xırdalanda yüz minlərlə insan yaşayır. Şəhərin mərkəzində evləri sökülən sakinlərin çoxu Xırdalan və Masazıra köçürlər. Bu istiqamətdə əhali sayı kəskin artıb. İctimai nəqliyyat normal hərəkət etmədiyindən insanlar şəxsi avtomobillərə və "1 manatlıq taksi"lərə üstünlük verirlər. Bu da Bakı-Sumqayıt yolunda sıxlığa səbəb olur. Bu baxımdan sözügedən istiqamətdə avtobus zolaqlarının yaranması ictimai nəqliyyatın fasiləsiz hərəkətinə imkan yaradacaq. Vətəndaşların şəxsi avtomobil və 1 manatlıq taksilərdən asılılığı azalacaq".

Bakı və Xırdalan arasında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” şirkətində isə hesab edirlər ki, paytaxtda və ətraf ərazilərdə avtobus zolaqlarının şəbəkəsi daha da artırılmalıdır. Şirkətin istismar şöbəsinin rəisi Afis Mikayılov bildirib ki, avtobus zolaqlarına ciddi nəzarətin tətbiq edilməsinə və bu zolaqların digər yollarla əlaqələndirilməsinə ciddi ehtiyac var: “Bakı-Sumqayıt yoluna çəkilmiş avtobus zolağının fəaliyyətimizə müsbət təsir edəcəyinə, avtobusların intervalının azalmasında rol oynayacağına ümid edirik. Hazırda bununla bağlı tərəfimizdən monitorinqlər aparılır. Bir çox hallarda minik avtomobillərinin zolağa daxil olması avtobusların hərəkətinə mane olur. Düşünürük ki, bütün hərəkət iştirakçıları öz məsuliyyətini anlasa, nəqliyyatdakı stress də azalar. Bir avtobus yüzlərlə minik avtomobilini əvəz edir. Nəticədə həm sıxlıq aradan qalxır, həm ekologiya çox çirklənmir, həm də insanlar daha az ödənişlə vaxtında mənzil başına çatırlar”.

Qeyd edək ki, son illərdə, xüsusilə pandemiya dövründə ictimai nəqliyyatın, metronun fəaliyyətini dayandırması ölkədə taksilərin sayının kəskin artmasına, insanların kütləvi şəkildə fərdi nəqliyyat vasitəsi olan minik avtomobillərinə yönəlməsinə səbəb olub. Statistika göstərir ki, son 3 ildə Bakıdakı avtomobillərin sayı 30 faizədək artıb. Bu isə paytaxtda nəqliyyat böhranının yaranmasına gətirib çıxarmaqdadır. Məsələnin ciddiyyətini nəzərə alaraq 2022-ci ildən etibarən bir sıra sərt tədbirlərin görülməsinə başlanılıb. Bunlardan biri olaraq paytaxt ərazisinə gündüz saatlarında 8 tondan artıq çəkisi olan yük avtomobillərinin buraxılmamasını göstərmək olar. Həmçinin Bakıda küçə və prospektlərdə mərkəzi parklanma sisteminin istifadəyə verilməsi və parkinq tariflərinin tətbiq edilməsi şəhərdə sıxlığın azalmasına xidmət göstərən addım kimi dəyərləndirilir.

 




Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol