Ermənistanda vətəndaş itaətsizliyinə çağıran, Nikol Paşinyan hökumətindən istefa tələb edən keşiş Baqrat Qalstanyanla (Srbazan) bağlı maraqlı məlumat yayılıb. Bəzi erməni mənbələri və sosial şəbəkələrdə yayılan məlumatlara görə, ikili vətəndaşlığı olan Erməni Apostol Kilsəsinin nümayəndəsi Baqrat Qalstanyan hazırda Bakıda həbsdə saxlanılan milyarder Ruben Vardanyana yaxın adam hesab olunur. Hətta etirazçı keşişi oliqarx Ruben Vardanyanın “səlahiyyətli nümayəndəsi” adlandıranlar da var. (Modern.az)
Qeyd edilir ki, vaxtilə Rusiyada təlimatlandırılaraq Qarabağa göndərilən, Xankəndidə separatçılara “dövlət naziri” təyin olunan Ruben Vardanyan daha sonra İrəvana yüksək posta transfer olunacağı anı gözləyirdi. Lakin Vardanyanın planlarını pozan Nikol Paşinyan buna imkan vermədi.
Hazırda Ruben Vardanyan həbsdə olmasına baxmayaraq, Baqrat Qalstanyan vasitəsilə Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq istəyir. Bu məsələdə erməni diasporu və bir sıra erməni iş adamlarının keşiş Qalstanyana dəstək verdiyi bildirilir. Təbii ki, Rusiya da baş verənlərə seyrçi qalmır və etirazçıları dəstəkləyir.
Yada salaq ki, Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib. Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib. Bu yaxınlarda cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbayel Rayon Məhkəməsində baxılıb və Vardanyan barəsində həbs-qətimkan müddəti daha 5 ay uzadılıb.
Bakıda həbsdə saxlanan Vardanyanın keşişə dəstək verməsi mümkünmü və mümkündürsə, hansı vasitələrlə edə bilər? Milyarderin pulları Ermənistanda hakimiyyət dəyişikliyi etmək gücündədir?
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, keşiş Baqrat Qalstanyana erməni iş adamlarının kömək etdiyi şübhə doğurmur. Eyni zamanda Rusiya da onun arxasında dayanıb: “Rusiya hamıdan çox istəyir ki, Paşinyan hakimiyyətdən uzaqlaşdırılsın. Bu qədər maliyyə vəsaiti olmasa, dılğır bir keşişin az qala hər gün müəyyən sayda insanları etiraz aksiyalarına, küçəyə çıxarması asan deyil. Deməli, bu prosesə kənardan dəstək var. Burada Ruben Vardanyanın rol oynadığı da şübhə doğurmur. Vardanyan özü Bakıda təcridxanada olsa da təbii ki, onun Rusiyada böyük miqdarda vəsaitləri, bu vəsaitləri idarə edən ailəsi, adamları var. Həmin vəsaitlər üzərində sərəncam vermək imkanı Ruben Vardanyanın həyat yoldaşındadır. Vardanyana məxsus pullardan şübhəsiz ki, Nikol Paşinyana qarşı proses üçün də istifadə edilir. Bu, Nikol Paşinyanı yıxmaq üçün kifayət edərmi? Güman ki, kifayət etməyəcək. Çünki Nikol Paşinyan hərəkatın qarşısını zorakılıqla alacaq, Ruben Vardanyanın planları pozulacaq, Baqrat həbs olunacaq. Baqrat Qalstanyan özünü artıq tamamilə həyasız aparır, avantürist keşişdir. Çox güman ki, onun bu avantürist fəaliyyəti yaxın günlərdə tamamlanacaq. Əks halda, proses uzansa, Nikol Paşinyan ciddi problemlərlə üzləşə bilər. Bu cür başıpozuqluğu artıq bundan sonra uzatmaq olmaz. Nikol Paşinyan bunun qarşısını qətiyyətlə tezliklə almalıdır. Paşinyanın başqa yolu yoxdur. İlk növbədə Baqrat həbs olunmalıdır. Yəqin ki, yaxın günlərdə biz bunun şahidi olacağıq”.
Əli Orucov
Siyasi şərhçi Əli Orucov isə bildirdi ki, keşiş Baqrat revanşistlərin və Ermənistan-Azərbaycan arasında normallaşmanı pozmaq istəyən xarici güclərin uğursuz layihəsidir. Apostol kilsəsinin erməni ideologiyasının təbliğində önəmli rol almasına baxmayaraq, hazırkı dönəmdə onun normallaşma prosesini poza biləcəyi ehtimalı yox səviyyəsindədir: “Onların indiki baş nazir Paşinyanı devirə biləcəyi də mümkün deyil. Paşinyan hakimiyyəti zəifdir, ardıcıl və sistemli xarici siyasət yürütmür, Rusiya ilə Qərb arasında vurnuxmaqdadır, ancaq Baqrat Qalstanyan erməni cəmiyyəti üçün cəlbedici və ümidverici fiqur deyil. Separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyanın Kremlin layihəsi olması şübhə doğurmurdu. Ancaq rəsmi Bakının həm separatçılara, həm də Moskvaya davamlı təzyiqləri Ruben Vardanyan üzərindən qurulan layihəni pozdu. Milyardları, xarici havadarları onun Azərbaycanda həbs edilməsinə və istintaq orqanına təhvil verilməsinə mane ola bilmədi. Bu gün Ruben Vardanyanın özü bütün imkan və kanallarını işə salıb ki, Azərbaycanda ona qurulacaq ədalət məhkəməsindən xilas ola bilsin. Ona görə də Vardanyanın keşiş Qalstanyana dəstək verərək hakimiyyət dəyişikliyi edə biləcəyi ehtimal olunmur. Həm Baqrat, həm də Vardanyanın indiki məqamda bir-birilərindən maksimum istifadə etməyə çalışmaları mümkündür, lakin birgə qarşılarına qoyulan məqsədlərə çatmaq şanslarını görmürəm. Eyni zamanda onların maraq dairələri də fərqlidir. Tavuş arxiyepiskopu özünü artıq baş nazir kimi hiss edir, Ruben Vardanyan da həmin posta iddialıdır. Rusiya hər iki şəxsi ayrı-ayrılıqda istifadə edir. Vardanyanın milyardlarından və biznes şəbəkəsindən, Qalstanyanın isə kilsə əlaqələrindən, ermənilərin üzərindəki ənənəvi kilsə təsirindən yararlanmaqla Paşinyanın əl-qolunu bağlamaq niyyəti güdür".
Ə.Orucov qeyd etdi ki, Paşinyan arxiyepiskopun şıltaqlığına, təhrikinə maksimum dərəcədə tolerantlıq nümayiş etdirir. Amma bu sonsuzadək davam etməyəcək: “Moskva Ermənistanda xaosun, qarşıdurmanın olmasında maraqlı deyil. Sadəcə, prosesləri nəzarətdə saxlamaq onun üçün daha uyğundur. Baqrat Qalstanyandan da "xortdan" obrazı yaratmaqla Paşinyanı tərəddüdə saxlayır. Odur ki, erməni baş nazirinin də, Ermənistanın da xilası Azərbaycanla normallaşma sürəcinin tezliklə başa vurulmasından asılıdır".
- Keçici hökumət dəvət etdi, Ərdoğan onu Dəməşqə göndərdi
- Paşinyan Berse ilə danışdı: Bakı ilə sülh...
- Dugin əsassız açıqlama verdi, səhvini başa düşdü - Topçu
- Messinin Bakı ilə bağlı paylaşım etməməsinin səbəbi... - Foto
- Ərdoğanın müşaviri Bakıdan hədələdi
- İran mühafizəkarları Bakıya yenə dil uzatdı
- İrəvanda vacib görüş: Hacıyev də qatıldı, sədrlik Bakıya keçdi - Foto
- Messi Azərbaycandan nə qədər pul aparıb? - Şok məbləğ