Milyonçular sürətlə bu ölkələri tərk edir

13:48 - 8 İyul 2024 - DÜNYA

 Milyonçular sürətlə bu ölkələri tərk edir

Varlı insanlar bizneslərinə təhlükə yaratmayan, imkanlarını daha da artıran ölkələri seçir və orada məskunlaşırlar. SSRİ dağıldıqdan sonra Rusiyada oliqarxların sayı sürətlə artdı, onlardan bəziləri ölkədə qalaraq varidatlarını artırdılar, digərləri isə Avropa ölkələrində məskunlaşaraq bizneslərini həmin ölkələrdən idarə etməyə başladılar. İndi isə bunu etmək çətindir.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O bildirib ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Kreml oliqarxları nəzarətdə saxlamağa çalışır:

“Daha əvvəl gedənlər Rusiyaya qayıtmağa risk etmirlər. Kremlə yaxın oliqarxlar istisnadır. Rusiyalı oliqarx Roman Abramoviç bir ara Londonda məskunlaşmışdı. Biznesini İngiltərə paytaxtından idarə edirdi. Ancaq Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra ingilislər ondan seçim etməyi tələb etdilər, o, ya Rusiyanın Ukraynaya qarşı işğalını pisləyərək, Böyük Britaniyada yaşamağa və işləməyə davam etməli, ya da dostu - Rusiya Prezidenti Vladimir Putinin siyasətinə səssiz qalmaqla Böyük Britaniya ərazisini tərk etməli idi. Roman Abramoviç ikincini seçdi, klubunu satdı, məkanını dəyişdi. Ancaq o Rusiyaya qayıtmadı, başqa xarici ölkələrdən birini seçdi”.

Bu xəbər hal-hazırda çox oxunur
Fransadan Netanyahunun həbs qərarına – Şok cavab

O bildirib ki, Çini tərk edən varlı biznesmenlərin də sayı artıb:

“Son hesabata görə, 2024-cü ildə rekord sayda milyonçunun Çini tərk edəcəyi gözlənilir. Bu da Asiyanın ən böyük iqtisadiyyatına təsir edə bilər. Çin bu il ərzində minlərlə milyonçunu itirmək üzrədir. “Henley Private Wealth Migration Report 2024” hesabatına görə, daha yaxşı həyat axtaran varlı çinlilər üçün ənənəvi istiqamətlər ABŞ, Kanada və Sinqapurdur. Ancaq son illər varlı çinlilər Yaponiyanı da nəzərdən keçirirlər. Köçün səbəblərindən biri Çində daşınmaz əmlak bazarının üzləşdiyi böhrandır. Hesabata görə, Çin yenidən qlobal miqyasda ən böyük milyonçu itirən ölkə olmaq yolundadır”.

Politoloq bildirib ki, bu il dünyada 128 minə yaxın milyonçunun köçü gözlənilir:

“2023-cü ildə bu rəqəm 120 min idi. Milyonçuları cəlb edən əsas ölkələrdən biri Birləşmiş Ərəb Əmirlikləridir. Bu ölkə ABŞ-dan təxminən iki dəfə çox milyonçu cəlb etməyi bacarıb”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol