Azərbaycana hər yerdən hücum edilir: 4-cü qətlin dəhşəti...

14:40 - 8 İyul 2024 - CƏMİYYƏT

 Azərbaycana hər yerdən hücum edilir: 4-cü qətlin dəhşəti...

6 iyulda daha bir polis Mehman Məmmədov adlı şəxsin qurbanına çevrildi, Azərbaycanın 12 gündə 4-cü polisi qətlə yetirildi.

Mehman Məmmədov – cəmi 41 yaşı olan bu şəxs SƏKKİZ DƏFƏ məhkum olunub, 8 dəfə türmə həyatı yaşayıb. 24 iyunda evində 3 polisi qətlə yetirən Allahverdiyev isə bir neçə dəfə istintaqa cəlb edilən, saxlanılan, sonra da buraxılan və istintaqdan yayındığı üçün 3-cü dəfə axtarışa verilən şəxs idi.

Bu ölkədə nələrin dəyişdiyi, hansı əxlaqın, daha doğrusu, əxlaqsızlığın “idxal” edildiyi aydınlaşmalıdır.

Polislər qətlə yetirilir – xaricdə məskunlaşan bəziləri guya o polislərin ananı döydüyü üçün Allahverdiyevin qəzəbləndiyi və polisi qətlə yetirdiyi haqda iddianı həqiqətmiş kimi cəmiyyətə yeritməyə çalışır.

Küçənin ortasında 8 dəfə məhkum olunmuş şəxs qətl törədir, polis öldürür - yenə xaricdəkilər fəallaşır, polisin onu saxlayarkən “var-yox söyüşü” söyməsi səbəbindən cinayətin baş verdiyini “əsaslandırmağa” çalışırlar.

Ən pisi odur ki, ölkə daxilində bu hədyanlara inananlar tapılır, bu təhlükəli, dəyərlərimizi sarsıdan təbliğata uyanlar olur.

Kimsə düşünmür ki, yaxşı, bu polis sübh tezdən həbs etmək üçün getdiyi evdə ananı niyə döyüb təhqir etməlidir? Sizin məntiqiniz varmı?

Kimsə sual etmir ki, Allahverdiyev belə sakit, üzüyola adamdırsa, qanunla yaşayırsa, niyə dələduzluq edirdi və bu cəhənnəm, niyə evində qanunsuz silah saxlayırdı? Hələ taylülə və qoşalülə də yox, beşaçılan!

Kimsə soruşmur ki, yaxşı, tutaq ki, polis Mehman Məmmədovu saxlayarkən təhqir edib – bəs, “bıçağa əl atmağa məcbur olan” kimi malalamağa çalışdığınız şəxsin üzərində bıçaq nə gəzir? Şəhərin mərkəzində adam bıçaqla niyə gəzməlidir?

Birdəfəlik qanın: Azərbaycana böyük mənada, bütün istiqamətlərdən, hər tərəfdən görünməmiş hücum var!

AP-nin bir əxlaqsız deputatı çıxıb deyir ki, TDT-nin sammiti necə “Qarabağın şəhərində” (“Dağlıq Qarabağın” deyir) keçirilə bilər?

Şuşa Azərbaycan şəhəridir, Qarabağ iqtisadi zonasında yerləşən şəhər ola bilər, ancaq “Qarabağın şəhəri” deyil! Bu həqiqəti bu siyasi əxlaqsızlar bilmirlərmi?

AB baş diplomatı da Şuşa sammitinə dil uzadır, heç bir məntiqə sığmadan “pisləmək” bəhanəsi tapır!

Siyasi təzyiqlərə cəhd edirlər, AB-dən, Qərbdən, Şərqdən – kim hardan bacarırsa, Azərbaycana hücum edir.

Amma bu, təkcə siyasi-iqtisadi müstəvidə deyil ki!

Azərbaycanın dəyərlərinə, cəmiyyətin əxlaqına da hücum edilir!

Min ildir deyirik, efirlərdən eybəcər verilişləri, xalqın fundamental dəyərlərini sarsıdan şouları, evlənmə-boşanma rüsvayçılıqlarını yığışdırın – xeyri yoxdur: vaxtı azaldılır, ancaq yenə minbir bəhanə ilə efirdə saxlanılır!

Min ildir deyirik, efirdən bayağı musiqini yığışdırın – xeyri yoxdur, bu lənəti davam etdirirlər.

Siz hələ bilmirsiniz bayağı musiqinin insan əxlaqına təsirini!

80-ci illərdə Fransada bir təcrübə tətbiq olunmuşdu: əcnəbi, qeyri-milli və Fransa milli musiqisinin hərəsinin önünə bir yumurta qoyulmuş, o musiqinin sədaları altında bir ay saxlanılmışdı. Bir aydan sonra bəlli olmuşdu ki, əcnəbi, milli olmayan musiqinin önündəki yumurtada sürətli çürümə və gen dəyişikliyi gedir, milli musiqinin önündəki yumurta isə 1 ay boyunca sap-sağlam qalıb.

İndi anladınızmı ki, xalqa bayağı, dal tərpədən, sinəcıran musiqiləri dinlətmək onun əxlaqını, yaddaşını, milli kimliyini nə günə qoyur?

Min ildir yazırıq ki, bu xalqın dəyərlərinə zidd olan heç nəyi təbliğ etməyin – kimə deyirsən, efirlər doludur bu yaramazlıqlarla!

Gen dəyişir, düşüncə məhv olur, bizi qatilə çevirirlər, özlərinə oxşadırlar – necə ki, ABŞ-da polisə atış açılır, Avropada polis qətlə yetirilir.

Bu millət uzun illərdir İrandan idxal edilən radikalların təsiri altındadır;

Bu millət illərdir narkotikin gəncləri, ahılları, qızları, oğlanları məhv edən hücumuna məruz qalır.

Dəhşətlidir, dözülməzdir, inanılmaz qətllər baş verir: gənc atasının başını kəsir, bir digəri küçədə yaşlı kişini təpiyinin altına salıb döyür...

Bu nə deməkdir axı? Nə baş verir bu ölkədə? Hanı bunun hüquqi, sosioloji, kriminal, mənəvi, psixoloji, fundamental təhlilləri?

Kompleks tədbirlər görülməlidir: efirlərdə, sosial şəbəkələrdə xalqın əxlaqını dağıdan “mədəniyyət”dən tutmuş narkotikə qədər, hər şeyə qarşı güclü milli immunitet ortaya qoyulmalıdır!

Məhkəmə sistemi sağlamlaşdırılmalıdır – polis tutacaq, siz buracaqsınız və buraxdığınız narkoman, dələduz, yaramaz sonra polisin qatilinə çevriləcək? Məhkəmə ədalətlə, düşüncə ilə idarə olunmalıdır, hakim qanunla qərar verməlidir – pulla, rüşvətlə, tapşırıqla yox!

Xaricdən dəyərlərimizə hücum edib, heç bir dəlil-sübut olmadan, guya polisin “günahı üzündən” qətl edildiklərini deyən və bunu şüurlara yeridənlərə qarşı tədbir görülməlidir: sosial şəbəkədəki profillərini şikayət edin, qanuni tədbirlər görün – əlinizdən gələni beş qaba çəkin, təki bu əxlaqsızlığı durdurun! Yəni doğrudanmı anlamırsınız ki, bu yaramazlara “boş verin” deməklə onların hər gün nə qədər beyinləri yumasına şərait yaradırsınız?

Yoxsa qaçıb Almaniyaya, Fransaya, Britaniyaya sığınıb, ordan bu ölkənin ən ləyaqətli insanlarına əxlaqsız şəkildə söyüşlər yağdıranlar onların erməni kökənli olduqlarını sübut edən faktı təqdim etdiyi üçün Bakının göbəyindəki məhkəmədə ölkənin ən nüfuzlu saytını “uda” bilirlərsə, biz nəyin davasını aparırıq?

Qadağan edin Tiktoku, bu platformanın nələrimizi məhv etdiyini görmürsünüzmü? Nə vaxta qədər gey, lezbiyan, petux, narkomanların meydanlarının genişlənməsinə seyrçi qalacaqsınız?

Bu ölkəyə hücum hər yerdəndir, illərdir deyirik: budur, bu da nəticəsi – artıq polisimizi öldürürlər, küçənin ortasında polisə hücum edirlər.

Sabah da polis ehtiyatlı tərpənəcək, əlində sendviç tutan sürücünü qaranlıqda təhlükə kimi görəcək və təpəsinə gülləni qoyacaq? Olacağıq Amerika cəmiyyəti?

Onların arzusu da budur ki, polis də adekvat davransın, artıq şübhəliyə yaxınlaşanda silahı beyninə dayayıb, yerə yıxıb, başına çıxıb, nəfəsini kəssin!

Amerikada gördüyümüz mənzərədir – çünki onların əxlaqı odur, polis ehtiyat tədbiri görür!

Bizdə polisin ən qatı residivistin qoluna girib, onu sakitcə maşına oturdub, aparmasını anlaya bilmirdilər.

Bax, bu əxlaqımıza hücum edildi; bu davranışımız dağıdılır!

Heç kim seyrçi qala bilməz! Heç kim yaxasını kənara çəkməməlidir! Günü bu gün hərəkətə keçməsəniz, sabah daha dəhşətli “əxlaqsızlıq idxalını” görəcəyik!


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol